AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC Avropa İttifaqının “HORİZON 2020” proqramı çərçivəsində (H2020/MSCA/RISE/SSHARE No. 871284) beynəlxalq layihə icra edir. Mərkəz bu layihənin icrasında Portuqaliyanın NOVA İD FCT və Lusofona Texnologiyalar universitetləri, o cümlədən Ukraynanın Taurida Dövlət Aqrotexnologiya Universiteti və Ukrayna Milli Elmlər Akademiyası ilə əməkdaşlıq edir. Azərbaycanlı alimlərlə yanaşı, Ukrayna, Portuqaliya, İspaniya, Belarus, Tacikistan və Özbəkistandan olan alimlərdən ibarət müvəqqəti yaradılmış elmi konsorsium layihəni icra edir.

Science.gov.az-a istinadən məlumata görə, layihənin məqsədi enerji sərfiyyatının azaldılmasına hədəflənmiş atmosfer rütubətindən istifadə etməklə binanın soyudulması və ya qızdırmasına imkan verən xüsusi innovativ örtüklərin hazırlanması və xassələrinin öyrənilməsidir.

NOVA İD FCT Universitetinin və Lusofona Texnologiyalar Universitetinin əməkdaşları ilə keçirilmiş görüşlər zamanı layihənin planına uyğun olaraq, “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-də hazırlanmış nano tərkibli materialların testi və müasir analitik metodlarla tədqiqi məqsədilə WP1 və WP2 nəticələrinin iş paketlərinin müzakirəsi üçün seminar iclas keçirilib.

Mərkəzin əməkdaşları Azər Sadıqov və Cəlal Nağıyev Portuqaliyanın Lissabon şəhərindəki NOVA İD FCT və və Lusofona Texnologiyalar universitetlərində elmi məruzələrlə çıxış ediblər. Azərbaycanlı alimlər bu istiqamətdə aparılan elmi-tədqiqat işlərini təqdim etməklə yanaşı, layihə barəsində də geniş fikir mübadiləsi aparıblar.

Layihənin iş cədvəlinə uyğun olaraq, innovativ nano-strukturlu, rütubəti elektrik enerjisinə çevirən məsaməli blok “Kvant diod” strukturunun inkişafı və optimallaşdırılması məqsədi ilə müxtəlif ölçülü 7,5-80 nm YZS nanotozlarından istifadə etməklə, Mərkəzdə hazırlanmış və ölçüyə görə sıralanmış dielektrik nanohissəcikli materiallar seriasının yeni mezoskopik (məsaməli blok) strukturlarının elmi tədqiqi üçün analitik metodlar müzakirə olunub.

Layihə çərçivəsində nano oksid əsasında alınmış materialların atmosferdə nəmlik qradiyentinin təsiri ilə elektrik potensialı yaranmasının qanunauyğunluğu tədqiq edilmiş və tapılmış optimal rejimin parametrləri müzakirə edilib. Layihə çərçivəsində rütubətdən elektrik enerjisinə çevirmə qabiliyyətinə malik olan yeni nanomateriallar hazırlanaraq onların elektro-fiziki xassələrinin tədqiqatları aparılaraq öyrənilir. Kalsium silikat (CaSiO3) matrisli müxtəlif keçid elementlərinin nano oksidləri ilə aşkarlanmış materiallarda konvertorun çıxış gərginliyinin səviyyəsinin çeviricinin məsaməli strukturundan, materialın növü üzrə çıxış gərginliyinin işarəsindən, çevirici material hissəciklərinin səth mərkəzlərinin növü və işarəsindən, adsorbsiya edilmiş nəmin (su molekullarının) miqdarından, çıxış gərginliyinin vaxtından, faza tərkibi, hissəciklərin morfologiyası və səth xassələri kimi parametrlərdən asılılığı öyrənilib.

Avropa İttifaqının prioritet sahəsi kimi və “Plus Energy Houses” EU 2050 strategiyasına uyğun olaraq hazırlanacaq örtük panellərin yüksək rütubət olan ərazilərdə ev və binaların elektrik enerjisinə olan tələbatın bir qisimini ödəməklə, enerji sərfiyatının azaldılmasına töhfə verəcəyi gözlənilir.

E.ŞİRİNOV