İmtahan kütləviliyi ilə seçilir. Təxribat törətmək istəyənlər üçün ideal yerdir. Ona görə də bəzilərinə kənardan imtahanın keçirilməsi asan görünə bilər.

Bu fikri təhsil eksperti Elçin Əfəndiyev (Elçin Əfəndi) bildirib.

O, diqqətə çatdırıb ki, bu prosesdə təkcə DİM deyil, dövlətin hüquq-mühafizə orqanları da iştirak edir.

“Qumbaranı imtahana abituriyent aparmır, abituriyent kimi maskalanan şəxslər aparır.

Bəs niyə açıqlama verilmirdi bununla bağlı? Yersiz ajiotaj kimə lazımdır? İmtahan prosesi zatən həyəcanlıdır. Bir də üzərinə belə bir panik xəbərin həyəcanı. Özünüz xaosu təsəvvür etdiniz? Biləsiniz: Hər zaman hər məlumat açıqlanmır”, - deyə vurğulayıb.

 Xatırladaq ki, bu gün Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarının gedişatına həsr olunmuş mətbuat konfransı keçirib.

O, konfransdakı çıxışı zamanı bildirib ki, “Ötən illərdə imtahan zalına hansısa alətlər, bıçaq, qumbara və s. keçirmək istəyənlər olub. Biz bu statistikanı və kriminal xronikanı şişirdib ictimayətə təqdim etməmişik. Hüquq-mühafizə orqanları imtahan prosesini müşahidə edir. Belə hallar aşkarlananda həmin şəxslər o qurumlara təhvil verilir. Və bu məsələlər araşdırılır".

Y.MƏMMƏDLİ