Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin üzvləri 22 İyul-Milli Mətbuat Günü münasibətilə görkəmli Azərbaycan yazıçısı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyini ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) TEZADLAR.AZ-a verilən məlumata görə, ziyarət zamanı mərkəz üzvləri böyük ədibin Tbilisidəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, “Molla Nəsrəddin” məcmuəsinin bu şəhərdə çap olunmuş nüsxələri ilə tanış olublar. Gənclərə dahi yazıçının həyat və yaradıcılığı, ədəbiyyatımızın, milli mətbuatımızın inkişafına, iki ölkənin ədəbi əlaqələrinə bəxş etdiyi töhfələr barədə ətraflı məlumat verib.

Qeyd edək ki, C.Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi 1997-ci il oktyabrın 11-də açılıb. Muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Vaxtilə binanın hər iki mərtəbəsi Cəlil Məmmədquluzadəyə məxsus olub. Sovet dövründə binada ailələr məskunlaşıb, yalnız birinci mərtəbədəki 2 otaqlı mənzil ev-muzeyi kimi qorunub saxlanıb. “Molla Nəsrəddin” jurnalının çap edildiyi “Qeyrət” mətbəəsi də bu evin zirzəmisində yerləşib.