Bu gün qardaş Türkiyə Cumhuriyyət Bayramını qeyd edir.
Bunu millət vəkili Vüqar Bayramov bildirib.
O qeyd edib ki, strateji mütəffiqimiz olan Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək olan dövlətdir.
"Vətən Müharibəsindən sonra da işğaldan azad olunan ərazilərimizin bərpasına, regiona sülhün formalaşmasına ən çox dəstək verən ölkə Türkiyədir. Ən sadə məsələlərdə Azərbaycan və Türkiyəni bir-birindən ayrı, hətta təsəvvür etmək belə mümkün deyil. İki dövlətin qardaşlıq münasibətləri dünya üçün bir nümunədir", deyə millət vəkili vurğulayıb.
Vüqar Bayramov ölkələrimiz arasında iqtisadi tərəfdaşlığa da diqqət çəkib:
"Türkiyə eyni zamanda Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarındadır. İkinci ən böyük tərəfdaşımız olan Türkiyə ilə 2021-ci ildə ticarət dövriyyəmiz 4 milyard 661 milyon dollar olub. Bu 2020-ci il ilə müqayisədə 11.0 faiz artım deməkdir. Bu ilin ilk 7 ayında Azərbaycanın Türkiyə ilə 3 milyard 376 milyon dollarlıq ticarət dövriyyəsi olub. Bu əvvəlki ilin uyğun dövrünə nisbətən 24.0 % artım deməkdir. Digər tərəfdən, Türkiyə həmin müddətdə Azərbaycanın 1 milyard 885 milyon dollarlıq qeyri-neft ixracatının 26.0 faizini formalaşdırıb. İki ölkə arasındakı sərmayə qoyluşlarında da kəskin artımlar müşahidə edilməkdədir.
Göründüyü kimi, iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf etməkdədir. Bu daha güclü Türk dünyası deməkdir.
Qardaş Türkiyənin Cumhuriyyəti hər zaman güclü və daimi olsun!", - deyə bildirib.
Qeyd edək ki, bu gün qardaş Türkiyədə Cümhuriyyətin qurulmasının 99-cu ildönümü qeyd edilir.
Xatırladaq ki, 1923-cü ilin bu günü Türkiyə Cümhuriyyəti elan edildi.
Bu gün Azərbaycanda Heydər Əliyev Mərkəzinin binası Türkiyənin və Azərbaycanın Dövlət bayraqlarının rəngləri ilə işıqlandırılıb. Bundan başqa, Bakı Su İdman Sarayı və digər binalar da Türkiyənin dövlət bayrağı ilə işıqlandırılıb, bayraqlar asılıb.
Bu isə qardaş ölkəyə tükənməz sevgi və ehtiramdan xəbər verir.
Y.MƏMMƏDLİ