booked.netbooked.net booked.net  

Mayın 25-də “Baykar” şirkətinin texniki direktoru, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri, “Qarabağ” ordenli Selçuk Bayraktar Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüşüb.

Texniki Universitetdən Tezadlar.az-a verilən  xəbərdə deyilir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, müxtəlif nazirliklərin rəhbər şəxsləri, universitetin professor-müəllim heyəti iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Selçuk Bayraktarı AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, hər hansı şəxsin inkişafı onun mükəmməl elmə və təhsilə yiyələnməsi ilə birbaşa bağlıdır. Bu mənada Bayraktarı bütün dünyaya tanıdan onun mükəmməl elmə, təhsilə yiyələnməsi olub. Azərbaycanda müdafiə sənayesinin inkişafına göstərilən diqqətdən danışan nazir müavini qeyd edib ki, bu istiqamətdə yüksəkixtisaslı kadr hazırlığının aparılması da mühüm şərtlərdəndir. O qeyd edib ki, hazırda AzTU regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitetdir. Son illər AzTU Türkiyənin aparıcı universitetləri, tədqiqat və innovasiya mərkəzləri ilə əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirir.

AzTU-nun fəxri qonağı Selçuk Bayraktar tələbələrlə görüşündə müdafiə sənayesinin inkişafının ölkə üçün əhəmiyyətini vurğulayıb. O, müəllifi olduğu müasir texnologiyalar, eyni zamanda, hazırda Türkiyənin ilk uçan avtomobili olan “CEZERİ” və Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olacaq “Bayraktar Kızılelma” (MİUS) layihələri və üzərində çalışdığı yeni tədqiqat işləri barədə tələbələrə məlumat verib.

Daha sonra Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Fəxri doktor diplomunu qonağa AzTU-nun rektoru professor Vilayət Vəliyev təqdim edib.

V.Vəliyev Selçuk Bayraktarın rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmaları, elm və texnologiyanın inkişafına verdiyi əvəzsiz töhfələri xüsusi qeyd edib və AzTU-nun tələbələri ilə görüşdüyü üçün ona minnətdarlığını bildirib.

Qeyd edilib ki, bu günə qədər 15 nəfərə AzTU-nun fəxri doktoru adı verilib, onlardan ən gənci Selçuk Bayraktardır. Selçuk Bayraktar AzTU-nun fəxri doktoru adına verdiyi ideyalar və ağıllı həllər nəticəsində elm və texnologiyanın inkişafına əvəzsiz töhfələrinə, Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılmasındakı dəstəyinə, Azərbaycanda gənc mühəndis kadrların hazırlanmasına və texnoloji innovasiyaların öyrənilməsinin kütləviləşməsinə göstərdiyi müstəsna xidmətlərinə görə verilib.

Tədbirdən sonra Selçuk Bayraktar universitetin foyesində “TEKNOFEST Azərbaycan”da iştirak edəcək AzTU komandalarının əl işlərindən ibarət sərgiyə və rəsm sərgisinə baxıb.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN