“Müəllim günü” və digər əlamətdar bayramlar ərəfəsində və hələ bundan bir müddət sonra da məktəblərdə uşaqlardan müxtəlif adlarla pul yığılması, hədiyyələr alınması barədə fikirlər səsləndirilməsi, iddialar irəli sürülməsi artıq bir növ, ənənəyə çevrilib.

Sanki bilərəkdən müəllim nüfuzuna kölgə salınır. Halbuki, hədiyyə etməklə, hədiyyə üçün pul yığmaq tam fərqli anlayışlardır və ikincinin qarşısı hər vəchlə alınmalıdır.

Bu fikirləri təhsil mütəxəssisi Nadir İsrafilov KİV-ə açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, əksər hallarda valideyn və ya şagirdin müəllimə öz hörmət və rəğbətini hər hansı bir kiçik hədiyyə ilə ifadə etməsi faktı ifrat dərəcədə qabardılaraq rüşvət, hətta korrupsiya səviyyəsində cəmiyyətə təqdim olunur: “Halbuki hər hansı bir formada təmənnasız minnətdarlığı rüşvət və korrupsiya ilə eyniləşdirmək son dərəcə təhlükəli tendensiyadır”.

Müəllimlərə hədiyyə verilməsi ənənəsinin hələ sovet dövründə də mövcud olduğuna diqqət çəkən Nadir İsrafilov vurğulayıb ki, bu hal indiki qədər müəllimin nüfuzuna xələl gətirməyib: “Nə qədər uğursuz müqayisə kimi görünsə də, təkzib olunmaz reallıqdır ki, kiminsə kiməsə nəsə verməsi və ya bağışlaması sıradan olan adi bir hal kimi qəbul edildiyi halda, müəllimə münasibətdə bu hal faciə səviyyəsində şişirdilir, müəllim nüfuzu alçaldılır”.

O, həmçinin şagirdin hədiyyəsinin ucuz olduğunu gördükdən sonra bütün uşaqlar qarşısında “Apar bunu anana ver” deyən müəllimlərə qarşı isə ən qətiyyətli mübarizə aparmağın hər kəsin vətəndaşlıq borcu olduğunu da qeyd edib.

Qeyd edək ki, bir neçə gündən sonra müəllimlərin bayramı - "5 oktyabr- Beynəlxalq Müəllimlər Günü" qeyd ediləcək.

 Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub.

Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. 

 

Y.MƏMMƏDLİ