1988-ci ildən qeydlər aparmağa başladığım 400 səhifəlik “Gündəlik”də daha çox yer alan o zaman mənfur qonşularımız tərəfindən xalqımıza qarşı olan torpaq iddialarından qaynaqlanan hadisələr və düşmənə qarşı mübarizədə fəallıqları ilə seçilən soydaşlarımız haqqında olan məlumatlardır. Əsas faktlar separatçılara qarşı mübarizənin önündə gedən kəndimizin ilk könüllülərindən, daha çox 1991-ci ildən fəallaşan hərbi əməliyyatların iştirakçılarından, ilk şəhidlərdən, yaralılardan ibarətdir. Bu istiqamətdə ilk dəfə şeir həsr etdiyklərim döyüşçülərimiz də həmin günlərdə düşmənlə savaşlarda idilər.

Əliyev Tahir İmran oğlu, Qasımov Firdovsi Əsgər oğlu, Məmmədov Rövşən Millət oğlu 1992-ci ildə ilk dəfə şeir həsr etdiyim döyüşçülərimizdən idilər. Sonrakı dövrdə də çalışmışam ki, Qarabağın müdafiəsində, işğaldan azad edilməsində rolu olmuş heç kəs diqqətdən kənarda qalmasın. Bu, daha çox Mərzilidən olan həm hərbi sahədə, həm də mülki sahədə rolu, fəaliyyəti olmuş hər bir eloğlumuza aiddir. Fikirlərim Birinci Qarabağ müharibəsində hərbi həkim kimi fəaliyyət göstərən həkimlərimizə də aiddir. O sıradan Şəhid Şükürov Mizami Bəylər oğluna, bu gün təqaüddə olan Əzimov Sadiq Əsgər oğluna, həkim kimi çalışmaqda olan Quliyev Füzuli Əliş oğluna. Həmişə çalışmışam ki, düşmənlə mübarizədə rolu olmuş heç kəsin fəaliyyəti diqqətdən kənarda qalmasın. Yəni həmişə “unutmamaq, borcumuzdur” prinsipi ilə əlimə qələm almışam.

1977-ci ildən cərrah həkim kimi peşə fəaliyyətinə başlayan Sadiq həkim Qarabağ hadisələri başlayandan hərbi həkim kimi fəaliyyət göstərmişdir. O, Mərzili kəndinin savadlıları ilə, hacıları və mollaları ilə tanınan “Haçımollalar” tirəsindəndir. Atası Əsgər kişi də dini təhsilli, savadlı, səmimi, xeyirxah insan idi...

Sadiq həkim  haqqında olan kiçik həcmli yazılarım istisna olmaqla ən böyük məqaləni 2001-ci ildə yazmışam. Ancaq köçkünlüyün yaratdığı problemlərlə bağlı təəssüflər olsun ki, həmin yazını ictimailəşdirə bilməmişəm. Bu yaxınlarda həmin yazını, şeiri aşkar edərkən çox sevindim. Bu yazını qələmə almağım gecikmiş olsa da, oxuculara çatdırılmasının bir məqam olduğunu düşündüm.

Hələ şagird olandan

Arzusu həkim olub.

Bu istəyi o vaxtdan

Qəlbinə hakim olub.

Yüz ölçüb bir biçərək

Həkimliyi seçdi  o.

Çalışdı gecə-gündüz

Sınaqlardan keçdi o.

İstədi cərrah olub

Şəfa versin xəstəyə.

Oxuyub nail oldu

Bu arzuya, istəyə.

Mərzilidən Bakıya

Bir arzuyla gəlmişdi...

Keşdi təhsil illəri,

Cərrah kimi yetişdi...

“Hippokrat and”nı     

Daim saldı yadına.

Şərəf, şöhrət gətirdi

Həkimliyin adına.

Heyif ki, müharibəyə

Düşdü onun gəncliyi.

Od-alovun içində

Getdi bütün dincliyi.

Hərbi həkim olandan

Qayğıları çox idi.

Nə gecəsi, gündüzü

Döyüş vaxtı yox idi.

“91”-dən özünü

Əsgər sanıb həmişə.

“Zaman itirmək olmaz!”-

Deyib başlardı işə.

“Bəd xəbər” alan kimi

Xalatını geyərdi.

“Tələsmə...” deyənlərə

“Yaralı var!” deyərdi.

İşinin çoxluğundan

Usanmazdı, bezməzdi.

Ən ağır yaralıdan

Əllərini üzməzdi.

“İşi başdan aşanda”

Hospitalda qalardı.

Gözünün acısını

Ayaq üstə alardı.

İşinin öhtəsindən

Ləyaqətlə gələrdi.

Andına sadiqliyi

Vicdan borcu bilərdi.

***

Bir gecə Xocalıda

Su yerinə qan axdı.

Neçə körpə köksünə

Düşmənlər nizə taxdı.

Minləri ötüb keçdi

Həm öləni, itəni.

Kim unudar, kim, deyin,

Burda düşmən edəni.

Qəddarlığın zirvəsi

Xocalıda olanlar.

Üz tutdular Ağdama

Yaralı-sağ qalanlar...

O zaman gördüyünü-

Düşmənin etdiyini     

Ən acı xatirətək

Sadiq həkim söyləyir:

-Vaxt olub ki, onlarca

Yaralı birdən gəlib.

Yaralılar görmüşəm,

Güllə sinəsin dəlib...

Düşmənin etdiyini

Bir vəhşilik sanmışam.

Uşaq ölümü görüb

İçin-için yanmışam.

Bədəni parçalanmış,

Ya da ki, yandırılmış,

Neçə gözü oyulmuş,

Dəriləri soyulmuş,

Körpə, uşaq-don vuran...

Bədəndə qan donduran

Çox yaralı görmüşəm.

Neçə gün hüşsuz qalan

Xəstələr ayıltmışam.

Ümidlər kəsilməyən

Xəstələr sağaltmışam...

Bütün həkimlər ilə

Nə lazımsa etmişik.

Bəzən silah götürüb

Düşmən üstə getmişik.

***

Sadiq həkim işindən

Daim ilham alıbdı.

Xilaskar cərrah kimi

Yaddaşlarda qalıbdı.

2001, may

Məlumdur ki, düşmənlərimizin başladığı müharibə bu 30 il ərzində təkcə ev-eşiyimizi, firavanlığımızı yox, gəncliyimizi də, sevincimizi də əlimizdən aldı. Bizi vətəndə vətənsiz qoydu. O cümlədən gəncliyinin gözəl çağında əmək fəaliyyətinə minbir arzularla başlayan Sadiq həkimi də, onun yüzlərcə həmkarını da. O illərdə xalqına xidməti Qarabağla bağlı olan heç bir həkimin fəaliyyəti unudulmamalı və həmişə də tariximizin şanlı bir bir səhifəsi kimi qiymətləndirilməlidir. Bunun üçün də düşünürəm ki, hər bir hərbi həkimin fəaliyyəti yazıya alınmalı və tarixin yaddaşına yazılmalıdır.

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü