“Müəyyən xərclər var ki, onlar dövlət tərəfindən qarşılanmadığı halda büdcəsi valideynlərdən alına bilər”.

Bu fikirləri təhsil eksperti Elçin Süleymanov KİV-ə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, ölkədə 4500-ə qədər ümumtəhsil məktəbi olduğu üçün neqativ halların olması da təbiidir.

Ekspertin fikrincə, əvvəllər sosial şəbəkələr çox aktiv olmadığına görə bu mövzular çox da kütləviləşmirmiş.

“Ümumiyyətlə, məktəb rəhbərliyinin, müəllimlərin valideyn və şagirdlərdən maddi baxımdan nəsə tələb etməsi etik deyil. Müəyyən xərclər var ki, onlar dövlət tərəfindən qarşılanmadığı halda büdcəsi valideynlərdən alına bilər. Lakin bu sistemli şəkildə olmalıdır”, - deyə o, bildirib.

 O, Təhsilin İnkişaf Fondunun da məhz bu məqsədlə yaradıldığını vurğulayıb:

“Bunun məqsədlərindən biri o idi ki, təhsilin inkişafına yönəlik müxtəlif ianələr, qrandlar toplanıldı. Daha sonra orada xərclənmənin mexanizmi tətbiq edilməlidir. Dövlətin məktəblərə ayırdığı vəsait hər il artır. Zaman-zaman müəyyən təddbirlər ola bilər. Əgər məktəbin büdcəsi yoxdursa, valideyn komitəsi yetkili olmalıdır. Arzuolunan odur ki, sinifdə əgər vəsait toplanacaqsa, orada bank hesabı açıla bilər”.

***

Bəli, doğrudan da orta məktəblərdə uzun illər “süpürgə pulu, odun pulu, təmir pulu, bayram pulu…”, sonralar isə bu pul yığımı guya mədəniləşdirilərək “fond pulu” adı altında yığılıb. Və məktəblərin bu eyibinin üstünü - İT-in inkişafı, mobil telefonların hamı üçün əlçatan olması, sosial şəbəkələr… açıb.

Yəqin ki, bu eyibin üstü örtülməkdənsə, elə açılsa yaxşıdı. Belə olan halda, eyibimizi görüb, bilib, düzəltməyi də öyrənərik…

 

Y.MƏMMƏDLİ