21 avqust 2022-ci il tarixində Bakı şəhəri, L.Tolstoy 156 ünvanında yerləşən “Misra”  kitab təbliğatı evi möhtəşəm bir tədbirə ev sahibliyi etdi.

Belə ki, Göyçayda yaşayıb-yaradan həkim-şair Nuranə Rafailqızı onu sevənlərin əhatəsində uzun illərin və gərgin əməyin nəticəsi olan “Həkimlər depressiya deyir...” adlı ilk kitabını təqdim etdi.

Tədbirdə AYB, AJB, AMEA kimi mötəbər qurumların əməkdaşları ilə yanaşı, səhiyyə işçiləri, müəllifin yaxınları və doğmaları iştirak edirdilər. “Mücrü” nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın redaktoru şair-publisist  Zaur Ustac, ön sözün müəllifi isə tənqiddçi-ədəbiyyatşünas alim, dəyərli professor Qurban Bayramovdur.

Turanə Şıxəliyevanın moderatorluğunda keçən tədbiri “Yazarlar”  jurnalının baş redaktoru, şair-publisist  Zaur Ustac  Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad  Məcidin  tədbir iştirakçılarına salamları ilə açdı və üzürlü səbəbdən  tədbirdə iştirak edə bilməyən kitabın ön sözünün  müəllifi  professor Qurban Bayramovun xeyir-dualarını çatdıraraq “Bayram Bayramov” diplomunu  həkim-şair  Nuranə Rafailqızına təqdim etdi.

Sonra söz AYB  üzvü, tanınmış  şair Kənan Hacıya verildi. Daha sonra  AMEA-nın “Nizami Gəncəvi” adına ədəbiyyat instiutunun əməkdaşı, şair İbrahim Yusifoğlu kitab haqqında öz dərin təhlilini təqdim etdi. Tanınmış qiraətçilər Cəbrayıl Qənbər və Müşfiqə Baləddinqızının ifalarında kitabdan səslənən nümunələrin bərabərində Turanə Şıxəliyevanın moderatorluğunda tədbir kitabdakı bölmələrə uyğun davam edərkən AJB –nin üzvü, “Yazarlar” jurnalının ictimayətlə əlaqələr üzrə menceri Nəzakət Əhmədova-Kərimova müəllifə “İlin Fəxri Şairi” diplomunu təqdim etdi.

Daha sonra ardıcıllıqla qələm adamlarından Yunis Qaraxanlı, Ələsgər Talıboğlu, Püstə Sahibqızı, rəssam Məlahət İsmayıl, həkimlərdən Günel Əliyeva və Göyçay Rayon Mərkəzi Kitabaxanasının əməkdaşı Şövgiyə Qarayeva çıxış etdilər.

Çay çüfrəsi arxasında, həzin musiqi sədalarına bürünmüş  düşündürücü misraların yaratdığı sirli  aləmində, dəyərli söz adamlarının bir-birindən maraqlı çıxışları təsiri altında davam edən tədbir əvvəlcədən nəzərdə tutulmuş vaxtada uğurla yekunlaşdı.

Sonda “Həkimlər depressiya deyir...” adlı ilk kitabının işıq üzü görməsi münasibəti ilə Nuranə Rafailqızına “Ziyadar” mükafatı təqdim olundu, kitablar imzalandı və xatirə şəkilləri çəkdirildi.

Belə gözəl bir tədbirin baş tutması münasibəti ilə müəllifi və təşkilatçıları təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Tuncay Şəhrili