İyulun 21-dən 24-dək Türkiyənin Malatya şəhərində 25-ci "Ərik Festivalı" (25'inci Kayısı Festivali) çərçivəsində silsilə mədəniyyət və incəsənət tədbirləri keçirilib.

TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, ənənəvi festival Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Malatya Valiliyi və Malatya Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilib.

  Bu il TÜRKSOY-un təşkilatçılığı ilə festivala Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan bədii kollektivlər də olmaqla 250-yə yaxın sənətçi qatılıb. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım fəxri qonaq qismində tədbirdə iştirak edib.

  Malatyaya səfər edən TÜRKSOY-un baş katibi Sultan Raev Malatya İnönü Universitetinin rektoru Əhməd Kızılay, Malatya Böyükşəhər Bələdiyyə sədri Səlahəddin Gürkan və Malatya valisi Hulusi Şahinlə görüşüb. Görüşlərdə Sultan Raevi festivala qatılan türk dünyası sənətçiləri müşayiət ediblər.

  Festivalda Azərbaycanı Türkiyədə fəaliyyət göstərən televiziya aparıcısı və Azərbaycan rəqslərinin ifaçısı Səidə Ömər təmsil edib. Onun ifa etdiyi “Sarı gəlin” rəqs kompozisiyası böyük rəğbətlə qarşılanıb.

  Festivala TÜRKSOY tərəfindən dəvət olunan Səidə Ömər artıq neçə illərdir Türkiyədə təşkil edilən mədəniyyət tədbirlərində Azərbaycanı təmsil etdiyi üçün qürur hissi keçirdiyini bildirərək deyib: “Festival yüksək səviyyədə təşkil edilib. Tədbirin ilk günü TÜRKSOY-un baş katibi Sultan Raevin rəhbərliyi ilə Malatya valisi Hulusi Şahinlə görüşdük. Görüşdə Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan nümayəndələr də iştirak edirdilər. Görüş zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə yazdığı qəhrəmanlıq dastanı haqqında da söz açıldı. Bu zəfərin bütün türk dünyasının qələbəsi olduğu bir daha vurğulandı”.