Son zamanlar vətəndaşların böyrəklərini, qaraciyərini və digər orqanlarını satması barədə reklam və elanlar qarşıma çıxır. Bəzi elanlarda isə böyrək və qaraciyər alıram yazılır.

Bunu Milli Məclisin deputatı, fevral ayında keçiriləcək seçkilərdə Prezidentliyə namizəd, MCP lideri Razi Nurullayev Parlamentdəki çıxışı zamanı bildirib.

 Razi Nurullayev diqqətə çatdırıb ki, hətta avtobus dayancaqlarında da bu elanlar var.

 “ Bu məsələdə bir neçə yanaşma ola bilər. Vətəndaş ehtiyac ucbatından daxili orqanlarını satır, ikinci isə möhtəkirlər vətəndaşları qazanc məqsədilə buna sövq edir. Ən dəhşətlisi isə cinayətkar qrupların bu işdə əlinin olması ehtimalıdır.

Son zamanlar, cinayət hadisələri içərisində cinayətkarların bu məqsədlə adam oğurluğuna rast gəlməmişəm və bu sevindiricidir. Amma bu elanlara laqeyd yanaşmaq olmaz”, -deyə bildirib.

 Deputat əlaqədar qurumlara müraciət edərək həmin faktların araşdırılması barədə göstəriş vermələrini istəyib.  Həmin şəxslərə lazım olduğu halda dövlətin yardım etməsini təklif edib.

 “Mən əlaqədar orqanlara müraciət edirəm. O vətəndaşları dəvət edin, araşdırın ki, onlar niyə daxili orqanlarını satmaq istəyir? Ehtiyacdırsa, yaranan ehtiyacı ödəmək üçün dövlət tərəfindən mümkün addımların atılması vacibdən də vacibdir. Bir də bu tip elanlara, altı-satqıya nəzarət olunurmu?

Azərbaycan vətəndaşlarının çətinə düşən zaman dövlətindən yardım alması onların hüquqlarıdır. Onun üçün də ehtiyac ucbatından daxili orqanlarını satan vətəndaşlara dövlət səviyyəsində yardım göstərilməsi üçün addımlar atılmasını xahiş edirəm.

Bu məsələ ilə bağlı aidiyyatı qurumların araşdırma aparmasını və Milli Məclisə, o cümlədən bu məsələni qaldıran şəxs olaraq mənə də yazılı məlumat verilməsini xahiş edirəm”, - o vurğulayıb.

Qeyd edək ki, son vaxtlar, orqanlarını təklif edən insanların sayı artıb. Bu bir tərəfdən illərlə xəstə olan - böyrək, qara ciyər və s. orqanların transplantasiyasını gözləyən, ölümlə üz-üzə olan insanların həyata qaytarılması, ailələrinə sevinc bəxş edilməsidirsə, digər tərəfdən çox təəssüf ki, orqan bağışlayanların əksəriyyətinin bunu, sadəcə pula olan ehtiyacı səbəbindən etmiş olmasıdır...

 P.S. Onu da əlavə edək ki, hətta bir neçə il bundan əvvəl yerli qəzetlərdən birində orqan satışı ilə bağlı elanlara da rast gəlmişdik...

Y.Məmmədli