Ölkə təhsilində bir neçə uğurlu layihə var ki, onlardan biri də “Məktəblinin Dostu” layihəsidir.

“Məktəblinin dostu” layihəsi barədə təqdir və tənqid kontekstli yazılar 10 il olar ki, davam edir. Bütün bunlara rəğmən, bu layihəni bəzi müəllimlər və bəzi valideynlər istisna olmaqla, hamı dəstəkləyir.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında bildirib.

  O, vurğulayıb ki, “Məktəblinin dostu” layihəsindən narahatlıq amili varsa, demək bir müəllim kimi həmin şəxsin fəaliyyətində ciddi qüsurlar mövcuddur.

 “Mən özüm də pedaqoji fəaliyyətə məhz dövlət ümumtəhsil məktəbində bir müəllim olaraq başlamışam. İlk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilən MİQ imtahanında yüksək nəticə ilə Səbail rayon 51 saylı orta məktəbin tarix müəllimi təyin olunmuşam.

Əgər mən bir müəllim kimi şagirdlərə fiziki və psixoloji zorakılıq etmirəmsə, onları təhqir etmirəmsə, bir sözlə, sinif otağında məhz müəllimlik edirəmsə, niyə məktəb rəhbərliyindən, valideynlərdən və ya digər əməkdaşlardan çəkinməliyəm?

Özlərini “Məktəblinin dostu” adlandıran ali təhsilli, əksəriyyəti də pedaqoji ixtisaslı gənclər şagirdlərin davamiyyətində, intizamında, təhlükəsizliyində bir müəllim kimi mənim fəaliyyətimə dəstək verirlərsə, niyə onların məktəbdə olması məni narahat etməlidir?

Məndə bu narahatlıq amili varsa, demək bir müəllim kimi fəaliyyətimdə ciddi qüsurlar mövcuddur”, - təhsil eksperti qeyd edib.

 Kamran Əsədov artıq özünün də valideyn olduğunu və övladı üçün məktəb seçimi edərkən məhz “Məktəblinin dostu”nun fəaliyyət göstərdiyi məktəbi seçdiyini diqqətə çatdırıb.

 “Şəxsən mənim üçün övladlarıma məktəb seçimi zamanı ilk növbədə orda “Məktəblinin dostu”larının fəaliyyət göstərib-göstərməməsi amili həlledicidir. Məhz “Məktəblinin Dostu”nun oldğu məktəbi seçdim.

Yalnız səhərlər bəzənib məktəbin dəhlizlərində vaxt öldürmək istəyən valideynlər “Məktəblinin dostu”ndan narazı ola bilər.

Məktəblərdə kifayət qədər ciddi problemlər qala-qala kimlərinsə özünü güya müəllimlərin himayədarı kimi göstərməsini “Məktəblinin Xatırladaq ki, dostu” layihəsi üzərinə getməyə kökləməsinin səbəbi aydındır.

Bir çox müəllimlər və valideynlər məhz “Məktəblinin dostu”larının məktəbdə mövcudluğunu ikiqat təhlükəsizlik kimi qəbul edirlər.

Siz bilirsiniz ki, “Məktəblinin Dostu” məktəblərdə nə qədər neqativ, təhlükəli problemi həll edib? Çünki müəllimlər dərsdə olurlar, rəhbər heyət kabinetlərdə olurlar. Bu zaman, onların gözündən yayınan ciddi problemləri məhz “Məktəblinin Dostu” aradan qaldırıb”, - Kamran Əsədov bildirib.

Qeyd edək ki,  "Məktəblinin Dostu" Azərbaycan Respublikası Təhsil Nazirliyinin layihəsidir və 2016-cı ildə yaradılıb. Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaqdan, həmçinin fövqəladə hal baş verdikdə ilkin tibbi, psixoloji yardım göstərməkdən ibarətdir.

Xatırladaq ki, layihə Bakıda 191, Abşeronda 12, Sumqayıtda 23 olmaqla ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 300 əməkdaş – məktəblinin dostu çalışır.

 2023–2024-cü tədris ilindən “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilir. Layihə bu ildən Bakı, Abşeron və Sumqayıtla yanaşı, Gəncə, Lənkəran, Masallı, Cəlilabad şəhərlərini də əhatə edəcək. Beləliklə, layihə ümumilikdə 237 ümumi təhsil müəssisəsində fəaliyyət göstərəcək.

 

Y.MƏMMƏDLİ