"Yunus Oğuzun "Cığır" romanında müasir Azərbaycan döyüşçüsünün ən mükəmməl obrazı yaradılıb". 

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Sitat: "Müasir Azərbaycan əsgərinin peşəkar hazırlığını, mənəvi-əxlaqi aləmini daha yaxından tanımaq üçün Yunus Oğuzun "Cığır" romanında yaratdığı obrazlardan daha tutarlı obrazlar, məncə, hələlik düşünmək çətindir. Ona görə, "Cığır" romanının Dövlət mükafatına təqdim olunması, düşünürəm ki, ona ən layiqli qiymətdir və yəqin ki,  lazımi qərar qəbul olunacaq. Həm də "Cığır" romanı müstəqil  Azərbaycan tarixinin böyük zəfər mərhələsinin ilk bədii ədəbi salnaməsidir. Çünki Qarabağ müharibəsi, Qarabağ problemi başlayandan indiyə qədər bu hadisələrin ədəbi-bədii kontekstdə işıqlandırılması barədə çoxlu əsərlər yazılsa da, amma, yəqin bu dediklərim heç kimin xətrinə dəyməz, Yunus Oğuzun "Cığır" romanı qədər klassik, nümunə yaradan ikinci bir əsər yoxdur. Bu cəhətdən də "Cığır" romanının Dövlət mükafatına təqdim olunması təqdirəlayiq hadisədir. 
Ümumiyyətlə, Yunus Oğuzun özü  Azərbaycanda çoxsaylı tarixi romanların müəllifi kimi tanınır və tarixi roman yazarları içərisində deyərdim ki, ən məhsuldarlarından biridir. Həm də Yunus Oğuzun tarixi romanlar yaradıcılığı  Azərbaycan ədəbiyyat tarixində bir hadisə kimi düşünülməlidir. Ona görə ki, Yunus Oğuz digər tarixi roman, tarixi əsər müəllifləri kimi sadəcə dəbə uymaq, modaya qoşulmaq xatirinə yox, tarixi hadisələri və tarixi romançılığa yeni baxış nümayiş etdirmək nöqteyi -nəzərdən təqdirəlayiq nümunələr yaradıb. Onun tarixi romanlarının hamısında bizim tarixə yeni, cəsarətli, həm də maraqlı baxış var. Mübahisəli məqamlar ola bilər, amma Yunus Oğuzun tarixi romançılığının parlaq xüsusiyyəti odur ki, əvvəla, o, milli -mənəvi dəyərlərə və tariximizə söykənir. İkincisi, cəsarətli yanaşmaları ilə seçilir. Ənənəvi yanaşmalardan fərqli, cəsarətli yanaşmalar var. Yunus Oğuzun "Cığır" romanı da ədəbiyyat tariximizdə tarixi hadisədir, buna görə də onun Dövlət mükafatına layiq görülməsi, düşünürəm ki, onun layiqli qiymətidir".