booked.netbooked.net booked.net  

Litvadan olan beynəlxalq dərəcəli media eksperti Ornela Ramasauskaite «Təzadlar»a və eyni adlı «Tezadlar TV»yə müsahibəsində Qarabağ həqiqətlərinə Litvalıların gözü ilə belə cavab verdi…

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və Azərbaycan Diplomatiya Akademiyasının (ADA) dəstəyi və birgə əməkdaşlığı ilə ADA-da ölkənin çap, elektron və vizual (TV və radio) media orqanları rəhbərlərinin iştirakı ilə təlimlərə start verilmişdi. Beləliklə, ADA-nın Təlim mərkəzində media biznesi və beynəlxalq təcrübə mövzusu ətrafında Litvadan dəvət edilmiş beynəlxalq statuslu ekspert Ornela Ramasauskaite-nin iştirakı ilə təlimlər keçirildi. Təbii ki, Azərbaycan mediasında bu sahədə yetərincə təcrübə vardır. Lakin beynəlxalq təcrübədən bəhrələnərək yerli media mühitində bundan istifadə olunması xüsusilə vacibdir, bunun müsbət bəhrəsini son bir neçə ildə görməkdəyik. 

***

 Mən elektron media rəhbərlərinin olduğu qrupun təlimlərində iştirak edirdim. MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədlinin iştirakı ilə olan iki günlük təlimdə olduqca maraqlı müzakirələr, fikir mübadilələri oldu. Ekspert Ormela xanım Litvadan olduğundan, söhbət daha çox Baltikyanı respublikaların- Estoniya, Latviya və Litvanın, eləcə də dünyanın qabaqcıl ölkələrinin Azərbaycanla informasiya əməkdaşlığı fonunda media mühitindəki müsbət tendensiyalar və təcrübələr aparılan, çözülən müzakirələrdən oldu. Təlim elektron media rəhbərlərinin sual-cavabları ilə davam etdiyindən olduqca maraqlı keçirdi. 

 Bir məqamı xüsusilə deyim ki, tanınmış ekspertlə o qədər səmimi söhbətlərimiz olurdu ki, bəzən mövzu media idarəçiliyindən, kommunikasiyalardan və s. deyil, daha çox Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi və s. barədə olurdu. Və görürdük ki, xanım Ornela Ramasauskaite Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, eləcə də dünya mediasında Azərbaycan və Qarabağ hadisələri barədə yayımlanan məlumat və yazılardan yetərincə məlumatlıdır. Biz də ona əlavə bilgilər və məlumatlar verirdik.

Təbii ki, ölkəmizdə qonaq olan və beynəlxalq təcrübəli ekspertin media yenilikləri və standartları barədə təlim söhbətlərindən daha çox məni onun Qarabağ məsələsinə mövqeyi maraqlandırırdı. Odur ki, Azərbaycanda qonaq olan, Qarabağ bölgəmizə səfər edən, ADA-da media təlimlərinə rəhbərlik edən Litvadan olan ekspert xanım Ornela Ramasauskaite-dən «Təzadlar» qəzetinə və eyni adlı TTV-yə (TEZADLAR TV) müsahibə almaq fürsətini əldən vermədim.

Qeyd edim ki, Litvadan olan ekspert, xanım Ornela Ramasauskaite Qarabağda olub, Füzulidə və Şuşada  erməni vandalizminin nişanələrini öz gözləri ilə görüb. "Qısası, Qarabağda ermənilərin 30 illik işğalı zamanı törətdiklərini görəndə bu qənaətə gəldim ki,  Qarabağ Azərbaycanındır!", - deyən Ornela Ramasauskaite-nin TTV-YƏ (TEZADLAR TV) videomüsahibəsi dekabrın 28-də YouTube üzərindən canlı proqramımızda yayımlandı. Onun müsahibəsini orijinaldan-ingilis dilində və Azərbaycan dilinə tərcüməsi ilə təqdim etdik (İngilis dilindən tərcümə  «Avrasiya gündəliyi» dərgisinin ingilis dili bölməsinin rəhbəri Elnur Məmmədliyə məxsusdur).

Beləliklə, həmin müsahibənin mətnini təqdim edirəm:

-Ornela xanım, Azərbaycana xoş gəlmisiniz…

-Təşəkkür edirəm, çox sağ olun…

-İki sualım olacaq: Azərbaycan haqqında təəssürratınız necədir?

-Azərbaycanı çox sevirəm. İlk gündən Azərbaycanın yeməkləri məni xüsusilə cəlb etdi. Eləcə də sizin qara çayı çox sevdim. Düzdür, ola bilər ki, burdan gedəndə mən özümlə Litvaya sizin qara çaydan apara bilmədim, amma istərdim ki, aparım. Dadı olduqca heyrətamizdir.

-İkinci sualım: bildiyim qədər, Qarabağda olmusunuz. Qarabağda xüsusilə nələr diqqətinizi çəkdi?

-Qarabağa səfərim olduqca maraqlı keçdi. Biz əvvəlcə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi avtobusla səfərə başladıq. Səfərə çıxanda Qobustan abidələrini ziyarət etdik. Qobustanda daşlar üzərində olan qədim tarixi yazıları, naxışları gördük. Olduqca maraqlı idi… Sonra biz Füzulidə olduq. Burada çox qısa zamanda tikilib istifadəyə verilmiş beynəlxalq aeroportla tanış olduq. Mən bu aeroportu görəndə heyrətləndim ki, 9 ay ərzində belə bir möhtəşəm kompleks necə tikilib istifadəyə verilib… Daha sonra biz avtobusla Şuşaya səfər etdik. Orada ermənilər tərəfindən güllələnmiş heykəlləri gördük. Eləcə də ermənilər tərəfindən məhv edilmiş, dağıdılmış binaları, yaşayış məskənlərini gördük. Bunlar dəhşətli izlər idi. Orada bir qədim məsciddə ermənilər tərəfindən törədilmiş təcavüzkar dağıntı və münasibəti görüb dəhşətə gəldim. Biz, həmçinin Şuşada güllə yarası almış insanlarla da görüşüb dərdləşdik. Onlarla söhbətlər etdik. Mənim üçün bunlar çox sarsıdıcı idi. Bilirsiz, mən bütün bu erməni dəhşətlərini və vandalizmi görəndən sonra bu qənaətə gəldim ki, həqiqətən də Qarabağ Azərbaycan torpağıdır. Çünki heç bir insan, şəxs, millət, ölkə… özünə aid olanı bu şəkildə dağıdıb məhv etməz. Və bütün bünlar məndə yeganə bir təəssürat yaratdı ki, Qarabağ Azərbaycanındır!

-Ornela xanım, bu ədalətli mövqeyinizə və qənaətinizə görə Sizə təşəkkür edirəm.

-Mən təəssüf edirəm ki, bu problem-Qarabağ məsələsi beynəlxalq mediada qabardılmır, dünyada hər kəsə lazımınca çatdırılmır. Çox istərdim ki, gələcəkdə bu məlumatlar dünya ictimaiyyətinə bütün genişliyi ilə, həqiqətliliyi ilə çatdırılsın.

-Bizdən Litva xalqına Azərbaycan boyda salamlar olsun!

-Təşəkkür edirəm, mən də çalışacağam ki, Litvadan daha çox insanları Azərbaycana göndərim…

***

Xatırlatma: Ornela xanım Ramasauskaite beynəlxalq səviyyəli ekspertdir. O, innovativ töhfələrinə görə iki dəfə regionun ən yaxşı marketinq direktorlarından biri təyin edilib. Xanım eləcə də Şərqi Avropa, Asiya və ABŞ-da fəaliyyət göstərən Norveç təsisçiliyinin bir hissəsi kimi Baltik ölkələri üzrə Marketinq və Koommunikasiya şöbəsinin rəhbəridir. Ornela xanım Litva Nazirlər Kabineti Aparatının Strateji Şurasının üzvü, Baş nazirin mədəniyyət üzrə ictimai müşaviri, Avropada Mədəniyyət Siyasəti və Trendlərin Toplusu üzrə ekspert, Avropa Şurasının birgə müəssisəsinin və Mədəniyyət Şurasının ekspertidir. O, bir çox xarici ölkələrdə ekspert kimi çıxışlar edib.

***

Bəli, ölkəmizdə qonaq olan, ermənilərin Qarabağda törətdiklərini öz gözləri ilə görən beynəlxalq dərəcəli media eksperti Ornela Ramasauskaite biz media rəhbərləri ilə təkcə media menecmentliyi sahəsindəki təcrübəsini paylaşmadı. O, həm də Azərbaycanın problemlərinə və Qarabağ bölgəsində gördüyü erməni vandalizminə ədalətli mövqeyini paylaşdı. İngilis dilində olan həmin videomüsahibə «Təzadlar»ın elektron yayım imkanlarından bəhrələnməklə dünyanın bir çox beynəlxalq qurumlarına, eləcə də ermənilərin feyk məlumat və Qarabağ yalanlarına aldanan ölkələrin parlamentlərinə, siyasi təşkilatlarına, məxsusi olaraq Fransa və Kanada parlamentarilərinə göndəriləcək. Dünya gec də olsa erməni yalanlarını rədd etməli, Azərbaycanın əzəli torpağı olan Qarabağda 30 illik işğal dövründə ermənilərin törətdiklərini görməli, özü üçün nəticə çıxarmalıdır. Çünki dünya ictimaiyyəti həm də Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının necə inkişaf etməsinin şahidi olmalıdır ki, erməni yalanlarına inanmasın…

Asif Mərzili

(Yazı və Ornela Ramasauskaite ilə videomüsahibə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.6). 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN