İgidlərimiz-şəhid və qazilərimiz heç zaman unudulmur...

O – bədəndi, O – ruh, can!

O – şərəfdi, O – həm şan!

Qarabağ – Azərbaycan!

Gəl, gedək Qarabağa!...

 Və...o gün biz hamımız yenidən Qarabağa getdik. Şəhid qanı tökülən, şəhidlərimizin al qanı ilə yoğrulmuş, Vətən olmuş Qarabağımıza bizi müqəddəs şəhid ruhları apardı...  Şəki torpağı hər zaman igid ərlər, qəhrəman, qorxmaz oğullar yurdu kimi ad çıxarıb. Çələbi xanların, Qaçaq Abbasların, Fransanın Milli Qəhrəmanı, əfsanəvi partizan – fransızların “Armed Mişel”, həmyerlilərimizin “Deqol Əhmədiyə” kimi qürur duyduqları məşhur Əhmədiyyə Cəbrayılovun, əfsanəvi qəhrəmanın oğlu – Qarabağ Müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun, bugünümüzdə isə qəhrəmanlığı, şücaəti ilə fəxr edib öyündüyümüz “Qumbara Tərlan” – Həsənov Tərlan Rafiq oğlunun və bir çox başqa oğulların yurdudur Şəki torpağı.

Möhtəşəm Qarabağ Zəfərimizin ikinci ildönümü ərəfəsində Şəkinin Baş Zəyzid kəndində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə salınmış Abidə-kompleksin açılış mərasimi baş tutdu.

Bu kənddə doğulub boya-başa çatmış igid oğullarımız məşhur “Qumbara Tərlan”ın – Tərlan Həsənovun, “Tankçı Pənah”ın – İsrafilov Pənah Məmməd oğlunun, digər qazilərimiz Abduləzizov Rövşən Nazim oğlunun, Bayramov Sadəddin Aydın oğlunun, Şəki şəhərindən və ətraf kəndlərdən dəvət olunmuş qazilərimizin iştirakı bu mərasimi daha da dəyərli etmişdi.

Kompleksin salınmasında can-başla iştirak edən bütün kənd sakinlərinin hər biri ayrı-ayrılıqda açılış mərasiminə dəvət olunmuşdu. Şəhid ata-analarının, onların ailə üzvlərinin ehtiramla qarşılanması xüsusi razılıq doğururdu. Mərasimdə həmçinin rayon icra hakimiyyətinin başçısı, aparatın nümayəndələri, millət vəkili,  hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, müəllim kollektivi və şagirdlər iştirak edirdi.

Dövlət Himnimizin səslənməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşaraq canlarından keçən qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükut və sayğı duruşu ilə yad edilməsindən sonra şəhidlərin ruhuna dualar oxundu.

Mərasimi açan kənd icra nümayəndəsi tədbir iştirakçılarına Abidə-kompleksinin inşası ilə bağlı məlumat verdi. Daha sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Millət vəkili Cavanşir Feyziyev çıxış edərək, belə möhtəşəm kompleksin salınması təşəbbüsünü irəli sürərək icra edən bütün məsul şəxslərə, kənd sakinlərinə dərin ehtiramlarını və təşəkkürlərini yetirdilər. Qeyd olundu ki, torpaqlarımızın düşmən işğalından azad olunması yolunda Ali Baş Komandanın, eləcə də rəşadətli ordumuzun ətrafında yumruq kimi sıx birləşərək mətanət göstərmiş xalqımızın yekdil ruhu bugünkü gündə də öz bariz nümunəsini göstərməkdədir. Zəyzid camaatı bütün ölkəyə nümunə olacaq addım atmış və xalqımızın iradəsini bu nümunəvi addımla yenidən gündəmə gətirmişdir. Xatirəsi əziz tutulan şəhidlərimizin ruhu şad, qazilərimizin, bu işdə əməyi olan bütün insanların canı sağ olsun!

Şəhid anaları adından çıxış edən Qəndab İbrahimxəlilova şəhid balaların xatirəsini əbədiləşdirməklə onların ruhunu şad edən, şəhid doğmalarının könlünü ovunduran bütün rəsmi şəxslərə, kənd camaatına, bələdiyyə və icra nümayəndələrinə öz minnətdarlığını bildirdi.

Daha sonra mərasim iştirakçıları Xatirə kompleksini ziyarətə dəvət olundu. Abidə-kompleksi təşkil edən hər bir rəmzi məzarın önünə gül dəstələri düzüldü, qəhrəmanlıqla döyüşüb şəhidlik zirvəsinə ucalmış bütün döyüşçülərin xatirəsi ehtiramla anılaraq dualar oxundu. Öz təbii coğrafi relyefi, səliqə-sahmanı və möhtəşəm görünüşü ilə respublika paytaxtındakı Şəhidlər Xiyabanından heç də geri qalmayan Şəhidlər kompleksini yeni ailə quran gənclərin birlikdə ziyarətə gəlməsi tövsiyə olundu. Qeyd olundu ki, sədaqət, məhəbbət, qeyrət və birlik rəmzi olan belə müqəddəs ziyarətgahların yaradılması xalqımızın gələcəyi üçün yeni bir stimul olacaqdır.

Mərasimin ikinci hissəsində Rayon Hərbi Komissarlığının nümayəndəsi Tahir dayı, kəndin yetirməsi, alim-şair Qiymət Məhərrəmli, Baş Zəyziddən və ətraf kəndlərdən olan qazilər, ictimaiyyət nümayəndələri çıxış edərək sayğı və ehtiramlarını bildidilər, məktəblilər şeirlər səsləndirdilər.

Mərasimin sonunda bu böyük layihənin həyata keçirilməsində fədakarlıq göstərmiş, gecəli-gündüzlü çalışmış sakinlərə Baş Zəyzid Kənd Bələdiyyəsinin Fəxri Fərmanları təqdim olundu.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını mərasimin sonunadək fəxrlə dalğalandıran hərbi forma geyinmiş kiçik və böyük yaşlı məktəblilərin sayğı duruşu insanın qəlbini riqqətə gətirirdi. Demək, Şəhidlik yolu – hər zaman nəsillərə Vətən, Torpaq, Bayraq sevgisi aşılayan, bu sevgini daha alovlandıran kişilik, mərdlik yoludur. Bu yolu tutanların yolu Cənnətdən keçir.

Biz də həm öz adımızdan, həm də bütün respublika ictimaiyyəti adından xeyirxah əməl sahiblərinə “çox sağ olun” deyir və Baş Zəyzid Kənd Bələdiyyəsinin sədri Məmməd Abdullayevdən aldığımız kiçik müsahibəni oxucularımıza təqdim edirik...

-Məmməd müəllim, təbii ki, abidə-kompleksin ilk təşəbbüsçüsü kimi, inşasında da sizin çəkdiyiniz zəhmət danılmazdır. Necə oldu ki, belə bir qərar verdiniz? Axı, bu işi görməyə xeyli miqdarda maddi vəsait tələb olunurdu. Bu inam hardandı sizdə?

-Bilirsinizmi, şəhid oğullarımızın cəbhədə göstədiyi qəhrəmanlığın müqabilində onlara abidə həm qəlblərdə, həm də doğulub boya-başa çatdıqları torpaqda hökmən ucaldılmalıdır. Xalq öz qəhrəmanını tanımalı, gənclər onların rəşadətindən, fədakarlığından nümunə götürməlidir. Biz də işimizə elə bu məqsədlə başladıq. “Qəhrəmanlar unudulmamalıdır” prinsipi ilə!

Həqiqətən, gördüyümüz işin belə uğurlu alınacağına bəlkə də ilk başlanğıcda şübhə ilə yanaşanlar var idi. “Bacarmayacaqsınız”, “İş yarıda qalacaq”, “O boyda vəsait hardan əldə olunacaq” kimi fikirlər səsləndirənlərin özləri də sonralar şahid oldular ki, el birliyi, əl birliyi, dil birliyi olan yerdə hər şeyə nail olmaq mümkündür. Necə deyərlər, “El bir olsa, zərbi kərən sındırar”. Biz inanırdıq ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi yolunda atdığımız addım yarıda qala bilməz.

-Bu birlik necə yarandı? Vəsaiti hardan əldə etdiniz?

-Abidənin inşasına 2020-ci ildə başladıq. Kompleksdə əsaslı bərpa-tikinti işlərini Baş Zəyzid bələdiyyəsi həyata keçirib. Bu işdə qeyrətli oğul Səlimov İlqar Əhməd oğlunu hər zaman yanımda gördüm, hiss etdim. Kəndimizin bir-birindən qeyrətli, yurdsevər, torpağına, insanına, şəhidinə sayğılı, dəyər verən çox sayda sakininin maddi və mənəvi dəstəyi olmadan bu böyük işi həyata keçirmək heç cür mümkün olmazdı. Kəndimizin iş adamları, ustalar, traktorçular, sürücülər, fəhlələr – hamı könüllülük prinsipi ilə bu işə qol qoymuş, can yandırmışlar. Necə deyərlər, kimsə maddi vəsaitlə, kimsə əl-qol qüvvəsi ilə öz bacarığını ortaya qoymuşdur. Kənd qəbristanlığı bərpa olunmuş, Abidə-kompleksi üçün ayırdığımız 500 kvadratmetr ərazidə əsaslı tiknti işləri aparılaraq tamet döşənib, on şəhidin qəbirüstü abidəsi yenidən qurulub, işıqlandırma sistemi yaradılıb. Görülən işlər göz qabağında olduğu üçün, bir-bir sadalamağa ehtiyac duymuram. Abidənin ərsəyə gəlməsində Şəkinin icra başçısı Elxan Usubovun və millət vəkilimiz Cavanşir Feyziyevin də maddi dəstəyi olmuşdur. Kənd camaatına, icra başçımıza, millət vəkilimizə, bir sözlə əməyi keçən hər bir insana dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ruhu şad, qazilərimizin canı sağ olsun. Vətənimizin başı üstünü bir də qara buludlar almasın.

 P.S.:  Şəki rayon Baş Zəyzid kəndindən I və II Qarabağ müharibəsi zamanı şəhid olmuş igid oğullarımızın siyahısını təqdim edirik:

 Abdullayev Oktay Rufət oğlu

Səfərov Abid Ələddin oğlu

Mustafayev Nemət İzzət oğlu

İbrahimxəlilov Rafik Baxşəli oğlu

Əhmədov Sərdar Firudin oğlu

Rəsulov Anar Vahid oğlu

Həmidov Qorxmaz Əli oğlu

Məmmədov Möhlüd Seyidməmməd oğlu

İvramxəlilov Müzəffər Hümbət oğlu

 İtkin düşən döyüşçümüz:

 Balənmədov İlqar İsa oğlu

 Şəhidlərimizin ruhuna ehtiramla:

Qiymət MƏHƏRRƏMLİ,

Filologiya üzrə fəlsəfə doktoru, şair