”Sıradan olan bir məsələnin ildən-ilə gündəmi zəbt etməsi nə deməkdir? Yəni, “Iş dəftərləri” ilə bağlı 15 illik müzakirə və mübahisələrə yaşıl və ya qırmızı işıq yandırmaqla son qoymaq, bu qədərmi çətindir?”

Təhsil üzrə mütəxəssis Nadir Israfilov uzun illərdir məktəblilərin “iş dəftəri” ilə bağlı sosial mediadakı ictimai müzakirələrə, KİV-də  qeyd edilən iradlara münasibət bildirib:

”Yəqin bilən bilir, bilməyən  isə bilsin ki, Təhsil Nazirliyi “İş dəftərləri”nin tətbiqini yaranan zərurətlə əlaqədar, yəni kurikulum sisteminə uyğun olaraq 2007-2011-ci illər üçün məqbul saymışdı. Çünki, o dövrdə kurikulumun tələblərinə uyğun dərsliklər hazırlanana qədər belə dəftərlərdən istifadəyə ehtiyac vardı. Lakin təəssüflər olsun ki, bundan kütləvi şəkildə sui-istifadə hallarına yol verildi. Bu, “iş dəftərləri” təhsilə, biliyə və elmə xidmətdən daha çox kommersiya maraqlarına xidmət etməyə başladı. Nə yazıq ki, dəftərlərin üz qabığı “Coca–Cola”, “Pepsi”, “Azercell”, “Bakcell” və bu kimi digər reklamlarla bəzədildi. Qiymətlər çoxları üçün əlçatan olmadı. İctimaiyyət bu məsələnin üstünə getdi. Bu, mətbuatda da geniş işıqlandırıldı və Nazirlik iş dəftərlərini dərslik komplekti siyahısından çıxarılması barədə əmr verdi”, - mütəxəssis deyib.

O, qeyd edib ki, kimsə bunu belə qəbul edir ki, iş dəftərləri dərslik komplektindən çıxarılıb, tədris prosesindən ki, çıxarılmayıb: “Eynilə belə çıxır ki, iş dəftərlərindən istifadə edə də bilərsən, etməyə də”.

Nadir İsrafilovun sözlərinə görə, bu məsələdə Təhsil Nazirliyindən asılı olmayan səbəblər də var, digər korporativ və kommersiya maraqları da…

Təhsil mütəxəssisi dilmma qarşısında qalındığını bildirib: “Əgər, doğrudan da iş dəftərləri, testlər və s. bu kimi digər əlavə materiallar məcburi deyilsə, o zaman təhsili onun üzərində qurmaq nə  dərəcədə düzgündür?”

 

JASMİN