Son vaxtlar, məktəblərdə müxtəlif məzmunda baş verən hadisələr gündəmdən düşmür:

direktor rüşvətxorluğu, məktəblilərə narkotik satılması, məktəblinin məktəbə aidiyyatı olmayan vəzifəli şəxs tərəfindən döyülməsi, məktəb direktoruna qarşı müəllimlərin etirazları, məktəblinin məktəbdəki sinif otağında intiharı və daha nələr...

İndi isə Bakıda 112 saylı məktəbdə baş verənlər gündəmi zəbt edib: bir şagirdin digərini döyməsi üçün  həvəsləndirən üçünçü şagird gülərək bu vəhşiliyi lentə alır, sonra da paylaşılır...

Və ətrafdakılar da baş verənləri seyrçi mövqedə müşahidə edirlər, qarışmırlar.

Baş verənlərə görə günahkar yalnız həmin iki şagirddirmi? Necə ola bilir ki, həmin şagirdlər bu qədər qəddar, rəhmsiz böyüyüblər, tərbiyə alıblar? 

...Baş verən hadisə isə məktəb divarları arasında cərəyan edir, hansı ki, həmin şagirdlərin sayqı və çəkingənliyi olsa idi bu hadisəni törətməyə cəsarət etməzdilər.

Qeyd edək ki, hadisəyə millət vəkili Fazil Mustafa da münasibət bildirib.

   Millət vəkili  məktəbdəki zorakılıq səhnəsini ürək ağrısı ilə seyr etdiyini deyib:

“ Kimi suçlayasan? Ev, valideyin, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər, nazirlik, döyən, hətta döyülən- hamısının bu şəraitin yaranmasında günah payını tapa bilərsiniz. Ancaq ən əsas olan boşluq- müəllim avtoritetinin olmamasıdır. Müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risq etmir. Əsas işi də səhərdən-axşamacan yazı yazmaq, yaxud da sertifikasiyaya hazırlaşmaqdır. Praktik olaraq hər şagirdə diqqət yetirmək imkanı olmur”, - deyə bildirib.

 O, qeyd edib ki, bu cür köntöy şagirdlər, eləcə də məzlum şagirdlər hər məktəbdə var, ancaq səviyyəli idarərtmə olan məktəblərdə məktəbin təlim-tərbiyə standartlarına hamısı tabe olur. “Videonu çəkən, eləcə də aralaşdırmağa cəhd etməyənlərin də biganəlikləri düşündürücüdür. Bu cür videoları uşaqların üzlərini qapadaraq paylaşmaq zəruri idi. Ancaq mütləq paylaşılmalıdır ki, gerçək vəziyyətin cüzi bir qismi ilə cəmiyyət tanış olsun. Bəs digər zorakılıqlar barədə aşkarlıq varmı? Cinsi və ya maddi zorakılıqlar, hamiləlik, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincə qulağımıza çatır. Tədbir-filan görülməsi boş şeydir, müstəqillik dövrümüzdə sanki məqsədyönlü şəkildə təhsilə, ancaq pul qazanma yeri kimi baxılmasının yekun tablosudur bu. Burada vəziyyətin daha faciəli yön almaması üçün müəllimin sələhiyyətləri, sinifə müdaxilə imkanları artırılmadıdır. Çünki güclü direktorun olması da, hər bir detala nəzarət etməyə yetərli sayılmaz. Müəllim güclü, xarakterli və səlahiyyətli olmalıdır. Başlıcası da sinifə hakim olmalıdır. Ancaq bu səlahiyyət valideynlərdən hədiyyə, pul qoparmaq fürsəti kimi anlaşılmamalıdır.

Bunları sözgəlişi yazıram. Çünki son vaxtlar hansısa quruma, vəzifəli şəxsə təklif verməyi dayandırmışam. Səbəb sadədir: Azərbaycan dilində dediklərim anlaşılmır. Başqa dildə də yazmağıma və ya söyləməyimə Konstitusiyamız izin vermir.

Harada qalmışıq? Köhnə dərsdə. Səhifələri geriyə çevirməyə davam edək”, - deyə Faziı Mustafa təəssüflə vurğulayıb.

 

Y.MƏMMƏDLİ

 

Pin It

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Wednesday, 09 November 2022
By Asif MEMMEDOV

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA