Müğənni Səidə Sultan “MTV maqazin” verilişində ərə getmək istəmədiyini bildirərək belə deyib: “Yaşım 40-a yaxınlaşır, bundan sonra hansısa bir kişinin nazını çək, paltarını yu, ona bax, mənə desin ki, onu-bunu etmə. Bacarmaram, mənlik deyil”.

P.S. Səidə xanım, sən də kişinin nazını çəkmə, pulunu çək, bəsdir, ə tövbə!

***

Müğənni Nura Suri dünya ulduzu Şakiranın həyat yoldaşı, məşhur futbolçu Jerar Pikenin xəyanətini bağışlamamasına münasibət bildirərkən bir sayta belə deyib: “Şakira bağışlamadı. Niyə, bilmirəm. Amma o cür kişidən boşanmazdım. Bir dəfə xəyanət edib, keç... yazıqdır...”

P.S. Nura xanım, tam doğru deyirsən. O cür pullu kişidən kim boşanar ki? Ona görə də bizim şou-əhli xanımlar ailəli olsa da, pullu sponsorlardan boşanmazlar dəə... üzr istəyirəm əl çəkməzlər...

***

Aparıcı Rövşanə Ağasəfqızı “MTV Azərbaycan” kanalında həmkarlarını plastik əməliyyatlarla bir-birinə bənzəməsini pisləyərək deyib: “Nə qədər bir-birinə bənzəyən insanlar var. Eyni şişmiş dodaqlar, qalxan gözlər, balaca burun... Yəni eyni sifətlərdir”.

P.S. Rövşanə xanım, onsuz da bu şou-əhlinin hamısı savadsızlıqda, sənətinin və səsinin olmamasında bir-birinə bənzəyirdi. İndi sifətlərini də bir-birinə oxşadaraq, dönüb olublar inkubator cücələri. Hamısı da eyni cür cippildəşirlər. Bunların hamısı eyni, yəni qırmızı sifət olduğundan abır-həyanı da eyni dərəcədə itiriblər. Ona görə də şou-əhlinin bir-birinə bənzəyən o qırmızı sifətlərinə heç bir söz təsir etmir. Bu səbəbdən də eyni qırmızı sifətləri olan bu şou-əhlini bir “Kamaz”a yığaraq, aparıb işğaldan azad edilən rayonların minalanmış ərazilərinə buraxmaq lazımdır. Qoy, heç olmasa, ömründə bir dəfə də olsa, Vətənə xeyirləri dəysin. Dinəndə hamısı yaxalarını cırırlar ki, (heç cırmağa yaxaları var ki? əyinlərində paltarları olmadığından hər şey, həmişə çöldədir - E.). Vətən üçün canımızdan keçərik. Di gedin, minalanmış əraziyə və Vətən üçün efirdə, səhnədə yox, torpaqda canınızdan keçin.

***

Deputatların maaşlarının artırılmasından əvvəl, bu barədə söhbət yayılanda millət vəkili Etibar Əliyev bir sayta belə açıqlama vermişdi: “Deputatların maaşlarının artırılmasından xəbərim yoxdur. Niyə deputatın maaşı qalxanda narazılıq olur? Elələri var ki, əmək haqları yüksəkdir, onlara niyə etiraz etmirlər? Düşünürəm ki, bu, dövlətin maaş siyasətidir”.

P.S. Deməli, Etibar bəy düşünür ki, bu, dövlətin maaş siyasətidir. Bu sözlər mənim yadıma ulu öndər Heydər Əliyevin bir müşavirədə, adını unutduğum bir məmura dediyi sözləri yadıma saldı. Keçirilən müşavirədə H.Əliyev bir məsələ ilə bağlı həmin məmurə müraciətlə belə dedi: “Dur, mənə cavab ver görüm, bu, niyə belə olub?” Həmin məmur yerindən qalxa-qalxa deyir: “Cənab Prezident, mən belə düşünürəm ki...”.

Məmur heç qəddini düzəltməmiş H.Əliyev onun sözünü kəsərək, ağzında qoyur və deyir: “Nə? Mən səni ora düşünmək üçün qoymuşam? Mən səni ora mənim dediklərimi icra eləmək üçün qoymuşam”.

İndi seçkilər zamanı Fərəc Quliyevlə Mehman Hüseynovun davasından qazanaraq, sırf təsadüf nəticəsində Milli Məclisə düşən ay Etibar bəy, səni ora düşünmək üçün qoyublar, yoxsa yuxarıdan gələn göstərişləri düymə basmaqla icra etmək üçün? O məşhur lətifədə deyildiyi kimi, Əzrayıl qardaş özü bilər nə etmək lazımdır. Sənin düşünməyinə isə ehtiyac yoxdur, Etibar bəy.

***

Qazaxıstan prezidenti Qasım Comərd Tokayevin Sankt-Peterburqda keçirilən beynəlxalq tədbirdə Putinin düz gözünün içinə “Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü tanıyır və “DNR”-i “LNR”-i heç vaxt müstəqil dövlət kimi tanımayacaq” - deməsi hələ də gündəmin mövzusudur. Belə cəsarəti gözləməyən V.Putin isə heç nə deyə bilmədiyindən dişi bağırsağını yox, dırnaqlarını kəsirdi.

P.S. Bu ilin yanvarında ölkəsində qalxan etirazları yatırtmaq üçün Qazaxıstana rus qoşunlarını dəvət edəndə, hamı Comərd Tokayevi bu addımına görə “namərd” adlandırırdı. İndi Putinin üzünə cəsarətlə dediyi sözlərə görə, həm “günahının” bir hissəsini yudu, həm də ona “mərd oğlu mərd”, “türk oğlu türk” dedilər. Qazaxıstan prezidenti bu adı indi haqq edir, halal olsun!

***

Qəzetlərin birində İranla bağlı yazıya belə başlıq qoyulub: “İran Ukraynadakı qondarma rejimlərlə iş birliyini genişləndirir”.

P.S. Burada qəribə heç nə yoxdur. Bununla da İran dövlət olaraq molla rejiminin heç bir normal siyasətinin olmamasını, uzaqgörən siyasət yürüdə bilməməsini göstərir.

***

Məlumatlara görə, DTX Gömrük Komitəsində əməliyyat keçirib və aralarında general rütbəsi olmaqla xeyli vəzifəli şəxslər saxlanılıb. Vəzifəli gömrükçülərdən olan general Ehtiram Xəlilov isə 200 min manat rüşvət alarkən elə iş başında “ilişib”.

P.S. Gömrük Komitəsində işləyənlərin 90 faizinin nehrəmli olduğunu nəzərə alsaq, onda demək olar ki, bu qurumda nehrəmlilərin yarpaq tökümü başlayıb. Yəqin tezliklə “içəridə” nehrəmlilərdən ibarət yeni Gömrük Komitəsi yaradılacaq. Çünki bir milyon manatdan aşağı, yəni “kakoy ni bud” 200 min manat rüvət almaqla, Rüşvət müəllimin adını batırdığı üçün Ehtiram Xəlilova heç bir güzəşt olmamalı və bundan sonrakı fəaliyyətini, öz bilik və bacarığını “içəridə”  göstərməlidir...

***

Şairə sayılsa da, düz-əməlli şeiri gözə dəyməyən, əvəzində qalmaqallarla gündəmdə olan Nazilə Səfərli bir sayta açıqlamasında təzə toy edib gətirdiyi gəlini barədə danışarkən belə deyib: “Onların öz evi var, hələ öz evinə öyrəşməlidir, tam oturuşmalıdır. Gəlin qapılar gəzməz”.

P.S. Həə... deməli, gəlin qapılar gəzməz... Bəs qayınana necə? Nazilə xanım, qapılar, efirlər gəzə bilər?

***

Müğənni və özünü super sənətkar sayan, heç kəsi bəyənməyən Şəbnəm Tapdıq “Gündən-günə” proqramında kişilərlə tək şəkil çəkdirmədiyindən danışaraq, belə deyib: “Mənimlə şəkil çəkdirmək istəyən fanatlara dedim ki, gərək yanınızda xanım olsun. Çünki mən tək kişilərlə şəkil çəkdirmirəm. Birdən aparıb evdə göstərərlər, başqa söz deyərlər”.

P.S. Şəbnəm xanım, əvvəla, kişilərlə şəkil çəkdirmədiyinə görə kişisiz, yəni subay qalmısan dəə... İkincisi, onu düz deyirsən ki, səninlə çəkilmiş şəkili kişilər aparıb evdə göstərsələr, “toçnu” söz deyəcəklər. Məsələn, ərinin səninlə şəkil çəkdirdiyini görən arvad belə deyərdi: “Kül sənin kişi başına, şəkil çəkdirməyə müğənni tapmırdın? Gərək elə bununla şəkil çəkdirəydin?” Şəbnəm Tapdıq da ərlərin arvad qarşısında belə danlaqlarını eşitməməsi üçün, elə düz edib kişilərlə şəkil çəkdirmir dəə...

ELÇİN

elcinmemmedli This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA