booked.netbooked.net booked.net  

...Xoş xatirələr həmişə şirin olur. Yada düşdükcə adamın əhvalını dəyişir. Köks ötürürsən, amma həm də dodaqların qaçır, çöhrənə təbəssüm qonur. Onun da xoşbəxt anları çox olub, xatırlayanda gözləri gülür...
“Bizim ailədə biliyə tərbiyəyə, mədəniyyətə çox böyük önəm verilirdi. Böyük qardaşım, bacım və mən, yəni üçümüz də musiqi ilə məşğul olurduq, müxtəlif dərnəklərə gedirdik. Qardaşımız bizdən daha istedadlı idi, lakin o, sonralar elm yolunu seçdi. Fiziologiya ilə məşğul olmağa başladı, Moskvaya köçdü. Bacım isə rəsmlə məşğul olur, şeir yazırdı. 16 yaşına qədər skripka çalırdı. Gözəl səsi var idi. Allah ona bunu böyük töhfə kimi vermişdi. Skripka da gözəl alətdir, amma ən gözəl alət insanın səsidir. O da oxumağı seçdi. Mən gah xor, gah rəqs, gah baletdə özümü sınayırdım. Uğurlu bir gənc idim. Məqsədim var idi, başqalarından seçilməliydim. İndi hamı oxumaq istəyir. Amma çox adam düşünmür ki, bunu bacarır ya yox? Mən bacarmasaydım bu sənətin dalınca getməzdim...”- söyləyir.
10-dan yuxarı filmə çəkilib. Ən çox xoşladığı rolu isə “Liftçi qız” filmindəki roludur.
Deyir ki,- “O vaxtı filmlər üçün yeni simalar lazım idi. Mən də məktəbdə oxuyurdum. "Liftçi qız" filmi üçün məni məktəbdən seçdilər. Arıq, uzun boylu gənc qız axtarırdılar. Mən 6-cı sinifdə oxuyurdum, amma qəhrəmanım 17 yaşında olan gənc bir qız idi. Təsəvvür etmirdim ki, bu rol üçün məni təsdiqləyəcəklər. Foto və video sınaqlardan sonra məni rejissor Həsən Seyidbəyli seçdi. Artıq 2-ci filmə dəvət gələndə valideynlərim şərt qoydu ki, dərslərinə mane olacaqsa çəkilmə! Təkcə dərs yox, obrazın mürəkkəbliyi də məni yorurdu. Söhbət "Mən ki, gözəl deyildim" filmindən gedir. Bu filmdə də mənim qəhrəmanım yaşca məndən böyük idi. Çətin idi, biz Bakıdan ayrılmaq məcburiyyətində qalırdıq. Film Gəncədə çəkilirdi, əksər səhnələr orda idi. 3-4 ay Gəncədə olduq. Gəncəyə çəkilişə anamla gəlmişdim, hətta anam dərslərimdən geri qalmamaq üçün məni Gəncədə məktəbə də yazdırmışdı...”
Səhnədən uzaqlaşsa da, sənətdən hələ də uzaqlaşmayıb. Uzun illərdir ki, Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışır. Yetişdirdiyi tələbələrin səsi dünyanın böyük səhnələrindən gəlir. Onlar solo konsertlər verir və ölkəmizi xarici ölkələrdə layiqincə təmsil edirlər...
“Məni vaxtsız Opera və Balet Teatrından təqaüdə çıxardılar. Bir adam soruşmadı ki, görəsən, nə baş verib ki, bu adamı təqaüdə çıxarmısız? Niyə o cür çətin əsərləri ifa edən sənətçi Opera və Balet Teatrının səhnəsində görünməməlidir?! Niyə səhnəni atıb pedaqoji fəaliyyətlə məşğul olur? Sənətkarın səsi itənə qədər səhnədə olmalı, ifa etməlidir. Mən səhnədən uzaqlaşanda cavan qız idim. Bilirsiniz ki, filmlərdə də çəkilmişəm. Kiminsə məndən xoşu gəlmirsə, mən teatrı tərk etməli idim?! Siz məni sevmirsinizsə, mənim evimə gəlməyin, mən də sizin evinizə gəlmərəm! Opera və Balet Teatrı mənim ikinci evim sayılırdı, mən ordan öz xoşumla heç vaxt üz döndərib getməzdim!..”- söyləyir.
Əlbəttə, hansısa məmurun bu qərarını Azərbaycan mədəniyyətinə bir zərbə kimi də dəyərləndirmək olar. Əslində o, Opera və Balet teatrını itirməyib, Opera və Balet teatrı Xuraman Qasımova adlı bir sənətkarını itirib...
Haqqında söhbət açdığım Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda dünyaya gəlib. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1982-ci ildən Bakı Musiqi Akademiyasının professorudur. Solo oxumaq kafedrasının müdiridir. 1994-cü ildən həm də İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur...
Yüksək mədəniyyət, kübürlıq varlığına hakim olan keyfiyyətlərdəndir. Xanımlara xas olan davranışı onu daha da ecazkar göstərir. O qədər gözəl xüsusiyyətlərə malikdir ki, çoxdan, lap çoxdan, bəlkə də özü hiss etmədən Azərbaycan mədəniyyətində bir dəyərə çevrilib.
Bəli, “Şöhrət”, “Şərəf“ və “İstiqlal” ordenli xalq artisti Xuraman Qasımova DƏYƏRDİR. Adı Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılıb. İllər ötəcək, zaman dəyişəcək, amma Xuraman xanımın adı həmişə yaşayacaq...
İyunun 6-da Xuraman Qasımovanın 72 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı arzulayıram...
Elman Eldaroğlu
("Təzadlar"ın köşə yazarı)
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN