Müsahibimiz Türkiyənin Fənərbaxça Universitetinin  beynəlxalq əlaqələr üzrə direktoru, İqtisadi, İnzibati və Sosial Elmlər fakültəsinin siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müəllimi, elmlər doktoru Osman Gültəkindir...

Bakıda “Kaspian plaza”da Biznes Mərkəzində yerləşən Oksford və Qafqaz Təhsil Mərkəzləri dil, xaricdə təhsil və beynəlxalq sertifikatlara hazırlıq (IELTS, TOEFL)üzrə ixtisaslaşmış şirkətdir. Şirkət 2016-ci ildə fəaliyyətə başlamışdır. Burada 40 nəfərdən ibarət təcrübəli, təhsilini həm ölkə daxilində, həm də xaricdə almış, beynəlxalq sertifikatlara malik peşəkar müəllimlər təşkil edir. Həm Oksford Təhsil Mərkəzinin, həm də Qafqaz Təhsil Mərkəzinin tələbələrinin əksəriyyətini isə orta məktəblərin yuxarı sinif şagirdləri, müxtəlif universitetlərin bakalavr, magistr tələbələri, həmçinin Türkiyə və Avropada yaşamaq, təhsilini orada davam etdirmək niyyətində olanlar təşkil edir. Hər iki Təhsil Mərkəzi göndərdikləri universitetdən asılı olmayaraq tələbələri yataqxana ilə də təmin edirlər.

Ötən şənbə günü  Fənərbaxça Universitetinin əməkdaşlıq etdiyi Qafqaz Təhsil Mərkəzində elmlər doktoru Osman Gültəkinlə Türkiyədəki təhsil, azərbaycanlı tələbələrini təhsilə marağı, hansı elmlərə maraq göstərməsi və s. barədə xeyli maraqlı söhbətimiz oldu. Həmin söhbəti “Təzadlar”ən oxucularına da təqdim edirik. İnanırıq ki, bu söhbət oxucularımız üçün həm maraqlı olacaq, həm də Türkiyə və Avropa universitetlərində təhsil almaq istəyənlər Oksford və Qafqaz Təhsil Mərkəzlərinə müraciət edəcəklər.

-Osman bəy, sizi xoş gördük, qaradaş Azərbaycana xoş gəlmisiniz.

-Çox sağ olun, xoş gününüzə gələk.

-Bimək istərdik, universitetiniz nə vaxt yaranıb, təhsildə ən önəm verdiyiniz məsələ nədir, abituriyentlər  niyə məhz sizi seçməlidir və sizin Universitetinizi seçməklə onlar nə qazanırlar?

-İlk olaraq bildirim ki, Fənərbaxça Universiteti 2016-cı ildə təsis edilib. Rektorumuz professor Məhəmməd Əmin Aratdır. Fənərbaxça klubunun sabiq prezidenti Əziz İldırım (Aziz Yıldırım) hələ 2002-2003-cü illərdə bir universiteti açmağı planlaşdırırdı. Ancaq Türkiyədə yaşanan bəzi hadisələr bu xəyalın reallaşmasını bir qədər gecikdirdi, ona görə də universitet 2016-cı ildə yaradılıb, amma fəaliyyətə 2019-cu ildən başlayıb. 2018-ci ildə Əli Qoç (Ali Koç) Fənərbaxça klubunun prezidentli seçildikdən sonra o, universitetin idarəçiliyini peşəkar kadrlara həvalə etmək istədi. Ali Koç həm də Qoç Universitetinin təsisçisi olduğu üçün bir universiteti necə idarə etmək lazım olduğunu olduqca yaxşı bilirdi. Beləliklə,  2018-ci ildə Fənərbaxça Universitetinin idarəçiliyi “Medicana Group”a həvalə olundu. Yəni bu gün Fənərbaxça Universitetini Fənərbaxça idman klubu və “Medicana” xəstəxanalar qrupu bir yerdə idarə edir. “Medicana”nın bu il Türkiyədə 17 böyük xəstəxanası fəaliyyət göstərəcək. Qurum İngiltərə və Almaniya kimi ölkələrdə də səhiyyəyə ciddi investisiya qoyub.  Türkiyədə “Müasir Elm Akademiyaları” adı altında kollecləri fəaliyyət göstərir.

-Universitetin yeni olması hansısa problemlər yaradırmı?

-Fənərbaxça Universiteti yeni olsa da, biz bunun çətinliyini yaşamırıq. Çünki Fənərbaxça klubunun milyonlarla azarkeşi var. Dünyanın istənilən yerində Fənərbaxça markasını müzakirə edərək dost tapa bilərsən. Ona görə də buraya gələn tələbələr yeni bir universitetin yox, qlobal cəmiyyətin üzvü olurlar. Fikrimcə, bu, onlar üçün böyük üstünlükdür. Üç ildir təhsil verməyimizə baxmayaraq, bu gün xarici tələbələrlə bir yerdə 6 min tələbəmiz var. Ümumi sayın 15 faizini xarici tələbələr təşkil edir. Müxtəlif mədəniyyətlərin daşıyıcıları bir universitetin daxilində birləşirlər. Univeristetimiz qəbul üçün hər il 3 min yer ayırır, bunlardan 1500 yer türkiyəli tələbə, elə bir o qədər də xarici tələbə üçün nəzərdə tutulur. Biz azərbaycanlı tələbələrin universitetimizə gəlməsini çox istəyirik.

- Fənərbaxça Universiteti hansı sahədə xüsusilə ixtisaslaşıb? Yəni prioritet ixtisaslarınız nələrdir?

- Əsasən, idman və sağlamlıq sahəsində ixtisaslaşmışıq. Çünki başlanğıcda fəaliyyətimiz bu istiqamətlər üzrə olub. Amma təbii ki, bu gün digər peşələr üzrə də təhsil veririk. Hazırda universitetimizdə 6 fakültə var: İqtisadi, İnzibati və Sosial Elmlər fakültəsi, Mühəndislik və Memarlıq fakültəsi, Rabitə fakültəsi, Sağlamlıq Elmləri fakültəsi, İdman fakültəsi və Əczaçılıq fakültəsi. Tədris ingilis və türk dillərində aparılır. Amma əksər sahələrdə ingiliscə təhsil üstünlük təşkil edir. İqtisadi, İnzibati və Sosial elmlər fakültəsində tədris ancaq ingilis dilindədir. Burada iqtisadiyyat və maliyyə, idarəetmə və informasiya sistemləri, ingilis dili və ədəbiyyatı, siyasi elmlər və beynəlxalq münasibətlər, psixologiya kimi ixtisaslar var. Mühəndislik və Memarlıq fakültəsində isə, kompüter mühəndisliyi, sənaye mühəndisliyi, daxili memarlıq və memarlıq ixtisasları yer alır. Radio və televiziya, ictimaiyyətlə əlaqələr, yeni media ixtisasları Rabitə fakültəsinin tərkibindədir.

Sağlamlıq elmləri fakültəsində isə, çoxlu sayda ixtisaslar var. Bunlar arasında fizioterapiya və reabilitasiya, tibb bacısı ixtisasları üzrə təhsil həm ingiliscə, həm də türkcədir. İdman fakültəsində isə, 4 ixtisas var: məşqçilik, idman elmləri, bədən tərbiyə müəllimliyi, idman menecmenti. İdman fakültəsində Fənərbaxça klubunun təsislərinin istifadə edilməsi tələbələr üçün böyük üstünlükdür.

Bildirim ki, azərbaycanlı tələbələr seçim zamanı, əsasən, idarəetmə və informasiya sistemləri, kompüter mühəndisliyi, fizioterapiya və reabilitasiya və Rabitə fakültəsinin tərkibindəki ixtisaslara üstünlük verirlər. 

-Universitet sadəcə bakalavr təhsili verir, yoxsa magistr və doktorantura üzrə də təhsil almaq mümkündür?

-Xeyr, tələbələr universitetimizdə həm də magistratura təhsili ala bilərlər. Lakin hazırda sadəcə iki ixtisas-biznesin idarəedilməsi və idman elmləri üzrə bu təhsili verə bilirik, idman elmləri üzrə istəsələr doktorantura təhsili üçün də müraciət edə bilərlər. Planlarımız arasında növbəti il üçün Hüquq, Diş həkimliyi və Tibb fakültəi açmaq var.

Həmçinin 9-11-ci sinif şagirdləri üçün universitetimizdə gələn il futbol yay düşərgələri təşkil etməyi düşünürük. Onlar həm universitetimizdə sağlamlıq və ya ingilis dili üzrə təhsil alacaqlar, həm də  Fənərbaxça idman klubunun mərkəzlərində məşq edəcəklər. Bu yolla həm İstanbulu, həm Fənərbaxça Universitetini tanımış olar, həm də ingilis dilini öyrənərlər.

- Türkiyədə hər universitetdə xarici tələbələr üçün müraciət tarixi fərqlidir. Sizin universitetin müraciət vaxtı hansı tarixlər arasındadır?

-Dərslər oktyabrın 3-də başlayır. May ayının sonlarından oktyabrın 3-dək tələbələr qəbul üçün müraciət edə bilərlər. Amma bəzən tələbə qeydiyyat üçün sənədləri çatdırmırsa, YÖK qeydiyyat müddətini bir neçə gün uzatmağa icazə verir. Tədrisə, əsasən, payızda başlasa da, qeydiyyata gecikənlər yazda da başlaya bilir. Amma qeydiyyat mütləq şəkildə payıza qədər olmalıdır.

- Müraciət zamanı hansı sənədlər tələb olunur və hansı fənlər üzrə imtahan keçirilir?

-Abituriyentlər attestatla universitetimizə müraciət edə bilərlər. Təbii ki, qiymət ortalamasına baxırıq. Qəbul almaq üçün göstəriciləri (GPA) 60-ın üzərində olmalıdır. Belə olanda tələbənin müraciəti dəyərləndirməyə alınır, amma qəbula zəmanət vermirik. Çünki tələbələrin fəaliyyətinə baxılır, ona uyğun qəbul verilir. İngiliscə bölməsinə qəbul alan abituriyentin TOEFL-ı yoxdursa, bu, problem deyil. Qeydiyyatdan keçdikdən sonra biz onun üçün ingilis dili imtahanı təşkil edirik. Həmin imtahanda yaxşı nəticə göstərirsə, təhsilə başlaya bilir. Həmçinin türk dili sertifikatı (TÖMER) yoxdursa, onun üçün də imtahan keçiririk. Amma nəticəsi minimum B1 olmalıdır.

- Osman bəy, Universitetinizdə təhsil haqqı nə qədərdir?

-Bu il xarici tələbələr üçün xərclər az olacaq. Universitetimiz yeni olduğu üçün tələbələrə uyğun qiymətlər təklif edirik. Belə ki, normalda tədris ingilis dilində aparılan ixtisaslar üzrə illik ödəniş 4 min, türk dilli tədris olan ixtisaslarda isə 3 min dollardır. Amma azərbaycanlı tələbələrə məhz milliyətlərinə görə hörmət əlaməti olaraq ilgilis dilli ixtisaslar üçün 3 min, türkdilli tədris üçün isə  2 500 dollar ödəniş təklif edirik. Magistr təhsili üçün illik ödəniş 6 min dollar olduğu halda, azərbaycanlı tələbələrə üçün bu məbləğ 4 min dollara salınıb.

- Fənərbaxça Universitetinin yataqxanası varmı?

- Hazırda yataqxana yoxdur, ancaq gələn il açmağı planlaşdırırıq. Bu il isə tələbələr yerləşmədə problem yaşamasın deyə, universitetimiz özəl yataqxanalarla əməkdaşlığa başlayıb. Tələbələr üçün əvvəlcədən yerlər almışıq. Ona görə də yataqxana ödənişini universitetimizə edəcəklər. Yataqxananin illik qiyməti üç min dollar təşkil edir. Amma mütləq deyil ki, bizim təşkil etdiyimiz yataqxanalarda qalsınlar.  Ayrıca ev tutub orada da qala bilərlər.

- Xarici tələbələr üçün təqaüd proqramı mövcuddurmu və nə qədər tələbə bundan faydalana bilir?

-Əvvəldə də dediyim kimi, əgər azərbaycanlı tələbə bizim universitetə qəbul olursa, dərhal ona 25 faiz təqaüd verərək illik ödəniş qiymətini azaldırıq. Amma tam təqaüd vermirik. Daha artıq təqaüd almaq üçün Fənərbaxça klubunun fərqli idman növləri üzrə komandalarının tərkibində olmalıdır. Çünki biz aktiv idmançı olanlara təqaüd veririk.

-Bəs universitetin başqa xarici universitetlərlə əməkdaşlığı mövcuddurmu? Yəni tələbələr Fənərbaxça Universitetində mübadilə proqramından istifadə edərək, hansısa bir Avropa, Amerika ölkəsində təhsil ala bilərmi?

 - İdarəetmə və informasiya sistemləri, kompüter mühəndisliyi ixtisasları üçün ABŞ-dakı partnyor universitetlərlə birgə xüsusi proqramımız var. Belə ki, tələbə bizdə 4 il təhsil alıb diplomunu əldə etdikdən sonra, ABŞ-dakı əməkdaşlıq etdiyimiz universitetlərdən birinə gedərək, bir il də orada oxuyub, həmin universitetin də diplomunu ala bilir. Amma buna nail olmaq üçün tələbə müəyyən göstəricilərə cavab verməlidir. Normalda tələbə həmin universitetdə gedib 4 il təhsil alacaq olsa, 60 min dollar ödəniş etməli olacaq, amma bu üsulla 12 min dollar bizim universitetə, 15 min dollar da oradakı universitetə ödəyir və 27 min dollara iki diplom almış olur. Həmçinin tələbələrimiz “Erasmus” proqramına da müraciət edə bilərlər, çoxlu sayda universitetlə müqaviləmiz var. Onlara Almaniya, Litva, Latviya, Polşa və digər ölkələrdə təhsil alma imkanı tanıyırıq. Bu proqram üzrə xaricə illik 23 nəfər göndərə bilirik. Amma hər il say fərqli olur.

- Osman bəy, bir məsələ də bizim üçün maraqlıdır. Bildiyimiz kimi, son illər Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı olduqca artıb. Onların hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?

-Türkiyədə təhsilin Azərbaycandakından daha çətin olduğu deyilir. Amma əslində, bir şeyin çətin olması, daha çox şey öyrənəcəkləri mənasına gəlir. Bəlkə də, çətinliyi ləhcə fərqinə görə yaşayırlar, amma bir neçə ay sonra bu problem də həll olur. Məzun olduqda isə, bütün çətinliklər yox olur və yaxşı bir diplomla geri qayıdırlar. Məndə belə bir təəssürat yaranıb ki, azərbaycanlı tələbələr təhsilə çox meyillidir, ona görə də bizə yüksək əhvalla gəlirlər. Sadəcə bəzən düşünürlər ki, biz yalnız idman yönümlü fəaliyyət göstəririk, amma digər fakültələrimizdə də təhsil yüksək səviyyədədir.

- Gələcəkdə Azərbaycanda universitetinizin filialını açmağı düşünürsünüzmü?

- Bizim Azərbaycanda Oksford və Qafqaz Təhsil Mərkəzləri ilə əməkdaşlığmız var, onlar təmsilçiliyimizi edirlər. Tələbələr həmin Mərkəzlər vasitəsilə də universitetimiz haqqında ətraflı məlumat ala bilirlər. Amma planlarımız arasında Azərbaycanda hələ ki, məlumat mərkəzi açmaq var.

-Mümkündürsə, universitetin yerləşdiyi coğrafi ərazi, oranın üstünlükləri barədə də məlumat verərdiniz.

-Fənərbaxça Universiteti İstanbulda yerləşir. Mərkəzdə olduğu üçün digər yerlərə getmək olduqca rahatdır. Yanımızda böyük bir alış-veriş mərkəzi yerləşir. Tələbələr ilk bir il yataqxanada qaldıqdan sonra rahatlıqla evə çıxa bilərlər, çünki ətrafda çoxlu sayda bina var. Kampusda tələbələr restoran, əyləncə mərkəzi, bir sözlə hər  şey tapa bilirlər. Sabiha Gökçen hava limanına 30 dəqiqə məsafədə yerləşirik. Qarşımızda İstanbul Finans Mərkəzi inşa edilir. Türkiyə Mərkəzi Bankı orada olacaq. Böyük bankların mərkəzləri də oraya köçürülür. Tələbələrin iş tapmaq imkanı da çox yüksəkdir. Əgər tələbə savadlıdırsa, yüksək ortalama ilə universiteti bitirirsə və müəlliminin referansı da varsa, “Medicana” dərhal onu işlə təmin edir. Yəni bizim universitetdə tələbənin göstəriciləri yüksəkdirsə, iş yeri hazırdır.

- Geniş müsahibəyə görə təşəkkür edirik.

-Mən də sizə və bütün oxucularınıza təsəkkürlərimi çatdırıram.

-Sağ olun!

Qonağımızla müsahib oldu: Elçin Məmmədli