booked.netbooked.net booked.net  

Müğənni Şəbnəm Tovuzluya İsraildə keçiriləcəyi konsertə görə, orada yaşayan azərbaycanlılar qəzəbləniblər və  onlar sosial şəbəkədə belə deyiblər: "Biz sənin bura gəlməyini istəmirik. İçimiz burada qan ağlayır. Hər gün  şəhidlərə, şəhid tabutlarına baxıb ağlayırıq. Səni İsraildə tanıyan var? İsraillilər  üçün  gəlmirsən ki, azərbaycanlılar üçün gəlirsən. Biz də səni istəmirik. Ayıbdır, şəhidlərin ailələrindən utan, bu, biabırçılıqdır".

P.S. İsraildəki soydaşlarımız vətəndən uzaqda olduqları üçün görünür bəzi mətləblərdən halı deyillər.  Əziz israilli soydaşlarımız,  bizim şou əhli üçün pul olan yerdə  nə utanmaq,  nə abır-həya? Onlar nə bilir şəhid nədir, qazi nədir? Şəbnəm Tovuzlu və digər şou əhli bilsələr ki, Xankəndinə təzə köçmüş erməni milyarder Ruben Vardanyan onlara Xankəndində  konsert üçün babat pul verəcək, inan ki, minalanmış əraziləri birnəfəsə keçərlər və onlara heç nə olmaz.  Məgər Nadir Qafarzadə  illər öncə İsraildə  babat pula görə Xocalı günündə konsert verməmişdimi? İndi Şəbnəm Tovuzlu da belə bir şou əhli kimi abır-həyanı  bir kənara qoyub kabab iyinə İsrailə getməlidir və gedəcək də.

***

Orta məktəblərdə rüşvətin kökünü kəsməyin yollarından danışan təhsil eksperti Elçin Əfəndi  mətbuata verdiyi açıqlamada belə deyib: "Hazırda Elm və Təhsil Nazirliyinin  və aidiyyəti qurumların ümumi birgə işi ondan ibarətdir ki, məktəblərlə birgə fəaliyyət göstərəcək Valideyn Assosiasiyaları yaradılsın. Assosiasiyalar vasitəsilə məktəbə ediləcək ianələrlə rüşvətin qarşısı alınacaq".

P.S. Belə yerdə deyiblər e, toplananların yerini dəyişəndə, cəm dəyişmir.  Nə fərqi var, Həsən keçəl, ya keçəl Həsən? Bu bilirsiniz nəyə bənzəyir? Adına uzun illər "eşşək" deyilən adamın bir qonaqlığa ləqəbinin dəyişdirilib "qoduq"  qoyulmasını sevinclə arvadına söyləyən  adamın  əhvalatına bənzəyir.  Arvadı da  sevincək olmuş ərinə belə deyir: "Kül başına, qoduq da böyüyüb eşşək olacaq dayna". İndi hörmətli təhsil eksperti Elçin bəy, dediyin o ianələr böyüyüb  rüşvət olacaq dayna... Valideynlərdən yığılan pulun adını nə qoyursan qoy, sonu rüşvətdir.  Rüşvətin kökünü kəsmək üçün Elçin bəy, dövlətdən Təhsil Nazirliyinə ayrılan pul  artırılmalıdır ki, məktəb və müəllimlər valideynlərin cibinə baxmasınlar. Həmçinin  valideynlərdən yığılan pula dilənçi kimi göz dikib asılı və gözükölgəli vəziyyətə düşməsinlər. Pul olan yerdə isə rüşvət olacaq, amma təhsil olmayacaq.

***

Hazırda Türkiyədə istirahətdə olan rəqqasə Fatimə Fətəliyeva "Tik-Tok"un müvəqqəti bağlanmasına münasibət bildirərək belə deyib: "Tik-Tok" çoxdan bağlanmalı idi. Özünə hörmət etməyən insanların canlısına baxanda ətim tökülür".

P.S. Belə yerdə atalar yaxşı deyib: Dəlidən doğru xəbər". Adamın başının üstündə Allah var, bir yana baxanda rəhmətliyin qızı düz deyir. Amma ay Fatimə xanım, "Tik-Tok" özünə hörmət etməyən insanların yox e, bambılıların, düşüklərin, səviyyəsizlərin və sən deyən kimi, ət tökənlərin yeridir.  Belə sosial şəbəkə birdəfəlik bağlansa, daha yaxşı olar...

***

Məlumatlara görə ötən həftə Kərbala ziyarətinə gedən  570 nəfər  azərbaycanlı zəvvarlar üç gün İran-İrak sərhədində illişib qalıblar və İrak tərəfi onları qəbul etmir.

P.S. İrak dövləti haqqlı olaraq azərbaycanlı zəvvarları  öz ölkələrinə buraxmır.  Çünki yaxşı bilirlər ki, o 570 nəfərin Allah, din sevgisi müəmmalıdır. Gözümüzün qabağında baş  verən 20 Yanvar və Xocalı faciəsinə bir gün, 1500 il bundan əvvəl vəzifə üstündə bir-birini öldürən iki əmioğlu ərəbə isə qırx gün yas saxlayanları haqlı olaraq Kərbala ziyarətinə buraxmırlar. Bu yerdə şair Adil Cəmilin  "Saxtadır" şeirindən bir bənd  özü gəlib bura düşdü:

"Məşhədə gedirlər, həccə gedirlər,

Almayıb heç nəyi vecə gedirlər.

Bilənlər bilir ki, necə gedirlər,

Allah dərgahında iman saxtadır".

***

Bir saytın yazdığına görə  müğənni Xatirə İslam  öz təxəllüsünü, müəllimi olmuş mərhum sənətkar İslam Rzayevin adından yox, sevgili olduğu "Texnikabankın" Bakı flialının sabiq  rəhbəri  Zal Yusifovun 8 il həbs cəzası almış "Spartak" ləqəbli oğlu İslam Yusifovun adından götürüb.

P.S. Bu saytlar da ala qarğa kimi köhnə tort eşirlər. Rəhmətliyin uşağı, sizin üçün nə fərqi var, Xatirə öz təxəllüsünü müəllimi İslam Rzayevin adından götürüb, yoxsa sevgilisi İslam Yusifovdan?  Keçmişdə  adamın müəllimi də, sevgilisi də çox ola bilər. Amma bunun  indi heç  bir mənası yoxdur axı. Çünki bu gün  Xatirə  İslamın gül kimi əri və uşaqları var. Özü də uşaqlara əri baxır.

***

Ermənistanı özünə kiçik bacı bilən Fransanın "Nant" futbol klubunu Ağdamın "Qarabağ" futbol klubu 3:0  udmaqla arxasına bir təpik vuraraq, Bakıdan başıaşağı yola saldı.

P.S. Ermənistanı Qarabağ məsələsində  həmişə dəstəkləyən Fransa klubuna "Qarabağ" elə bir zərbə vurdu ki,  erməni əsilli  Fransa prezidenti  Emmanuel Makronun yadına ötən əsrin əvvələrində Türkiyənin Van şəhərindən qovulmuş  ana-babası Hrant Movsesoviç Makronyan  və  onun  avtobus sürücüsü olmuş  fransıza  ərə  gedən qızı, yəni anası Emma Makronyan  düşdü. İndi bildinizmi bu Makron  ermənilərdən ötrü niyə özünü cırıb, dağıdır? 

 ***

Hazırda həbsdə olan "Baku Steel Company" MMC- polad əritmə zavodunun Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədov ötən həftə keçirilən Məhkəmə iclasında ifadə verərkən belə deyib: "Mən Ramiz Mehdiyevi və Bəylər Əyyubovu atam qədər istəmişəm. İşdən çıxandan sonra gedib Ramiz Mehdiyevi gəzdirmişəm. Pis günündə yanında olmuşam. Xəstəxanada yanında olmuşam."

P.S. Həə... Deməli, bu Rasim Məmmədov ona dayılıq edən Ramiz Mehdiyevə dayəlik edərək, işdən sonra əlindən tutub, gəzməyə aparırmış. Ramiz Mehdiyev də Rasim Məmmədovun bu əməyini yüksək qiymətləndirərək, onu hoppalara göndərib. Amma Ramiz müəllim də heç düz iş görmür. R.Məmmədov yanıqlı-yanıqlı deyir ki, Ramiz Mehdiyevin pis günündə yanında olub. Maraqlıdır, bəs niyə Ramiz Mehdiyev Rasim  Məmmədovun indiki pis günündə onun yanında deyil?

***

Müğənni Bilal Əliyev  "Tik-Tok"a gəlməyinin səbəbini mətbuata belə izah edib.  İnsanlar ədəbsiz danışırlar, başqa işlər görürlər.  Fikirləşdim ki, bizim kimi mədəniyyət işçiləri bu şəbəkələrin hamısında olmalı, sözümüzü deməliyik. Qoy insanlar mədəniləşsin".

P.S. Bilal bəy, bəlkə əksinədir? "Tik-Tok"a şou biznes əhli gələndən sonra, bu şəbəkənin insanları daha ədəbsiz oldular, daha abırsız davrandılar və daha mədəniyyətsiz  danışdılar. Ola bilərmi belə? Əlbəttəə, ola  bilər və həqiqət belədir. Harada şou biznes əhli varsa, orada mütləq biabırçılıqlar  və söyüşün biri bir qəpik olacaq.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN