Dünən Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Zəfər Günü münasibətilə təntənəli mərasim keçirilib.

Tezadlar.az 24News.ge xəbər portalına istinadla bildirir ki,  Vaxtanq Saralidze adına konsert salonunda təşkil olunan tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri, bir sıra ölkələrin Tbilisdəki səfirliklərinin hərbi attaşe aparatının rəhbərləri, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin keçirildiyi binanın foyesində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, milli mədəni abidələrinin fotolarından ibarət sərgi açılıb, Şuşanın və Xudafərin körpüsünün maketləri quraşdırılıb. Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğurunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Azərbaycanın Gürcüstandakı hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov və Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət çıxış ediblər. Natiqlər öz çıxışlarında 44 günlük Vətən müharibəsindən və bu müharibədə Gürcüstan əsilli soydaşların dəstəyini xüsusi qeyd ediblər. Baş tutan tədbir çıxışlardan sonra konsert proqramı ilə davam edib. Azərbaycan Respublikasının Xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança), estrada və opera müğənniləri Samir Piriyev, Nərmin Kərimbəyova, Aygün Əsgərova və “Ceyran” Azərbaycan milli rəqs ansamblının üzvlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub. "Təzadlar" Zəfər Günü ilə bağlı baş tutan tədbirdən hazırlanmış video kadırları və müsahibələri aşağıda təqdim edir: