Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) daha bir layihəsi reallaşıb...

AİJA-nın Prezidenti Eldar İsmayılov "Təzadlar"a açıqlamasında bildirdi ki, Azərbaycan Minifutbol Federasiyasının (AMF), “Azfar Group”un, Beynəlxalq Futvole Federasiyasının dəstəyi ilə idman jurnalistlərindən ibarət millimizlə "Qalatasaray" əfsanələrinin İstanbulda,  Florya Metin Oktay təsislərində türk dünyasının lideri Heydər Əliyevin 100 illiyi şərəfinə qardaşlıq görüşünü keçirilib. Matç klubun UEFA kubokunu qazandığı gündən düz 23 il sonra baş tutub. "...Qarşılaşmadan əvvəl "Qalatasaray"ın ünlü başkanı Dursun Özbək və mən AİJA prezidenti kimi, eləcə də Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Nərminə Mustafayeva türk dünyasının lideri Heydər Əliyevin Azərbaycan - Türkiyə qardaşlığının möhkəmlənməsindəki xidmətlərindən danışaraq bu münasibətlərin əbədi və sarsılmaz olduğunu vurğuladıq... ".

Sonra AİJA prezidenti Eldar İsmayılov, "Qalatasaray" prezidenti Dursun Özbək, klubun idarə heyətinin üzvü Emin İmanov, baş məşqçisi Okan Buruka, AMF prezidenti Taleh Nəsibov, “Azərbaycan” qəzetinin əməkdaşı, “CBC Sport” TV-nin futbol şərhçisi Elçin Cəfərov, AİJA-nın vitse prezidenti, “Sports.az” saytının rəhbəri Anar Şabanoğlu xatirə hədiyyələrini bölüşüblər. "Qalatasaray" əfsanələri ilə Azərbaycan idman jurnalistlərinindən ibarət milli komanda üz-üzə gəlib.  Komandalar meydana üzərinə Ulu Öndərin dillər əzbəri  "Bir millət, iki dövlət" kəlamı həkk olunmuş bannerlə çıxıb. Qardaşlıq matçı “Qalatasaray”ın prezidenti Dursun Özbək və Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Nərminə Mustafayevanın topa rəmzi zərbələri ilə başlayıb.  Qardaşlıq görüşü 3:3 hesabı ilə sona çatıb. 

Komandamızın qollarına iki dəfə fərqlənən “Qarabağ” Futbol Klubunun mətbuat katibi Gündüz Abbaszadə və “Sportal.az” saytının rəhbəri Emin Abbasov imza atıblar.

"Qalatasaray" əfsanələrinin heyətində İlyas Kahraman 2, Evren Turhan 1 qolla  fərqləniblər. Oyundan sonra "Qalatasaray" İdman Klubu ziyafət təşkil edib.

AİJA-nın 17 nəfərdən ibarət futbol nümayəndə heyəti İstanbulun Bosfor sahilindəki axar-baxarlı məskənlərindən birində salınmış Heydər Əliyev parkında ucalan Ulu Öndərin əzəmətli abidəsi önünə tər güllər düzərək rəhbərimizin əziz xatirəsini qürur hissi ilə yad ediblər.

aija-1

Beynəlxalq səviyyəli bu əzəmətli görüş AİJA-nın idman jurnalistlərinin iştirakı ilə gerçəkləşdirdiyi ilk uğurlu layihə deyil. Təşkilat öz milli yığması 2010 vğ 2022-ci illərdə  “Neftçi” veteranları ilə üz-üzə gəlib, 2014-cü il iyulun 3-dən 8-dək Kişinyov şəhərinin yaxınlığında, Dnestr çayı vadisində milli futbol yığmasının yaşıllıqlarla əhatə olunmuş  təlim məşq bazasında Moldova İdman Jurnalistləri Assosiasiyasının ölkənin Gənclər və İdman Nazirliyi və milli futbol federasiyasının dəstəyi ilə həyata keçirdiyi, Avropanın 8 ölkəsinin – Almaniya, Azərbaycan, Rusiya, Ukrayna, Rumıniya, Polşa, Litva və Moldova jurnalistlərindən ibarət milli yığmaların qatıldığı Beynıəlxalq Media Kubokunun gümüş mükafatçısı olub.

Ümummilli liderimiz Heydər Əliyevin 100 illiyi çərəfinə əlamətdar bir gündə Doğma “Qalatasaray” əfsanələri ilə baş tutan bu simvolik qarşılaşmanın isə həm qardaş ölkə klubu, həm də AİJA tarixinin qızıl səhifələrinə çevriləcəyi şəksizdir.

ELMAN ALLAHVERDİYEV