"Bu il martın 21-də Marneuli Bələdiyyəsi Novruz Bayramı ilə bağlı geniş tədbir keçirməyə hazırlaşırdı,

lakin qonşu və dost Türkiyədə minlərlə vətəndaşın həyatına son qoyan təbii fəlakətdən dolayı bu il Novruz Bayramı tədbirini musiqisiz keçirmək qərarına gəldik".
Bu sözləri
24News.ge xəbər portalının suallarını cavablandıran Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze deyib. Sitat:  "Bayramla əlaqədar təşkil olunan şənlik proqramında sərgi pavilyonları təşkil olunacaq, yerli rəssamların əsərlərinin, qənnadı məmulatlarının, güllərin sərgi-satışı, Azərbaycan etnoguşəsində Azərbaycan teatrının aktyorlarının kiçik tamaşası, Azərbaycan mətbəxi üzrə ustad dərsləri keçiriləcək. Həmçinin yemək bişiriləcək və yeməklərin, şirniyyatların və çayın dequstasiyası baş tutacaq. Tədbirdə ənənəvi olaraq Novruz bayramının simvolu olan tonqal yandırılacaq. Bayram proqramı çərçivəsində idman tədbirləri keçiriləcək. Efir vaxtınızdan istifadə edərək hər kəsi Novruz bayramı münasibəti ilə təbrik edir və xoş arzularımı çatdırıram".

Bələdiyyə sədri deyib ki, Novruz bayramında Baş nazir İrakli Qaribaşvilinin Marneuliyə səfər edəcəyi gözlənilir.

Marneuli Gürcüstanın ən çox Azərbaycanlının yaşadığı bölgədir. Burada əhalinin təxminən 75-80 faizi Azərbaycan türküdür.

A.Məmmədli