Nizami Süleymanoğlu

...Fərqində olmaq fövqəladə zehin halıdır, böyük nemət kimi çox önəmlidir. Həm işləri bilirsən, həm də işini...

Bütün bəlalar, müsibətlər fərqində olmazlıqdan gəlir. İstər insana, istər xalqa. Fərqində olmayanlar ikinci əl insanlar misalı olaraq, palaza bürünüb sürünər. Fərqində olanlar özlərinin, içlərinin ifadəçiləridir, özləridir. Olmayanlar başqalarını təkrarlayan, yamsılayan, şablon, standartlar, mexanikidir. 

İnsanları, hadisələri, prosesi “olduğu kimi” görməkdə və göstərməkdə iç-içə gözəlliklər olur.

Gerçəklik, aydınlıq olmadan görmək mümkün olmadığına görə hadisələrə qaranlıqlar, yalanlar qatılır. Dolaşıqlıq yaradılır ki, həqiqətlər bilinməsin. Bütün pisliklərin təməli yalandır.

Hamı Allahdan istəyir. Anlaşılmır ki, istənilənin haqqı öncə ödənməlidir.

Həyata baxışlar müxtəlifdir. Qınamaq adicədir, anlamaqla anlatmaq isə bir başqa... Həyat əlaqələr prosesi kimi reaksiyaların, mübarizələrin, yardımlaşmaların içindən keçir. Əcaiblik odur ki, insanlar Əzrayılın görəvinə də yüklənir. Hətta öldürməkdən ziyadə betərin betəri kimi kütləvi ölüvaylaşdırırlar. Bu bir dünya prosesidir, GEDİŞATIDIR...

...Ömrü boyu ölüvaylaşdırmağa qarşı həyatı qeyri-adi mübarizələrlə dolu olan köhnə bir kişi düşüncələrindən yenidir bu yazı. Elə bir köhnə kişilik ki, həmişə təzə-tər qalır və qalacaq. Böyüklük, adamlıq nümunəsidir ADAM.

FİRUDİN BƏY ŞUŞALI (ŞUŞİNSKİ)

Mən öyrədiciliyə, öyrədənlərə həmişə sevgi, sayğı bəsləmişəm. Türklər müəllimə öyrətmən deyir. Öyrənmək həyat tərzim olub uşaqlıqdan.

Şuşadan üç öyrədici fərqli şəxsiyyət tanıyıram. İkisi məlum, Üzeyir Hacıbəyli və Əhməd Ağa oğlu, üçüncünü isə Azərbaycan, sadəcə, musiqi tədqiqatçısı kimi tanıyır. Əslində isə xüsusən ötən əsrin 60-cı illərindən son dövrün Şuşa-Qarabağ təhlükələri üzrə qoruyucu, sonuncu mogikan idi. Ölməz insan.

Öz dövrünün 40 illik araşdırmaçı arxivçinin düşüncələrini dediklərindən, yazdıqlarından indiyə qədər araşdırdım. Təbii ki, davam edirəm. Bu barədə mənəvi-elmi öhdəliklərim var: o kişinin böyük ruhu qarşısında Allah xatirinə.

Firudin bəy Şuşalı Şuşanın tarixini, taleyini qəlbində, beynində görüb, hiss edirdi. Bu onun fərqli yanaşma tərzi olub. Nələr etmək üçün nələrin lazım gəldiyinin bilicisi idi. Bütün həyatını Şuşaya bağlayan bu böyük adamın uzaqgörənliyini öz dövrü istisna son çağlar, illər və Qarabağdakı durum dönə-dönə təsdiq edir. Onun strateji zəkası heyranlıq yaradır. Nələri buyurub, tövsiyə edib Şuşalı Bəy? Nələri buyurmayıb ki?

...Öyrənməyi də doğru öyrənmək vacibdir. Necə öyrənməyi bilmək öyrənmək bacarığını formalaşdırır. Bu zaman beyin necə doğru işlədiyini daha da dəqiqləşdirir. Öyrəndiklərinin fərqində olan insan daha çox öyrənməyə meyilli olur. Çünki beynə nəzarəti güclənir. Öyrənmək xarici dünyadan daxili dünyaya məlumatların, informasiyaların transfer edilməsi prosesidir. Görüntü və səslər beyində düşüncələr oyadır. Beyin duyğu orqanlarının beynimizə göndərdiklərini ağlın göstərdiyi formada emalla istifadə edir. Məlumatları nəzəriyyə, davranış, inanc, ittiham və sairələr kimi uyğunluğu ilə şaxələndirir. Beynə millilik, ləyaqət, mərdlik və digər müsbət məziyyətləri əhatə edən kompleks düstur yüklənməlidir. Təbii ki, alternativ tədbirləri ilə birgə hiyləgərliyə uduzmayasan. Bu gərəkli vasitələrin içində musiqi, gözəl səslər, həzzlər və düşüncələr də olduqca həyati əhəmiyyət daşıyır. Beyin gözəl xəyallarla, yaşantılarla bəslənməlidir. Çünki xəyallar canlandırılanda hafizədə görüntü kimi arxivlənir. 

Olduqca həssas musiqi tədqiqatçısı, elmi ilə polifenik (çox şaxəli) ağıla malik olan bilici bəy düşünürdü: duyğular prosesləri, hadisələri dərk etdiyi qədər beynə ötürür. Hər şeyi isə ötürə bilmir. Çünki dərk etmə aşağıdır, cahillikir, yalan və saxtalıqdır.

Beynin məlumatları tanıma, anlama, təsnifetmə qabiliyyəti inkişaf etdirilməlidir. İnsan, əhali, xalq nəyi axtardığını bilirsə və ona uyğun olaraq beyninə axtardığını dəqiq ünvanlayırsa, onları qazanmaq imkanını artırır. Həyatda nəyi istəməyin əhəmiyyəti məhz bununla əlaqəlidir. Nəyi axtardığını, aradığını bilməyənlər onu tapmaq üçün nələr etməyin vacibliyini də bilməz. Ona görə də beynə arananların, məlumatların, şeylərin, nəsnələrin konkret tam təfərrüatı verilməlidir ki, beyin onları tapsın, gətirsin və ya yolunu açsın.

Düşüncələrinizi hərəkətə keçirin ki, varlıq dəyəri qazansın. Əksər insan üçün problem plan qurmaq deyil, plana uyğun olaraq hərəkət edə bilməməkdir.

Firudin bəy bütün yaradıcı mövzularında əsas olan ideyanı məharətlə tuturdu. Buna görə də məqalə və kitablarında (xüsusən başı çox ağrı çəkdiyi və sağlığında çapını görmədiyi “Şuşa” kitabında) dedikləri qədər demək istədiklərini də anlamaq, dərk etmək fikirlərinin alt qatlarını kəşf etmək vacibdir. O bir dəryadır...

“Şuşa” əsərini yalnız oxumaq üçün yazmayıb. Şuşanı daha dərindən anlamaq və anlatmaq üçün həmin kitabı xəzinə kimi xalqa miras qoyub. Yazıb ki, xalq çarə arasın. Əslində o çarələri də öz bənzərsiz, yalnız özünəməxsus qeyri-adi mübarizəsi nümunəsində göstərdi. Görmək istəməyənlər, görməyə mane, əngəl törədib, pəl vuranlar və sairələr isə sadəcə bəhanələr oldu.

Şuşalı Bəy dərinliyi ilə anlayırdı ki, Azərbaycan xalqının çarəsi məhz onun beyninin fərqli zəka keyfiyyətlərilə sıx bağlı məsələdir.

Ona görə “dilin müştərisi qulaqdır” deyib televiziyada, radioda, müxtəlif məclislərdə çıxışlar edir, kitablarında isə sözləri xəzinə-miras niyyəti ilə “zəncirləyirdi”.

...Düşünmək bilikləri bir-birilə əlaqələndirməyin sürətli və təsirli yoludur. İki qavramı, məsələni bir arada düşünsəniz, onlar arasında daha çox əlaqə qura bilərsiniz. Həyat araşdırmalara və araşdırmaçılara daha çox qapı açır.

Ustad buyururdu: Unutmayın, beyin fasiləsiz işləmə vərdişinə görə boşluğu sevməz, beyin boşluğunu, işini lazımi biliklərlə, məlumatlarla təmin etməyəndə o, öz boşluqlarını mənasız, hətta insanlığa zidd məsələlərlə doldurmağa ehtiyac duyar. Ona görə də uğur qazanmaq üçün araşdırmalara aid kitablar, mənbələr oxumaq və müsbət istiqamətdə xoş məqsədlərlə fikirlərə dalmaq doğrudur. İnsan beynində dəfələrlə canlandırdığı xəyali rəsmlərdə olmaq istədiyinə çevrilə bilir. Xəyal gücü özünün gerçəkləşdirmə qabiliyyətinə malikdir.

Bu gücün məqsədlər üçün istifadə edilməsi isə insanın və xalqın seçiminə bağlıdır.

Azərbaycanlıların bəziləri (mən deyərdim əksəri - müəllif) sanki günahkarlıq psixologiyasının daşıyıcıları kimi davranır və yaşayır. Niyə belə? Təfərrüatlı, məntiqli öyrənmə çatmır. İstək güclü, yetərli deyil ki, öyrənmək səviyyəsini artıra. Azərbaycanda vətənə, dövlətə, torpağa, özünə, keçmişinə, indisinə, gələcəyinə və çox şeyə diqqət yetirmək ciddiliyi, məsuliyyəti çox aşağıdır. Bu, böyük problemdir. Dərinliklərini yaxşı öryənməməklə bu problemlər öz mövcudluğunu yeni problemlər yaratmaqla sürdürür.

Öyrənmək üçün həm də yazmaq, qeydlər aparmaq, diqqəti inkişaf etdirmək əsasdır. Açıq deyək, azərbaycanlılar inandıqlarına zidd olan həyat tərzini yaşayır. Amma buna məcbur deyil...

Xalqının, millətinin cəfakeş böyük övladlarından olan Şuşalı Bəy biliklənməni bağlı qapıların açarı kimi görürdü...

...Çox bilik yox, lazımi bilik və ondan istifadə daha üstündür. Çünki məhz lazımi bilikdən istifadə edən uğur gətirən fikirlər layihələnir. Bilik hərtərəfli düşünmək və ağıllı davranmaq üçün məqsədli vasitədir. Bilikləri uğura çevirmək isə ən lazımlı sənətdir. Beynin bilikləri ilə diqqətini bir nöqtəyə (hadisəyə, prosesə) cəmlənməsində o daha güclü olur. Beyin gücünü idarə etmək üçün etməli olduğumuz və olmadığımız qaydalara əməl etmək vacibdir.

Beynə verilən tapşırıq nə qədər dəqiq və qısa olarsa, beyin də o qədər dəqiq və sürətli cavab verər. Beyin rəngarəngliyi və müxtəlifliyi tələb edir. Eyniliklərdən bezib, yorulur. Ona görə də bütün yorğunluqların başında beyin, psixoloji durur. İnsanı və xalqı hipnoz etmək üçün uzunmüddətli eyniliklərdən istifadə edilir. Uzun illər eyniliklərindən yorulan beyinlər yuxulu vəziyyətə bənzər hala düşür. Dağıdıcı, sıxıcı iş gördükdə və ya işsiz, gücsüz qaldıqda insanlar da hipnozda olduğu kimi hərəkət və düşüncələrində yavaşıyır, transa məruz kimi qalır. Çünki beyin məqsəd tələb edə bilməyərək gücünü zəiflədir. Səbəbi isə beyin sahiblərinin məqsədlərinin olmaması və ya yetərsizliyidir.

Firudin bəy Azərbaycan xalqının öyrənmək, biliklənmək, maariflənmək problemi yolunda əsas əngəllərdən, pis vərdişlərdən birini də unutqanlıqda görür və deyirdi: unutqanlıq milli bəladır və öyrənməyin qənimidir. Susqun, passiv xalq(lar)ın enerjisi də susar. Xalqın başına gələn tarixi müsibətlərin əsasında duran səbəblərdən biridir unutqanlıq. Tarixi hadisələri bir-biri ilə əlaqələndirmə yolu ilə yadda saxlamaq ən doğru metoddur.

Xalqın beyninə, həyatına o qədər neqativ, kədər, faciə yüklənir, o qədər qorxular yaradırlar ki, xalq gözünü aça bilmir. Məqsəd qorxaqlaşdırmaqla ruhu basqı altında saxlayıb insanları manqurtlaşdırmaqdır. Qarabağ məsələsi də böyük proseslərdə, böyük dəyişikliklərlə müşayiət olundu və olunacaq. Allah axırını xeyrə calasın. Hər şeyin çarəsi olan kimi maneələrdən keçməyin də ən yaxşı yolu o maneələrdən keçməyə çalışmaqdır. Bundan başqa çarə yoxdur. Bu şüura, elmə, hüquqa əsasən zamanın hökmüdür. Bu hökm xalqın ona aid ən təbii haqqıdır. Bu xalq ümumxalq beyninin tələbi olaraq gerçəkləşdirilməlidir. Xalq beyni üçün zamanın hökmü, tələbi gerçəkləşdirilməyəndə həmin xalqın beyni korşalar, kiçilər passivləşər. İşləksiz boş başlar isə şeytanın oylağına çevrilər. Beyin yaradıcı olmayanda dağıdıcı olur. Ona görə də xalq öz beyninin yaradıcılıq imkanlarını aramalı, gerçəkləşdirməlidir. Problemlərdən qurtulmaq üçün öncə xalq problemli şüurundan qurtulmalıdır. Hər hansı görülən işə nə qədər çox səbəb, məqsəd yüklənərsə, o iş o qədər dəyərlənib mühümlük qazanaraq, faydalı olar. İnsan gözəlliyin hər sahəsini yarada bilən bilik daşıyıcısıdır. Heyhat, biliyi əsasən bəziləri vəşhiləşdiriciliyə yönəldir. Halbuki insanın ən böyük istəyi dəyərli olmaqla dəyərləndirməkdir. Dəyəri dəyərlilər yaradır, dəyərləndirənlər dəyərləndirilir.

Bəşəriyyət İLAHİ İRADƏNİN sərhədləri içindədir. Bu iradə qaydasızlığa, qanunauyğunsuzluğa, şansa, təsadüfə, amansızlığa, hikmətsizliyə bağlı deyil. Unudulmamalıdır. Təhlükəsizliyi üçün müstəqilliyindən vaz keçən toplumlar həm təhlükəsizliyindən, həm də müstəqilliyindən məhrum olar.

P.S. Şuşa gündəlikdən çıxmayan mövzudur. Orada iki ölkə rəhbərinin görüşünün tarixi əhəmiyyəti yaşayacaq. Çoxları çox izah verdi. Düşünürəm hər halda tarixi, strateji təsəllidir. İnanıram ki, dünyada nələr baş verməsindən asılı olmayaraq Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Şuşa da Yerusəlim kimi müqəddəs şəhərliyini qoruyacaq. Ruhu təmiz, xoş niyyətli müəllifləri oxuyub dinləyəndə ruhu enerji sahəsi müsbət yüklənir. Söz ustaları buna görə tarixən sevilir, Firudin bəy Şuşalı kimi. Onun elmi potensialının müxtəlif tərəfləri, cəhətləri, xüsusiyyətləri zamanı gəldikcə təqdim ediləcək.

Allaha demə dərdim var,

Dərdinə de, Allahım var.

Mövlanə


GÜNDƏM

Jurnalistler


IMAGE
ŞƏHİD ANASI...
Friday, 20 May 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA