Xalqımız 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində tarixi qələbənin – möhtəşəm Zəfərin birinci ildönümünü bayram edir. Bildiyimiz kimi, ölkəmizin daim coşqulu olan ictimai-siyasi həyatı əlamətdar günlərdə daha da zənginləşir. Belə tədbirlərdə biri də noyabrın 9-da Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə gerçəkləşdi.

“Qürurla irəli” şüarı ilə müzəffər Azərbaycan ordusunun qazandığı tarixi zəfərə həsr olunan qaçış marafonuna MƏQAM MEDİA GROUP-un rəhbərliyi də dəvətli idi. Adı çəkilən qurum təsisçi  Qorxmaz Heydərov və İdarə Heyətinin sədri Cavid Əlizadə ilə təmsil olunurdu. 

Dənizkənarı Milli Parkın ərazisindəki Elektra-hall-ın qarşısında saat 12-də start verilən 5 km qaçış müvəffəqiyyətlə yekunlaşıb. Xeyriyyə marafonu çərçivəsində “Yaşat” Fonduna ianələr edilib.

MƏQAM MEDİA GROUP-un İdarə Heyətinin sədri Cavid Əlizadə tədbirlə bağlı təəssüratlarını bölüşüb: “Tarixi Zəfərimizin ildönümü ilə əlaqədar çox qürurluyuq. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalqımıza və Azərbaycanın dostlarına təbriklərimi, xoş arzularımı çatdırıram! 5 km məsafəni uğurla qət elədik. Təsisçimiz Qorxmaz bəy də mənə dəstək üçün gəlmişdi. Yüksək səviyyədə təşkilatçılığa görə Gənclər və İdman Nazirliyinə minnətdarlığımızı bildiririk!”      

Qurban Məmmədli