Ali təhsil ocaqlarının dərs proqramlarına insan hüquqlarına dair kurs daxil ediləcək.

Özbəkistan gənclərin hüquqlarını bilməsini istəyir və bununla bağlı fəaliyyətə başlanılıb.

***

Belə ki, 2023/2024-cü tədris ilindən peşəkar və ali təhsil sistemində müvafiq olaraq “İnsan hüquqları” və “Qadın hüquqları”, “Uşaq hüquqları” üzrə təlim və xüsusi kurslar tətbiq ediləcək.

Bu barədə Özbəkistan prezidentinin fevralın 7-də insan hüquqları sahəsində Milli təhsil proqramının təsdiq edilməsi haqqında fərmanında deyilir.

Bu təlim və xüsusi kursların tətbiq olunacağı peşəkar və ali təhsil təşkilatlarının konkret siyahısı iyunun 1-dək Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi və insan hüquqları üzrə Milli Mərkəzi tərəfindən müəyyən ediləcək. Bundan əlavə, insan hüquqları mərkəzi iyunun 1-dən etibarən hər il “İnsan hüquq və azadlıqları sahəsində təhsil və innovasiyalar” adlı milli müsabiqə keçirəcək. Mayın 1-dən rəhbər kadrların yenidən hazırlanması və ixtisasartırma sistemində insan hüquqları və gender bərabərliyi üzrə təlim kursları tətbiq ediləcək. Bu ilin fevral ayında mərkəz İnsan Hüquqları Həftəsi keçirəcək. Proqramı bir həftə ərzində təsdiqlənməlidir. Onun çərçivəsində məhəllələrdə gənclər arasında “İnsan hüquqları ən ali dəyərdir” mövzusunda maarifləndirici konfranslar, dəyirmi masalar və görüşlər keçiriləcək.

***

Doğrudan da, “İnsan hüquqları ən ali dəyərdir” və bunu gənclərin tam mənada öyrənməsi və dərk etməsi həm onların özlərini, həm də bəşəriyyəti hər cürə haqsızlıqdan, pislikdən, qəddarlıqdan... qoruyacaq. Təhsil ocaqlarında insan hüquqları ilə bağlı kursların keçirilməsi isə həm gənclərin öz hüququnu bilməsi, həm də başqalarının hüquqlarını qorumasına və hörmət etməsinə səbəb olacaq.

Özbəkistan təhsil ocaqları məhz buna doğru gedir.

 

JASMİN