Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən malyariyadan azad ölkə elan edilib.

  ÜST-ün Azərbaycandakı nümayəndəliyi bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional ofisinin direktoru Hans Kluge Azərbaycanı bu münasibətlə təbrik edərək sözügedən nailiyyətin davamlı siyasi sərmayə və səhiyyə işçilərinin fədakarlığı, malyariyaya yoluxma hallarının məqsədyönlü profilaktikası, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olduğunu vurğulayıb.

  Qeyd edilib ki, 2021-ci ilin sentyabr ayında Səhiyyə Nazirliyinin rəhbərliyi Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə sertifikatlaşdırma prosesinə başlamaqla bağlı ÜST-ün baş direktoru Tedros Qebreyesusa rəsmi müraciət ünvanlayıb. Bu proses çərçivəsində ÜST-ün sertifikatlaşdırma missiyası Azərbaycanda səfərdə olub.

  Uzun illərdir ki, Azərbaycanda malyariyanın qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu səylər nəticəsində 2013-cü ildən malyariyaya yerli yoluxma halları qeydə alınmayıb.