Aprelin 15-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

Açılış oyununda "Sumqayıt" klubu Qəbələdə eyniadlı komandanın qonağı olub. Şəhər stadionundakı görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesabı 17-ci dəqiqədə “Sumqayıt”ın futbolçusu Araz Abdullayev açıb. Əyalət təmsilçisi 88-ci dəqiqədə İsnik Aliminin cərimə zərbəsindən vurduğu qolla məğlubiyyətdən xilas olub.

İlk hissədə qonaqların müdafiəçisi Camaləddin Xocaniyazov zədələnərək Rüfət Abdullazadə ilə əvəzlənib.

“Qəbələ” Premyer Liqada ardıcıl üçüncü oyundur qələbə qazana bilmir. Əyalət təmsilçisi müvafiq olaraq “Keşlə” (indiki “Şamaxı”) ilə heç-heçə (1:1), "Səbail"ə isə məğlub olub (3:0).

Bu nəticədən sonra xallarını 35-ə çatdıran “Qəbələ” dördüncü pillədəki mövqeyini qoruyub. On beş xalı olan "Sumqayıt" isə 7-ci sırada yer alıb.

Qeyd edək ki, tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları ilə yekun vurulacaq.