Mühüm ictimai əhəmiyyətə malik məsələ...

 Akif ƏLİ, 

fəlsəfə doktoru,

yazıçı-publisist

Azərbaycanın şimalına sahiblənən Rus imperiyası burada  öz mahiyyətinə xas ənənəvi işğal siyasətinin davamı olaraq silsilə aksiyalar həyata keçirdi. Məqsəd Azərbaycan xalqına məxsus qədim tarixin, mədəniyyətin unutdurulması, yeni versiyalar üzrə yeni tarixin yaradılması idi. Şimali Azərbaycanda həyatın az qala 1805-ci ildə İbrahim xanla Rusiya İmperiyasının imzaladıqları Kürəkçay müqaviləsindən,  Rusiya ilə İran arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra başlandığı görüntüsü yaradıldı.     

“Xalqlar həbsxanası” adlandırdığı Çarizmi yıxaraq Rusiyaya “daha mütərəqqi  quruluş” gətirən bolşeviklər də yerlərini möhkəmləndirib ayrı ideoloji görüntü altında əslində Çarizmin “əyalət” siyasətini daha əzmlə inkişaf etdirdi. İnqilabçılar elə dəhşətli fırtınalar qopardılar ki, Çarizmin daha ədalətli və humanist olduğu aydın göründü.    

Milyon illik tarixin təkərini zorakı inqilab yolu ilə döndərən bolşeviklər 1920-ci ildə  Azərbaycanı “yeni həyata” qovuşdurmağa gəldi. Bu yurdun beş min illik ənənələrinə, milli dəyərlərinə, adət və etiqadına təcavüz baş alıb getdi. “Köhnəlik” adına bütün keçmiş tariximiz ya məhv edildi, ya da ideoloji redaktəyə məruz qaldı. Proletarların “Mədəni inqilabı” o dərəcədə “inkişaf etdi” ki, hətta əski ərəb-fars əlifbası ilə yazılmış bütün qədim elm, incəsənət, ədəbiyyat kitablarını da məhv etdilər. Dünənimizlə bu günümüz arasında dərin uçurum yaradıldı. Və xalqa yeni ad, soyad, yeni əlifba verildi...  

Dolayısı ilə, əvvəlinə Çarizm, sonrasına Sosializm deyilən eyni Rus imperiyası 200 il caynağında saxladığı şimali Azərbaycanın bütün maddi-mədəni-mənəvi sərvətlərini dağıdıb yox etdi. Kütləvi savadlanmadan başqa bir xeyri dəymədi... 

1990-larda imperiyanın çöküşü “əyalətdəki” xalqlara dirçəliş imkanı qazandırdı. Müstəqil Azərbaycanda da əsrlər boyu sümürülüb aparılan saysız-hesabsız maddi sərvətlər geri qaytarılmasa da, mənəvi-mədəni dəyərlərin bərpası, tarixi ədalətin bərqərar olması istiqamətində müəyyən işlər görüldü. Bayraq, gerb, himn kimi dövlət atributları bərpa edildi, milli mənafeyə uyğun siyasi, iqtisadi, hüquqi islahatlar aparıldı, tarixin “ağ ləkələri” mümkün qədər aradan qaldırıldı, xalqın görkəmli şəxsiyyətlərinin  haqqı qaytarıldı, bir çox mədəniyyət dəyərləri, o cümlədən, əvvəlki Latın qrafikası bərpa olundu və s.

Əlbəttə, 200 il tökülüb qalan imperiya qalıqlarından qısa müddətdə qurtulmaq asan deyil, odur ki görülməli işlərin yenə qaldığı təbiidir. Ən mühümü əlbəttə, şüurlarda baş verməli olan katarsisdir, yeni quruluşa, başqa ictimai-siyasi sistemə, fərqli həyat tərzinə uyğunlaşmaq kimi mürəkkəb proseslər müəyyən zaman tələb edir.  

Xırda görünən, amma mühüm ictimai əhəmiyyətə malik işlərdən birinin də milli soyada keçid olduğunu düşünürük. Çünki artıq azadlığına qovuşmuş müstəqil ölkənin vətəndaşının dünyaya özü kimi, milli kimliklə təqdim edilməsi dövlət atributlarının statusu qədər zəruri məsələdir. Əsrlər boyu xaricdə “Rus”, sonra “Sovet” adamı tərzində tanıdılan Azərbaycanlılar 44 günlük Vətən Müharibəsində dünya başqa tərzdə göründülər. Dünya gördü ki, o nə rusdur, nə sovetdir. O – özüdür, tam başqa bir xalqdır. Heyrətamiz şücaəti, sarsılmaz dəyanəti, böyük qəhrəmanlığı sayəsində qazandığı şanlı Qələbə xalqımızı dünyaya yenidən tanıtdı. Cəsur, ləyaqətli, qələbə əzmi olan böyük Xalq kimi! Belə bir xalqın yad şriflə deyil, özünə xas milli kimliklə dünyaya çıxması şərəf, ləyaqət işi qədər mühüm olduğu üçün, sözügedən milli soyada keçidi zəruri sayırıq.         

Hamı bilir ki, Azərbaycan əhalisinin indiki kütləvi soyad sonluğundakı “ov-yev” şəkli bizim millətə məxsus deyil. Bu, sırf rus xalqına məxsus soyad sonluğudur. Qədimlərdə ruslar kimisə tanıtmaq üçün məs., «Ты чей будешь?» - yəni “Sən kimlərdənsən?” soruşar, cavabında isə ya ata-babasının adı ilə: «Иван+ов сын» ( yəni “İvanların oğluyam”), ya «Андрей+ев сын» (“Andrey oğullarındanam”) kimi nişan verilərmiş. Ya da nəslin peşə fəaliyyəti üzrə: dəmirçilərdən («Кузнец+ов»), xarratlardan («Плотник+ов»), keşişlərdən («Поп+ов») və s. cavabı verilirmiş. Zaman keçdikcə tanıtım şəkli kimi “Иванов, Андреев, Кузнецов, Плотников, Попов…” (“İvanov, Andreyev, Kuznetsov, Plotnikov, Popov”) familiyaları formalaşıb.

Rus işğalından sonrakı kütləvi “özününküləşdirmə” prosesində əyalət təbəələrin  soyadı dəftərxana sənədlərində özlərinə anlaşıqlı şəkildə “ov-yev”lə yazılıb və pərçimlənib. Əlbəttə, Rus-Sovet imperiyası təkcə bizə qarşı bu siyasəti aparmayıb. Bütün digər türksoylu xalqlara qarşı da eyni “yeni həyata, yeni mədəniyyətə” uyğun “identifikasiya” kodları tətbiq edilib. Burada etnik kimliklə yanaşı, dini amil də əsas rol oynayıb. Təsadüfi deyil ki, Zaqafqaziyada üç qonşu respublika arasında təkcə azərbaycanlıların soyadlarının sonluğu “ov-yev” şəklinə salınaraq kökdən uzaqlaşdırılıb. Nə xristian gürcülərə, nə də o biri xristian tayfaya toxunulmayıb. Eynən Orta Asiyada – Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Tatarıstan və b. respublikalarda yaşayan türk-müsəlman etnosu da “özgələşdirmə” transformasiyasına məruz qalıb. Bütün türk-müsəlman etnosların soyadları ruslaşdırılıb. Xristian dininə bağlı olan Ukrayna (“Bondarenko, Şevçenko...”), Moldova (“Lotyanu, Rotaru...”), Pribaltika (“Brazauskas, Banionis...”) xalqlarının isə “xətrinə dəyilməyib”.          

Dünyada hər xalqın özəl soyad şəkilçisi var. Onların ad-familiyası səslənən kimi hansı xalqa mənsub olduqları dərhal bilinir. Məs., Skandinavlar (Andersson, Yuxansson), ispanlar (Fernandes, Rodriges), fransızlar (Mişel, Bernard), italyanlar (Espozito, Bertaluççi), yəhudilər (Rubinşteyn, Levinskiy), gürcülər (Abaşidze, Davidaşvili), türklər (Özdemir, Güllüoğlu), ingilislər (Makkleyn, Baskervill ), çinlər (Çjan, Xuan), yaponlar (Sudzuki, Takaxasi), hindistanlılar (Qandi, Kumar), afrikalılar (Abeba, Kvaku), ərəblər (Əl-Falix, Əl-Tavil) və s.

Yalnız əski Rus-Sovet imperiyasının təsiri altında olmuş türk-müsəlman xalqları yad “rusbabı familiya” ilə, “ov-yev”lə tanıdılır. Bu anormallığın aradan qaldırılmasına ehtiyac var. Soyad islahatı ölkənin və xalqın tanıdılması baxımından bayraq, gerb, himn qədər mühüm əhəmiyyətə malikdir.

Xatırladaq ki, istiqlal savaşını qazanaraq müstəqilliyinə qovuşan qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Böyük Mustafa Kamal Paşa əski imperiya küllüklərindən yaratdığı yeni respublikada digər islahatlar kimi, soyad islahatını da zəruri sayaraq, 1934-cü ildə soyadlar haqqında xüsusi qanun qəbul etdi. O qanun vətəndaşlara nəslin soy-kökünə, ənənəsinə, hətta şəxsi istəklərinə uyğun olaraq soyad götürmək imkanı yaratdı. Müasirləşən Türkiyə keçmişdən qalma ərəb-fars üslublu köhnə familiya şəkillərindən imtina etdi. İnsanlar böyük ruh yüksəkliyi və coşqu ilə kütləvi şəkildə özlərinə nəsil-nəcabətə, dədə-baba şəcərəsinə, peşə fəaliyyətinə uyğun milli soyadlar götürməyə başladılar. Məhz o zaman T.C. Böyük Millət Məclisi də Vətənin xilaskarı, demokratik Cümhuriyyətin qurucusu, ilk Prezident Mustafa Kamal Paşaya Atatürk adı verdi.  

...Milli dəyərlərə qayıdış ab-havasında 1990-cı illərin əvvəllərində bizdə də soyadlar mövzusunda geniş ictimai müzakirələr baş qaldırmışdı. Bir ara Milli Məclisdə də bu məsələ müzakirə mövzusu oldu, ancaq təəssüf ki, millət vəkilləri milli soyadla bağlı yekdil qərara gələ bilmədilər və məsələ unuduldu. Proses kütləvi hal ala bilmədi. Yalnız ayrı-ayrı şəxslər öz iradəsi ilə soyadında dəyişiklik etdi.   

Yeri gəlmişkən, mən də 1999-cu ildə “Ata adının əbədiləşdirilməsi və milli soyada  keçilməsi ilə bağlı” öz əvvəlki familiyamı (Məhərrəmov) dəyişərək, atamın adıyla yeni soyadı (ƏLİ) qəbul etdim. Mənə dostlar-qohumlar deyirdi ki, axı sən o familiya ilə  tanınırsan, dəyişsən heç kim tanımayacaq. Cavabım isə belə olurdu ki, əsas mənim tanınmağım deyil, əsas məsələ -  Atamın adının əbədiləşdirilməsi və Milli soyada  keçiddir... Düzdür, bunun rəsmiləşdirilməsi mürəkkəb prosedur oldu, ancaq ədalət naminə deyim ki, müraciət etdiyim əlaqədar dövlət qurumlarının (Ədliyyə, Daxili İşlər nazirlikləri və s.) heç birində xüsusi maneə görmədim.        

Bu gün ölkədə vəziyyət elədir ki, 44 günlük Vətən müharibəsini uğurla başa çatdıran dövlətimizin qətiyyətli iradəsi bu işi ölkə səviyyəsində və kütləvi şəkildə asanlıqla həll edə bilər. Yaxın keçmişdə görkəmli dövlət xadimi, müdrik, uzaqgörən siyasətçi Heydər Əliyev ədalətin bərpası, imperiya qalıqlarından qurtulması  istiqamətində bir çox islahatlar apardı. O cümlədən, Kirill əlifbasından Latın qrafikasına keçidlə bağlı qərar verdi. Xatirimdədir, o qərarın icrasına Elmlər Akademiyasında, mətbuatda çalışan bəzi “ziyalılar” maneə yaratmaq istəyir, kirildən uzaqlaşmanı az qala faciə kimi qələmə verir, ictimai fikri çaşdırmağa səy göstərirdilər. Dövlət strukturları dərhal latın qrafikasına keçsə də, asılı mətbu orqanlar son ana qədər höcət göstərir, qəzetlərin çapını kirilldə davam etdirirdilər. Ancaq o vaxt hökumətin qətiyyəti Prezidentin qərarının tam icrasını uğurla başa çatdırdı. Bu gün artıq o proseslər unudulub... 

Dünya təcrübəsindən bəhrələnərək, Azərbaycanda da soyad islahatları keçirtmək, vətəndaşlara sərbəst şəkildə soy-kökünə, şəcərəyə, dədə-baba ənənəsinə, nəslin peşə fəaliyyətinə uyğun arzuladığı soyadı götürmək, müvafiq milli soyad sonluğu, yaxud heç bir sonluq şəkilçisi olmayan familiya qəbul etmək imkanının yaradılması həm vətəndaşların hüququdur, həm də xalqın öz milli kimliyi ilə dünyaya təqdim olunması baxımından vacib ictimai məsələdir.

Əlbəttə, asan proses deyil. Söhbət böyük vəsait tələb edən milyonlarla şəxsiyyət vəsiqəsinin, pasportların və digər aidiyyati sənədlərin dəyişdirilməsindən gedir. Ancaq siyasi qərar olduğu təqdirdə, indiyə qədər pasport, şəxsiyyət vəsiqəsi, digər vətəndaş vəziyyəti aktlarının müəyyən rüsum müqabilində çap və elektron variantlarının hazırlanması, dəyişdirilməsi, sistemləşdirilməsi, paylanması kimi mürəkkəb kütləvi proseslərdə böyük təcrübə toplamış əlaqədar qurumlar, hüquq-mühafizə orqanları bu prosesin də optimal icra mexanizmini tapmağa və kütləvi tətbiq etməyə qadirdir.

Müstəqillik qazandığımız ilk dövrlərdə, xüsusən ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyət sükanı arxasına keçərək ölkəni uçurumdan çıxartmağa, dövlətçiliyi xilas etməyə çalışdığı zamanlarda, həm də ədalətin zəfər çalması naminə keçmiş imperiya qalıqlarından xilas olmaq yolunda atdığı cəsarətli addımların davamı kimi, bu gün də dövlətin ali iradəsi ilə yeniləşən Azərbaycanın həqiqətlərini dünyaya daha dolğun çatdırmaq, qalib xalqımızı olduğu kimi tanıtmaq və tarixi ədaləti bərpa etmək üçün  mühüm ictimai əhəmiyyətə malik milli soyadların kütləvi tətbiqi prosedurunun da uğurla həll ediləcəyi şübhə doğurmur.