Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Meymun çiçəyi” virusunun kəskin yayılması ilə bağlı ekspertlərin təcili görüşünü çağırıb.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, artıq Böyük Britaniyada 9 nəfərdə “Meymun çiçəyi” (monkeypox) virusu aşkarlanıb.

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi virusa yoluxanlardan birinin paytaxt Londonda, digərlərinin isə ölkənin cənub-şərqində aşkarlandığını açıqlayıb.

“Meymun çiçəyi” xəstəliyinin ilk əlamətləri qızdırma, başağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur. Adətən, üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir.

İspaniya və Portuqaliyada Səhiyyə nazirlikləri də “Meymun çiçəyi” virusuna yoluxma halları ilə bağlı tədbirlər görməyə başlayıb. İspaniyanın paytaxtı Madriddə 8, Portuqaliyanın paytaxtı Lissabonda isə 5 nəfərdə Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən endemik virusun yaratdığı nadir xəstəlik olan “Meymun çiçəyi”nin aşkarlandığı açıqlanıb.

Xəstəliyin epidemiyaya çevrilmə riskinin az olduğu bildirilir.

E.ŞİRİNOV