booked.netbooked.net booked.net  

…Deputat Etibar Əliyev jurnalistllər üçün nəzərdə tutulan 3-cü binanın şəhid ailələri və qazilərə verilməsi ilə bağlı təklif səsləndirib. Bu təklif sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb.

İş o yerə gəldi ki, hətta vaxtilə ADİU rektoru Ədalət Muradovun professor diplomunun qanunsuz olması barədə sorğumuzu cavablandırmamasından sonra yazdığımız məqalənin Mətbuat Şurasında müzakirəsi zamanı rektorun «vəkili» Etibar Əliyevi müdafiə edənlər indi onu məhşər ayağına çəkirlər. Başqa sözlə, Mətbuat Şurasındakı ədalətli və vicdanlı insanlar Etibar Əliyevin jurnalistlərlə dostluqdan qazandığı nə varsa, ona xəyanətini qəbul etmədilər və sərt tənqid etməkdədirlər.

Bunları qoyaq bir kənara. Söhbət bəlli yolla deputat olan şəxsin indi də jurnalistləri əsəbləşdirən məntiqsiz çıxış etməsidir. Təsəvvür edin, o boyda Parlamentdə millətə qanunlardan dərs keçməyə iddialı adam deyir ki, jurnalistlərə ayrılmış 3-cü binadakı mənzillər şəhid ailələrinə və qazilərə verilsin. Bu deputat adlanan adam başa düşmür ki, əvvəla, jurnalistlərə mənzil verilməsinə qərarı Dəmir yumruq müəllifi-Ali Baş Komandan İlham Əliyev verib. Və Prezidentin sərəncamı müzakirə predmeti deyil! Özü də Etibar Əliyev kimi bir adam tərəfindən.

İkincisi, belə çıxır ki, şəhid ailələri və qazilər Etibar Əliyevin təklifindən asılı imiş. Məgər Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə diqqət və qayğısı yoxdur ki?! Az qala hər ay Prezident sərəncamları ilə ayrılmış vəsaitlər hesabına şəhid ailələri və qazilərə mənzillər, avtomobillər… paylanır. Deputat Etibar Əliyevin bunlardan da xəbəri yoxdur? Yoxdursa, ən azı vəkillik etdiyi rektordan soruşsun, çünki bildiyimiz qədər, onunla vaxaşırı təmasdadır, məsləhətləşmədədir.

Üçüncüsü və ən vacibi, Etibar Əliyev jurnalistlər üçün tikilmiş mənzillərin şəhid ailələri və qazilərə verilməsi kimi absurd, mənasız təklifi ilə Prezidentin bu kateqoriyadan olan insanlara qayğısını şübhə altına almış oldu. Redaksiyanın elektron poçtuna daxil olmuş qazilərdən biri yazır ki, bu adam deputatdır, yoxsa aravuran???

Nəhayət, bir vacib məqam: tanınmış jurnalistlərdən biri Etibar Əliyevi dəstəkləyən statusunda yazır ki, «…Bir fikirdir, söyləyib. Bu təklifi bəyənmək, etiraz etmək, yaxud tənqid və ya təqdir etmək olar. Amma adamın üstünə dəstə ilə hücum çəkmək və onu linç etmək doğru deyil… Bu, jurnalist həmrəyliyi deyil, korporotiv maraq savaşdır. Media və jurnalistika bunun üçün deyil…».

Dərin hörmət bəslədiyim jurnalist həmkarımızın bu sözünə nə deyə bilərik, hörmətlə yanaşırıq. Amma bir məsələ var ki, jurnalistlər üçün tikilmiş binadan mənzil alanların yalan olmasın, 70 faizi peşəkarlığı ilə tanınan, sözə peşəkar xidmət etmiş ehtiyaclı jurnalistlər deyil. Qalan 30 faizinin 20 faizi də PA-nın sabiq şöbə müdiri Əli Həsənovun yaxın dostlarıdır, tanışlarıdır və s. Qalan 10 faiz  isə ehtiyaclı olub Allahdan və sözdən başqa gümanı olmayanlardır!

İndi gəlirəm mətləbə: deputata təklif edirəm ki, əgər doğrudan da şəhid ailələri və qazilərimiz üçün bu qədər ürəyi yanırsa, axşamlar Bakının mərkəzi küçələrini gəzib dolaşsın. Tikilib istifadəyə verilmiş yüzlərlə binalar var ki, 90 faizində işıqlar yanmır. Yəni, yaşayış yoxdur. Milli Məclisdə məsələ qaldırsın ki, həmin mənzillər qazilərə və şəhid ailələrinə verilsin.

Ən sonda: bəziləri qızışıb yazır ki, axı jurnalistlərə niyə mənzil verilməlidir???

Cavab: dostlar, mən Əli Həsənovun 2 halda payladığı mənzillərə sahib olmayanlardanam... Amma sual verirəm: niyə şadlıq saraylarında, TV-lərdə, toylarda... oxuyub özünə pul, orden-medal, titul, avtomobil, bağ evi… qazanan Xalq artistlərinə mənzil verilə bilər, amma bu millətin dərdini yazan, tarixləşdirən zəhmətkeş-peşəkar jurnalistlərə yox??? Mən əsl jurnalistlərdən danışıram, partiyadaşlarını, qələmini, sözünü... satanlardan və satılanlardan yox!

Biz bəzən sonda deyilməli sözümüzü əvvəl deyirik və düşünüb danışmaq əvəzinə, danışıb sonra düşünürük. Onda isə gec olur, özü də çox gec…

Asif MƏRZİLİ

P.S.Yadımdan çıxmamış, Etibar Əliyevə bir vacib ünvan da deyirik, Goradilə baş çəksin (bəlkə də orda olub), orada böyük bir villa tikilməkdədir… Həmin villanı qazilərdən on beşinə hədiyyə etmək olar. Vətənpərvər deyilsiniz?!

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN