Azad Məsiyev: “ABŞ-ın yeni planı Rusiyanın Orta Asiyadakı nüfuzunu zəiflətməkdir...”

ABŞ ordusunu Əfqanıstandan çıxartmaqdadır, bunun nəticəsində isə radikal Taliban qüvvələri fəllaşaraq ölkənin müəyyən bölgələrini nəzarətə götürməkdə davam edir. Siyasi baxımdan bu hadisə Orta Asiya dövlətlərinə necə təsir edə bilər? Siyasi ekspert, Strateji Planlaşdırma və  Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin fikirlərini oxucularımıza təqdim edirik:

-Əfqanıstan xalqı çoxmillətli, mürəkkəb xarakterə malik, müsəlman dini etiqadı olan, çətin coğrafi şəraitə malik ölkədir. Əfqanıstan cənubi Asiya  dövlətidir, mərkəzi Asiya regionunda, Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. ABŞ-ın Orta Asiya regionuna nufuz etməsi üçün Əfqanıstan bir trampilin rolunu oynamalı idi. ABŞ-ın strateji planı olmasaydı, qoşunlarını Əfqanıstandan belə tələm- tələsik çıxmazdı, bu illər ərzində ABŞ bu bölgədə kifayət gədər kəşfiyat işləri görmüşdür. Hesab edirəm ki, ABŞ-ın Taliban liderləri ilə gizli sövdələşmələri olub. Rəsmən ABŞ silahlı qüvvələrini Əfqanıstandan çıxartsa da, gizli şəbəkəsi fəaliyyətini davam etdirəcəkdir. Yaxın keçmişimizdə SSRİ-nin silahlı qüvvələri Əfqanıstanı işğal etdi, amma orda uzun müddət qala bilmədi və nəticədə qoşunları çıxarmaq məcburiyyətində qaldı. Həmin zamanlarda Üsamə bin Laden kimi qruplaşma liderinə ABŞ hər cürə  yardım edirdi. Sonradan ABŞ yetişdirdiyi kadırını dünyanın bir nömrəli terrorçusu elan etdi və ölümünə fərman verdi.

Qeyd edim ki, Orta Asiya respublikaları (Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan) Rusiyanın siyasi nüfuz dairəsindədir, ABŞ-ın yeni planı Rusiyanın Orta Asiya dövlətlərindəki nüfuzunu zəiflətmək, Rusiyanın bölgənin cənuğunda gərginlik ocağı yaratmaq olacaq...

-Bunu əsaslandıra bilərsinizmi?

- Bildiyiniz kimi, ABŞ dövləti Rusiyanı bir nömrəli düşmən elan edib, bütün fəaliyyəti bu istiqamətdədir, Rusiya ilə əməkdaşlıq edən  dövlətləri bu və ya digər formada öz təsirinə salmaqdadır. ABŞ-ın istəyi ilə Baltikyanı  dövlətlər asanca NATO- ya daxil edildi.  Gürcüstanda və Ukraynada rəngli inqilablar edilərək, demokratiya adı altında bu ölkələri öz təsir sferasına salaraq klonlaşdırdı, Belarusda məqsədlərinə çata bilməsə də hədəfdən əl çəkilməyib. ABŞ Rusiyanın cənubunda onun Orta Asiya dövlətlərini demokratiya adı altında ələ keçirə bilmədi, bu baxımdan da radikal Taliban qüvvələrinin vasitəsi ilə Türkmənistan, Özbəkistan və Tacikistanda stabilliyi pozmağa cəhdlər ediləcəyini gözləmək olar. Bu baxımdan Rusiya da silahlı qüvvələrini Tacikistan-Əfqanısan sərhəddində gücləndirmək niyyətindədir.

ABŞ analitiqləri yaxşı anlayır ki, Orta Asiya Respublikalarında Türkiyə dövlətinin nüfuzu  artmaqdadır, bu hadisə ABŞ rəsmilərini narahat etməkdədir. Bu baxımdan Orta Asiya Respublikalarında hərc-mərcliyin yaranması ABŞ-ın maraqlarına uyğun gəlir. Beləcə, hesab edirəm, ABŞ-ın demokratiya yolu ilə ələ keçirə bilmədiyi bölgələri xaos yaratmaqla nəzarət etmək planını işə salacaq. Yaxın şərqdə hərc-mərclik yaratmaq üçün İŞİD-in yarıdılması buna bariz nümunədir.

Bir sözlə, ABŞ-Taliban sövdələşməsinin gerçək nəticəsini qarşıdakı zaman ortaya qoyacaq.

Dinlədi:

Y.Məmmədli