Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürk 1932-ci ilin 21 oktyabrında Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur.

İlk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində işıq üzü görmüşdür.

Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürk Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur.

Xəlil Rza 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olmuşdur. "Kitab" adlı ilk mətbu 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində işıq üzü görmüşdür. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, Azərbaycan Yazıçılar İttifaqında xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü" məşğələlərində fəal iştirak etmişdir.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlamışdır. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu – "Bahar gəlir" (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza Institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olmuşdur. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.

1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, fılologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Onu institutda müəllim kimi saxlamışlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.

1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir. Süleyman Dəmirəlin tapşırığı ilə cərrah Paşa adına Şəfa evində onun şəkərini və gözlərini müalicə edirlər. May ayının 19-da Həsaki Qəlb xəstəxanasında Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı aparılır. 1993-cü il fevral ayının 11-də Bakıya qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın yeri bitişmədiyindən müalicə komissiyasında həkimlərin nəzarəti altında saxlanılır. Lakin çox çəkmir ki, həkimlərin məsləhətinə görə, şairi Almaniyaya göndərirlər. 1993-cü il avqust ayının 23-də Xəlil Rza Firəngiz xanımla Bakı-İstanbul-Köln təyyarə marşurutu ilə Almaniyaya gedir, Zolenger şəhər klinikasında müalicəsini davam etdirir. Bakıya qayıdan Xəlil Rzanın bir müddətdən sonra yenə vəziyyəti ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə edirlər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğul olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı. Sonrakı müalicə nəticə vermədi. 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı.

Haşiyə: 27 yaşında Qarabağda şəhid olan Milli Qəhrəmanımız, milli istiqlal şairimiz Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli.

Xəlil Rza Ulutürk Təbrizin şəhid olması xəbərini alarkən həyat yoldaşına “Gözün aydın, oğlun şəhid oldu” demişdir. Onun şəhid olmasından sonra Xəlil bəy hər gün Şəhidlər Xiyabanına gedir, iki il sonra isə vəfat edir.

Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli müharibə zamanı anasına gəlib deyir:
-Ana, mən müharibəyə gedəcəyəm.
-Nə danışırsan. Axı, sənin iki qızın var.
-Elə onlar üçün gedirəm.

Həyat yoldaşı isə qeyd edir ki, onu yanımızda olanda vaxt edib sevə bilməmişdim. Məktublarda sevdim onu. Bir dəfə mənə “bəlkə də axırıncı gəlməyim oldu, vəziyyət qarışıqdır” dedi. Mən isə getməsin deyə təkid etdim. Elə bir cavab verdi ki, heç nə deyə bilmədim: “Heç bilirsən orada mənə Xəlilin oğlu olduğuma görə neçə əsgər inanır? Mən onlara lazımam.”

Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi.

Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) "İstiqlal" ordeni ilə təltif edildi. Bu gün böyük şairin 85 yaşı təntənə ilə qeyd olunur.

Təqdim etdi: Şakir QURBANOV

 


GÜNDƏM

Jurnalistler