Azərbaycanın sağlam cəmiyyətə ehtiyacı var...

Ölkəmizdə tibb xidmətinin dünəni yaddaşımızda ürəkaçan xatirələrlə anılmır. Səhiyyəmiz uzun illər ilkəl səviyyədə qalmışdır. Ölkə ərazisindəki tibb müəssisələrinin maddi-texniki bazasının zəif olması, xəstəxanaların istər tibb presonalı, istərsə də müasir avadanlıqlarla təminatı, həkim-xəstə münasibətləri, hələ də ən yaralı yerimiz olan dərmanların keyfiyyəti (keyfiyyətsizliyi) məsələsi... Saymaqla bitməz. Ən üzücü olanı isə xəstələrin tibb xidmətimizə güvənməməsi idi. Əlbəttə, təcrübəli həkimlərimiz vardı, gəl ki, onların qəbuluna düşmək üçün sözükeçən adam tapmalı, xeyli pul xərcləməliydik. O vaxtlar xəstələr daha yaxşı həkimə düşmək üçün məcbur Moskvaya, Kiyevə və başqa şəhərlərə üz tuturdular. Son zamanlar isə İrana axın başlamışdı, yanından yel əsən ora qaçırdı. Bir az imkanlılar da dərdinə Türkiyədə çarə axtarırdı. Tibbi sığorta ağlımızın ucundan da keçməzdi. Məsələn, Birinci Qarabağ müharibəsində yaralı əsgərlərimiz çox əziyyət çəkir, ölümlərin sayı durmadan artırdı. Yaralı döyüşçü bacısı kimi 1992-94-cü illərdə hospitalda və Travmatologiya İnstitunda görüb yaşadıqlarımın acısı hələ də canımı, ruhumu ürpərdir. Yeri gəlmişkən, bu yaxınlarda Papanin hospitalı kimi bildiyimiz Mərkəzi Hərbi Tibbi Hospitala yaralı əsgər yanına getmişdim. Burada tibbi xidmətin ən yüksək səviyyəsinin, həkimə, əsgərə, xəstəyə hörmətin və insana verilən dəyərin ən ali zirvəsinin şahidi oldum, qürur duydum. Həkim- xəstə münasibətləri arasındakı uzaq məsafə yox idi, gənc və praqmatik həkimlər yaralı əsgərlərə qəhrəman kimi yanaşır, dost kimi zarafatlaşır, onlara güvən verirdi. Buradakı durum səhiyyəmizin başında doğru insanların olduğunu göstərir. 
Qayıdaq mövzumuza, Azərbaycan doğrudan da çox ağır sınaqlardan keçdi. Ən betəri də müharibələr və onun ölkəmizə gətirdiyi fələkətlərdi. Səhiyyə sahəsində çalışanlar bunu daha yaxşı bilir, çünki müharibədə ən çox səhiyyə sistemi əziyyət çəkirdi. Azərbaycan müasir çağırışlara vaxtında səs verən, sağlam yenilikləri qəbul edib, ən yaxşısını tətbiq edən ölkədir. Bütün sahələrdə olduğu kimi, səhiyyədə də islahatların vaxtı gəlmişdi artıq. Əhalinin sağlamlığının qorunması dövlətimizin daxili siyasətinin ən həlli vacib istiqamətinə çevrildi. Bu sahədəki boşluqlar nəzərəçarpacaq dərəcədə göz önündə idi, vətəndaşların savadlı həkimə, müasir tibbin yaratdığı imkanlardan yararlanmağa ehtiyacı vardı. Rusiyaya, Türkiyəyə, İrana getmədən öz  ölkəmizdə sağlamlığımıza qovuşmaq, bizim ən təbii haqqımızdır. Düzdür, müstəqilliyin bizə verdiyi fürsətlərdən sağlam şəkildə yararlanıb, bir neçə özəl klinikalar açılmışdı və xəstələrimiz  ora üz tuturdular. Lakin buralarda xəstə qəbulu üçün qiyməti klinika özü təyin edirdi. Bu, tibb xidmətinin keyfiyyətinə nisbətən yaxşı təsir etsə də, hər kəsin imkanlarına görə deyildi, çünki həkimə düşdükdən sonra reseptdəki iynə,dərmanları almağa vəsait qalmırdı. Hə, burada mental dəyərlər də var -inanmaq, güvənmək. Ailəsində tibb işçisi olan biri kimi deyə bilərəm ki, ilk başlarda yeni yaradılan klinikalara insanların inanıb, güvənməsi də xeyli vaxt aldı. Məsələn, qonşu və qardaş Türkiyədə sığorta hər bir insanın həyat və sağlamlıq qarantıdır. Sığortalı işin varsa, istənilən tibb müəssisəsinin qapısı üzünə açıqdır. Ən ağır, ən bahalı əməliyyatlar belə sığorta ilə həyata keçirilir. Hətta müəyyən yaşa qədər və 65 yaşdan yuxarı, bir çox kateqoriyalar üzrə dərmanlar da pulsuzdur. Bu təcrübə dünya səhiyyəsində ən müasir və daha humanist şərtlərlə uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq, keçmiş sovet respublikalarında tətbiq olunmamışdı.

Azərbaycan Prezidenti İlham Əliyev bu boşluqları aradan qaldırmaq üçün tibb xidməti sahəsində böyük reformalara başladı. Onlardan birincisi 2007-ci il dekabrın 27-də əsasını qoyduğu İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyidir. Agentliyin Yevlax, Mingəçevir, Ağdaş və Naxçıvan MR-in Sədərk rayonlarında həyata keçirdiyi pilot layihələr uğurla həyata keçirildi və qısa zamanda xalqın rəğbətini qazandı. Pilot layihə olmasına baxmayaraq, bölgə insanları ələ düşmüş  bu fürsəti yaxşı dəyərləndirir, müayinədən keçməyə tələsirdilər. Əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə 2018-ci ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – TƏBİB yaradıldı. Məqsəd əhalinin tibbi sığortalanmasını həyata keçirib bütün əhali üçün bərabər şərtlər yaratmaq, tibbi sığortanın ölkənin bütün vətəndaşları üçün əlçatan etmək, ən başlıcası isə, tibbi xidmətin keyfiyyətini artırmaq, xəstələri öz səhiyyəmizə inandırmaq və güvən yaratmaq idi. Buna nail olmaq asan iş deyildi. Birincisi ona görə ki, tibbi sığorta, el dili ilə desək, pulsuz-parasız müayinə-müalicə olunmaq, hətta əməliyyat olunmaq inandırıcı gəlmirdi. Axı biz, “ucuz ətin şorbası olmaz” deyən el misalıyla tərbiyələnmiş cəmiyyətik. Amma hər gün yeni gəlişmənin şahidi olur, “ətin” ucuz deyil, dəyərli olduğunu anlayırdıq. İlk dəfə bir tələbə yoldaşım pilot layihə çərçivəsində ginekoloji problemlə bağlı

Mingəçevirdə havayı əməliyyat olunmuşdu. Bu xanımın iş stajı, yəni sığortası yox idi, II qrup əlil kimi pensiyaçıdır. Heç bir yerə ödəniş etmədən, ən üst səviyyədə əməliyyatı keçirilmiş, 14 gündən sonra normal həyatına dönmüşdü. Çünki yeni qanuna əsasən pensiyaçılar belə dövlət hesabına sığortalanırlar. Buradaca qeyd edək ki, bütün kateqoriyadan olan vətəndaşlara eyni humanistliyi göstərmək uzun illərdir tibbi sığorta təcrübəsinə malik ölkələrin çoxunun müvafiq qanunlarında yoxdur.

Beləliklə, 2021-ci il Aprelin 1-dən bütün ölkə ərazisində icbari tibbi sığortaya keçid rəsmən başladı. 2022-ci ildə isə icbari tibbi sığortanın bütün ölkə ərazisində tam tətbiq olunması üçün işlər sürətləndirildi. Bunlar isə sağlam cəmiyyətin formalaşmasına xidmət etmək deməkdir.

Öncə mükəmməl hüquqi baza yaradıldı

Hüquqi təməllər üzərində inşa edilmiş dövlətdə hər bir işi görməzdən əvvəl onun möhkəm hüquqi bazası yaradılır. Hələ 1999-cu ildə “Tibbi sığorta haqqında” qəbul edilmiş qanun ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə yenidən Milli Məclisin müzakirəsinə çıxarılıb, günümüzlə səsləşmədiyi üçün yenidən işlənmişdi. Qanuna çoxsaylı və geniş həcmdə dəyişikliklər edildi, 4 maddə çıxarılaraq, 34 maddə, 5 yeni fəsil əlavə edildi. Bütövlükdə əlavə və dəyişikliklərin sayı 100-dən çox idi. Yeni qanunda icbari tibbi sığorta sistemində  sığorta olunanların kateqoriyaları müəyyən olundu. Belə ki, yeni qanunla Azərbaycanda yaşayan bütün vətəndaşlar ilkin və təxirəsalınmaz tibbi yardım almaq hüququna malik olurlar. Ən humanist bənd isə ondan ibarətdir ki, uşaqlar, tələbələr, əlillər, pensiyaçılar, dövlət ünvanlı sosial yardım alan ailələrin üzvləri, hamilə qadınlar, qismən ödənişli məzuniyyətdə olan qadınlar da dövlət büdcəsi hesabına sığorta olunurlar. Digər kateqoriyalarda da vətəndaşlar il ərzində tam həcmdə tibbi yardım almaq hüququ əldə

edirlər. Qısa vaxtda agentliyin 961, 1542 çağrı mərkəzləri fəaliyyətə başladı. Təkcə 2023-cü ilin yanvar-sentyabr ayları ərzində icbari tibbi sığorta ilə əhaliyə 50 milyondan çox tibbi xidmət göstərilib ki, onun 27%-i uşaqlara aid olub. TƏBİB-in fəaliyyətinin ilk vaxtları COVID-19-un ölkəmizdə tüğyan etdiyi günlərə düşdü. Elektron müraciət qaydaları, vaksinasiyalar üçün randevu sistemi yaradıldı. Hər kəs evində oturaraq randevu alır, təqtbiq olunan gündə, saatda peyvənd olacağı tibb müəssisəsinə gedirdi.

tcili_yar

 TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu ilin sentyabrında təşkil olunmuştədbirdə əhaliyə göstərilən yeni xidmətlər zərfindən bəhs etdi. Bildirmişdi ki, yeni qəbul edilənlər bundan əvvəl Xidmətlər Zərfinə daxil olmayan müayinə, müalicə və əməliyyatların sayının artmasına, insanların tibbi xidmətlərə əlçatanlığının daha geniş spektrdə olmasına imkan yaradır: “Bütün tibb müəssisələrimizdə laparoskopik əməliyyatları icra edə bilmək üçün avadanlıqlar alınır, avtopark yenilənir, tibbi xidmətin fasiləsiz olması üçün intensiv tədbirlər görülür, xəstəxana idarəetmə sistemini daha mükəmməl etmək üçün çalışırıq. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin 2550-dən 3315-ə qədər artırılması xəstəxanalara axını daha çox artıracaq”.

Qeyd etmək yerinə düşər ki, bu gün ölkəmizdə fəaliyyət göstərən özəl klinikaların 56-dan çoxu ilə (onların sayı tez-tez yenilənir) İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi müqavilə əsasında fəaliyyət göstərir. Əgər xəstəyə TƏBİB-in tabeliyində olan dövlət tibb müəssislərində müvafiq tibbi xidmətin göstərilməsi mümkün olmasa, agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Vətəndaş həmin göndəriş vərəqəsi ilə özəl tibb müəssisəsinə müraciət edərək Xidmətlər Zərfi çərçivəsində, tibbi xidmətlərdən ödənişsiz yararlanır. Xəstə özü birbaşa müraciət etmiş olarsa, o zaman öz vəsaiti hesabına müalicə olunur. Yəni hər bir vətəndaş ehtiyac yarandığı halda, heç bir ödəniş etmədən bəzi özəl kliniklaların xidmətindən də yararlana bilər. Bu da bütün təbəqədən olan insanların ən müasir tibb imkanlarından yararlanmasına dəstək olmaqdır.

Ölkəmiz həm istirahət, həm sağlamlıq turizmi üçün ideal coğrafiyadır...

Sağlamlıq turizmi - dəfələrlə olduğum bir neçə xarici ölkədə tibb turizminin ölkənin, tibbin inkişafına verdiyi töhfənin şahidi olmuşam. Etiraf edək ki, bir neçə ənənəvi müalicə müəssisələrini çıxmaqla Azərbaycanda tibbi turizm çox inkişaf etməmiş, lakin inkişafını gözləyən sahədir. TƏBİB ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası arasında bu sahədə əməkdaşlıq məsələlərini mətbuatdan oxuyanda çox sevindim. Turizm imkanları, xüsusilə sağlamlıq turizmi istiqamətində geniş imkanlara malik olan Azərbaycan bu sahədə çox böyük uğurlar əldə edə bilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Ordumuzun 30 illik işğaldan azad etdiyi torpaqlarında hər qarışı ekoturizm, sağlamlıq turizmi üçün mükəmməldir. Hələ uzun illər əvvəl dünya şöhrətli alimlər sübut etmişdilər ki, Kəlbəcərin “İstisu”yu Karlovı-Varının suyundan daha keyfiyyətli, sağlamlıq üçün daha önəmlidir. İnanır və ümid edirik ki, çox yaxın gələcəkdə TƏBİB-in vasitəsilə Azərbaycan sağlıq turizmində nailiyyətlər qazanacaq, dünyanın hər ucundan gələn insanlar 9 iqlim qurşağının mövcud olduğu Azərbaycanda şəfalı  sularımızın, havamızın, təbiətimizin imkanlarından yararlanıb, sağlamlıqlarına qovuşacaqlar. İstər medikal turizm, yaşlı və əlillər üçün turizmi baxımından ölkəmiz dünyanın ən sərfəli geniş imkanlı coğrafiyasıdır . Bu, iqtisadi cəhətdən də ölkəmizin inkişafına səbəb olacaq. Bunun üçün əlbəttə, tabeli müəssisələrdə ixtisaslı mütəxəssislərin cəlb olunması, xidmət keyfiyyətinin yüksəldilməsi və çeşidlərin artırılması, cəlbedici səhiyyə ocaqlarının qurulması həm həmvətənlərimiz, həm də xarici vətəndaşlar üçün gözəl nəticələr verər.

 tibb

 

TƏBİB ölkəyə gətirilən dərmanları da nəzarətə götürsün...

İnsanlarla görüşüb söhbət edərkən işin ən ağır tərəfinin aşıldığınının şahidi oluruq. Cəmiyyətimiz TƏBİB-ə inanır və güvənir, hətta xidmətin keyfiyyətinə, həkimlərin istiqanlı münasibətinə heyran qaldıqlarını bildirirlər. Bu barədə Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Kilinik Xəstəxanasının tibb bacısı Minarə Rzayevanın dedikləri çox maraqlıdır: “Xəstəxanamız gündə bir neçə dəfə dolub-boşalır. Ənənəvi olaraq, biz həkimə az-az müraciət edən xalqıq, yəni xəstəlik lap ağırlaşandan sonra həkimə müraciət edirik.İcbari Tibbi sığorta tətbiq olunduqdan sonra, bunun tamamilə əksinin şahidi oluruq. Yaradılan imkanlardan insanlarımız istifadə edir, xəstəxanalara axışırlar. Tam müayinə olunduqdan sonra bəziləri evdə ambulator malicə alır, ehtiyac yarandıqda isə xəstəxanada yatırılır və buna görə ondan heç bir ödəniş tələb olunmur. Müəssisəmiz TƏBİB-in tabeliyinə keçdikdən sonra maaşlarımız da artırılıb”.

Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda hər gün sıxlıq yaşanır. Sabahın ən erkən çağında getsən, yenə də uzun növbənin yarandığını şahidi olarıq. Yaşı 70-i keçmiş Məlahət Hüseynova deyir ki, TƏBİB mənim kimi az gəlirli, pensiyaya baxan insanların yanındadır, çox razıyam, aldığım pensiya özümdə qalır. Həkimlər insanlara ləyaqətlə, hörmətlə yanaşır. Müayinə olunacağım otağı tapa bilməyəndə həkim özü məni aparır: “Doğrusu, indiyədək belə şey görməmişdik, bizim nəslin gözü önündə aqressiv, xəstə ilə sərt danışan və xəstədən  məsafə saxlayan həkim tipi olub. İndi resepti yazdıqdan sonra, həkim başından etmir məni, hansı dərmanı necə istifadə edəcəyimi səbrlə izah edir. Bu, inanılmazdı, o qədər yaxşı davranırlar ki, istəyirəm tez- tez gəlim, amma çox sıxlıqdır, növbəm çatana qədər səbrim tükənir. Kaş ki, TƏBİB bu sıxlığa da bir çarə tapa, içəridə nəfəs almaq mümkün deyil. Vətəndaş Mübariz Nuriyev isə deyir:  “Mən özəl klinikaların birində öz hesabıma əməliyyat olundum, çünki özüm müraciət etmişdim. Sonra öyrəndim ki, TƏBİB-ə müraciət etsəydim sığorta ilə əməliyyat oluna bilərəmmiş. Eybi yoxdur, əsas odur ki, öyrəndim”.

Roza Allahverdiyeva isə onkoloji xəstədir, radioterapiya alır. Deyir ki, TƏBİB şüaterapiyanı da sığorta ilə etsə, mənim kimi xəstələrə böyük yardım etmiş olar, çünki mən işləmirəm, pensiya yaşım da deyil. R.Allahverdiyevanın bir təklifi də var: “Çox dəyərli TƏBİB in rəhbərliyinə təklif edirəm ki, Azərbaycana gələn dərmanları nəzarətə götürsün, çünki dərmanlar çox keyfiyyətsizdir. Bunu həkimlər də etiraf edirlər. Deyilənə görə, işbazlar istifadə müddəti çoxdan keçmiş dərmanları, xüsusilə atılmağa təyinatlanmış sistemləri su qiymətinə alıb ölkəyə gətirirlər. Bu, Azərbaycan insanına qarşı hörmətsizlik və təhlükədir. Qalib ölkənin vətəndaşları hər şeyin ən yaxşısına layiqdir. TƏBİB iki ildə 100 ilin işini görüb desək yanılmarıq və bu, hamının gözü qarşısında baş verir. Biz TƏBİB-ə inanır və güvənirik, xalq istəyir ki, ölkəmizə gətirilən dərman preparatlarının keyfiyyətinə TƏBİB nəzarət etsin”.

 Səriyyə Müslümqızı

(Yazı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir).