Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı məlumat vermişdik. İşdən çıxarılan müəllimlər 8 aydan çoxdur nə yeni işlə təmin oluna bilirlər, nə də öz yerlərinə bərpa edilirlər.

Məsələ ilə bağlı Binəqədi Rayon və Apellyasiya məhkəmələrində 12 məhkəmə prosesi keçirilib.

Bu barədə işdən çıxarılan müəllimlərdən biri, Bakı Humanitar Kollecin keçmiş şöbə müdiri Xəyalə Əhmədova məlumat verib.

Hazırda işə Bakı Apellyasiya Məhkəməsində baxıldığını vurğulayan Xəyalə Əhmədova proseslərin hələ ki, onların xeyrinə davam etdiyini bildirib.

​​​​​​​X.Əhmədova Nərmin Qaralovanın heç bir məhkəmə prosesində iştirak etmədiyini də qeyd edib: “Onun hüquqlarını müdafiə edən şəxs proseslərə qatılır. Bizim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, haqlı olduğumuz sübut olunsun və məhkəmənin qərarı ilə işimizə bərpa edilək. Hələ ki, məhkəmə prosesləri 90 faiz xeyrimizə davam edir. Gözləyirik...”, - deyə o, bildirib.

Xatırladaq ki, ötən il noyabrın 26-da Bakı Humanitar Kollecin direktoru Nərmin Qaralovanın əmri ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Bakı Humanitar Kollecinin (Keçmiş Mədəni Maarif Texnikumu) 67 müəlliminin işinə rəsmi xitam verilib.

Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21-i orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.

E.ŞİRİNOV