Uzun illərdir ki, xarici ölkələrdə təhsil alan tələbələrin bir qisminin diplomlarının Azərbaycanda tanınması ilə bağlı problem yaşanmaqdadır.

Bəzən abituriyent ali məktəblərə qəbulla bağlı keçirilən test imtahanlarından lazım olan keçid balını toplamadıqda, yaxud düzgün ixtisas seçimi etmədiyi və s. səbəblərdən kənarda qalır. Bu halda, onların bəziləri növbəti il yenidən imtahan verməkdənsə, daha rahat şəkildə xaricdəki bəzi universitetlərə yol tapıb qəbul olunurlar. Bir çox hallarda həmin universitet rəhbərliyini düşündürən tələbənin ödəyəcəyi vəsait olur, nəinki verəcəyi ali təhsil. Onların arasında elələri olur ki, Azərbaycanda həmin universitetlərin diplomları ümumiyyətlə, qəbul edilmir – tanınmır. Bu barədə dəfələrlə əhaliyə də xəbərdarlıq edilib. Lakin buna baxmayaraq, 4 ilini bu “təhsilin” güdazına verənlər də tapılır. Digər səbəblər sırasında isə abituriyentin təhsil aldığı ölkənin dilini lazımi səviyyədə (bəzən də heç bilməməsi) bilməməsi, yaxud təhsil aldığı dövrdə həmin ölkənin ərazisində minimal müddətin olmaması (bəziləri düşünür ki, bunu bilmək mümkün deyil) və s. səbəblərdən həmin diplomlar tanınmır. Və sonda məlum olur ki, həmin gənc həyatının bir neçə ilini, ailəsi də külli miqdarda pulunu itirib...   

Beləliklə, ötən ay daha 20 nəfərin diplomunu Təhsildə Keyfiyyət Təminatı Agentliyi tanımayıb.

Bunun səbəbi isə diplom sahiblərinin təhsil aldığı ölkədə tələb olunan minimal müddəti ödəməməsi, həmçinin tədris dilinin qənaətbəxş olmaması,  tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması və digər hallardır.

Statistikaya nəzər salaq: 2021-ci ilin yanvar-noyabr ayları ərzində 3021 müraciət üzrə ekspertiza həyata keçirilib. Keçirilmiş ekspertizanın nəticəsində 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə(lər) təqdim olunub. Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

2022-ci ilin yanvar-iyun ayları ərzində isə (10.06.2022-ci il tarixinə qədər) 1510 müraciət üzrə ekspertiza həyata keçirilib. Keçirilmiş ekspertizanın nəticəsində 1157 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə(lər) təqdim olunub. Digər 353 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

Göründüyü kimi, kifayət qədər böyük rəqəmdir və bu barədə ciddi düşünməyə dəyər...

JASMİN