2021-2022-ci tədris ilində Azərbaycanda təhsil alan əcnəbilərin sayı ötən tədris ili ilə müqayisədə artıb.

 2021-2022-ci tədris ilində ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. 

 Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin Xalq Respublikası və digər ölkələri təmsil edib. 

Xatırladaq ki, 2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. Tələbələr yenə də əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edib.

Əlbəttə, son iki ilin rəqəmlərinə nəzər saldıqda əcnəbi tələbələrin sayının artdığını görürük – ötən tədris ilində 6500 nəfərdən bu ilki tədris ilində 7400nəfərə  yaxın yüksəlib.

Lakin yaxın qonşumuz olan Gürcüstandakı əcnəbi tələbə sayına baxdıqda bu rəqəmin çox aşağı olduğunu görürük. Gürcüstanda 17 min əcnəbi tələbə təhsil alır.

Bəs görəsən, əcnəbiləri Gürcüstandakı ali məktəblərə cəlb edən nədir ki, o bizim ali məktəblərdə yoxdur?

Yəqin ki, bu barədə əlaqədar qurumlar düşünəcək?

 

 

Y.MƏMMƏDLİ