Türkiyədə baş vermiş zəlzələ faciəsi ilə bağlı Gürcüstanda - Marneulidə 21 mart Novruz bayramı ilə bağlı təntənəli bayram konserti keçirilməyəcək.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə 24News.ge xəbər portalına Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze müsahibəsində bildirib. O, qeyd edib ki, bayramla bağlı məhdud formada müxtəlif sərgilər və Novruzun atributları nümayiş olunacaq. Həmçinin dövlət rəsmilərinin iştirakı ilə Novruz tonqalı alovlandırılacaq. Bələdiyyə sədri Novruz bayramında Baş nazir İrakli Qaribaşvilinin Marneuliyə səfər edəcəyinin gözlənildiyini də bildirib. Məlumat üçün bildirək ki, Marneuli meriyası Novruz bayramı ilə bağlı tədbirlərin keçirilməsi məqsədi ilə 85 485 lari dəyərində tender elan etmişdi. "Gürcü Arzusu" partiyasının majoritar bələdiyyə məclisinin deputatı Anar Piriyev isə Marneuli meriyasına Novruz bayramı üçün ayırılan məbləğin Türkiyəyə humanitar yardım edilməsi təklifi ilə müraciət etmişdi.

Xatırladaq ki, ötən il də Marneulidə Novruz bayramı Ukraynada baş verən müharibə səbəbindən məhdud formada keçirilmişdir.