AYB-nin üzvü, Prezident təqaüdçüsü  Emil Rasimoğlu , AYB Gənclər Şurasının üzvü,  Prezident təqaüdçüsü Fuad Cəfərli TEZADLAR.TV-nin qonağı olublar.

Hər iki şair oktyabrın 26-da  keçirilmiş Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayında baş verən xoşagəlməz olayla  bağlı TEZADLAR.TV-nin efirindən irad və təkliflərini bildiriblər.

Fuad Cəfərli Qurultayda baş verənlərdən danışarkən bildirib ki, o, hələ 2019-cu ildə AYB sədrliyinə namizədliyini irəli sürəndə KİV nümayəndələri ondan Anarın namizədliyinə münasibətini soruşublar.

 “Bildirdim ki, mən Anar müəllimin namizədliyin doğru qiymətləndirirəm və yaş senzinə önəm vermirəm. Söylədim  ki, Anar müəllim də gəlsin, mən də. Öz platformamızı açıqlayaq və AYB üzvləri də mövqelərini bildirsinlər. Bu, mətbuatda yayımlanıb.  Bu mənim Anar müəllimə olan hörmətimdir. Anar müəllim isə səhəri gün məsxərəyə qoyan, təhqiramiz bəyanat verdi ki, “Biz onları tanımırıq”. Hansı ki, bir ay əvvəl bizi Gənclər Şurasına üzv qəbul ediblər. Ondan əvvəl Prezident təqaüdünə təqdim ediblər. Əgər siz məni tanımırdınızsa , istedadım yox idisə, necə məni Şuraya üzv etmisiz, təqaüd verməyə namizədliyimi vermisiz? Ya idarəetmə doğru deyil, yəni sizin bütün bunlardan xəbəriniz yoxdur, ya da qərəzlidir. Mən bunula bağlı Anar müəllimə cavab da verdim ”, - deyə yazıçı bildirib.

 Xatırladaq ki, hər iki gənc şair Qurultayın nümayəndəsi kimi qeydə alınıblar. Onlar  qurultayda AYB sədrliyinə namizədliklərini versələr də, səsverməyə çıxarılmayıblar və beləliklə, “Xalq Yazıçısı” Anar alternativsiz olaraq səsverməyə çıxarılıb və təbii ki, qalib gələrək daha 5 il müddətinə sədr seçilib.

...Bundan sonra qurultayda baş verənlərə hər iki şair etirazlarını bildirib və qalmaqal yaşanıb. Baş verənlər sosial şəbəkələrdə, ictimaiyyət arasında geniş rezonans doğurub, müzakirələrə yol açıb.

 

Y.MƏMMƏDLİ