booked.netbooked.net booked.net  

Dekabrın 14-ü dünya şöhrətli alim Xudu Məmmədovun doğum günüdür...
..."Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil, siz onlara vətəni yaxşı tanıdın, özləri sevəcəklər...”  Aforizmə çevrilmiş bu ifadə görkəmli alim Xudu Məmmədova məxsusdur... Alimin barəsində çoxsaylı fikirlər və mülahizələr var. Onun elmlə sənətin, insanlıqla mədəniyyətin və mənəviyyatın vəhdəti barədə fikirləri həmişə aktual olub.  Xudu müəllimin barəsində deyilməyənləri deməmişdən əvvəl onun yazıb-yaradan, həm də yaradıb-yazan bir alim, ictimai xadim kimi həyat fəlsəfəsi barədə danışmaq istəyirəm. Çünki biz adətən Xudu Məmmədovu alim kimi tanıyırıq. Amma Xudu müəllim nə qədər böyük alim idisə, bir o qədər də böyük ürəyə sahib bir vətənpərvər, millətini və xalqını, dövlətini, torpağını sevən sadə bir insan idi. Onun vətən, dövlət sevgisinin sərhədi yox idi-Azərbaycanı azad və müstəqil görmək arzuları kimi... Fikirlərimi izah etmək üçün Xudu müəllim haqqında Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadədən eşitdiyim bir xatirəni bu məqamda xatırlamaq, məncə, lap yerinə düşər. Bəxtiyar müəllim danışırdı:
-...70-ci illərin əvvəllərində Xudu Məmmədov və Nurəddin Rza bizə gəlmişdilər... Novruz bayramı günləri idi. Bayram süfrəsi ətrafında hərəmiz ürəyimizdə tutduğumuz bir arzu barədə bir-bir danışmağa başladıq. Əvvəlcə mən danışdım. Dedim, ən böyük arzum budur ki, Azərbaycan İstiqlalına daha tez qovuşsun, Türk dünyasının birliyi bərqərar olsun... Sonra Nurəddin danışdı... Dedi ki, ən böyük arzum Azərbaycanı azad və müstəqil, o taylı, bu taylı bütöv görməkdir... Nəhayət, Xudu danışdı. Dedi, ən böyük arzum budur ki, bir də görüm qapımız bərk döyülür... Gedib açanda görüm ki, qapının ağzında əlində süngülü tüfəng tutmuş türk əsgərləri dayanıb. Desinlər ki, əfəndim, bu mənzil Xudu Məmmədovundur? Deyim ki, bəli, Xudu Məmmədovundur! Soruşsunlar ki, kommunist Xudu Məmmədov sizsiniz? Deyim ki, bəli, mənəm... Sonra tüfəngi mənə tərəf çevirsinlər və 

...Məncə əlavə şərhə ehtiyac yoxdur. Çünki Xudu müəllim bəlkə də bu kiçik görünən arzusunun içində böyük bir siyasi anlamda Allahdan diləyirdi ki, bir gün SRRİ dağılmış olsun, sərhədlər açılsın, türk əsgərləri Azərbaycana gəlsin, Bakıda əli silahlı sərbəst gəzsinlər və Bakıdakı sonuncu kommunisti güllələsinlər... Onda kimin ağlına gələrdi ki, bundan neçə illər keçəndən sonra Xudu müəllimin həmin arzuları çin olacaqdı-SSRİ dağılacaq, kommunist partiyası süqut edəcək, Azərbaycan Müstəqillik Aktını qəbul edəcəkdi... Və 2020-ci ilin sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsindəki Zəfər Qələbəmizdən sonra Qarabağ erməni işğalçılardan azad ediləcək, Şuşada belə Azərbaycanın və Türkiyənin bayraqları dalğalanacaq, Türkiyə Prezidenti Şuşada Azərbaycan və Türkiyənin hərbi-siyasi ittifaqı barədə Bəyənnamə qəbul edəcək, Türkiyə hərbçiləri Qarabağda hərbi keşik çəkəcək... Amma heyiflər olsun ki, Xudu Məmmədov bunları görmədi, lakin o, bunları görən bizlərdən fərqli olaraq bizdən neçə illər əvvəl arzulamış və bununla da o günlərin tezliklə gələcəyimizə ilahi bir işarə vurmuşdu...
***
...Xudu Məmmədovla eyni kənddən idik, qohumluğumuz var idi... Onun Mərziliyə hər gəlişi bir bayram idi. Ən maraqlısı budur ki, kəndə gəlişi ilə gedişindən kimsənin xəbəri olmazdı, quş kimi uçub yox olurdu. Gəlişini kimsəyə qabaqcadan xəbər yetirib əziyyət verməzdi, amma hamının əziyyətini çəkməyə gəlirdi, qayğısı ilə maraqlanırdı. Onu Bakının elmi fəaliyyətdən ayırıb Qarabağın adi bir kəndinə çəkib gətirən qüvvə torpağa və bu yurda-Azərbaycana olan dəlicəsinə sevgisi idi. Onun həyatı sonralar da elə bu sevginin qurbanı oldu.
Rəhbəri olduğum “Təzadlar” qəzetinin adını da Bəxtiyar Vahabzadə, Famil Mehdi, Məmməd Araz və Xudu müəllimin yaxın qohumu, dostu, tələbəlik-gənclik dostu Yusif Səmədov, professor İlham Rəhmov, mərhum komandir Rövşən Cavadov qoymuşdular... Xudu müəllimin ən çox sevdiyi bir ifadə, ad idi-Təzadlar!
 Qarabağ hadisələri başlayanda isə Xudu müəllimin özündən asılı olmayan bir həyacanlı günləri başlamışdı. Mən həmin dövrdə Dövlət Neft Akademiyasının tələbəsi olaraq Xudu müəllimlə tez-tez görüşürdüm və hər dəfə də onun Ağdamda olduğunu eşidirdim... Həmin dövrlərdə təxminən 150 il əvvəl Azərbaycana Türkiyə və İrandan köçürülmüş ermənilər Xankəndində etirazlara qalxıb müstəqil dövlət qurmaq istəyirdilər. Kütləvi etiraz tədbirləri başlamışdı. Xudu müəllim onların bu yersiz və əsassız iddialarını, həmçinin ermənilərin Qarabağ bölgəsinə köç tarixini və s. sənəd və sübutlarla izah edən məqalələrlə ölkə və İttifaq mətbuatında çıxışlar edirdi. Ermənilər yaxşı başa düşürdü ki, Xudu müəllim dünyada tanınan bir alim və söz sahibi idi. Və onun adi bir tarixi faktı ortaya qoyması ermənilərin sərsəm iddialarını alt-üst edə bilərdi. Odur ki, xain ermənilər onun fiziki məhvinə hazırlıqlar görməli idilər. Sən demə, görürmüşlər də.

Təbii ki, biz həmin dövrlərdə bunları bilə bilməzdik... Bu yaxınlarda ermənilərin Xudu müəllimi necə fiziki cəhətdən məhv etmək üçün hazırlıq gördüyünü və planlar cızdığını sübut edən olduqca unikal bir sənəd əldə etdik. Rusiya EA-nın həqiqi üzvü, görkəmli kimyaçı alim, akademik Yuri Timofeyeviç Struçkova həsr olunmuş və 2005-ci ildə Moskvada nəşr edilmiş “Çelovek, kotorıy ne umel bıtğ ravnoduşnım” (“Biganə qala bilməyi bacarmayan insan”) kitabında görkəmli Azərbaycan alimi Xudu Məmmədovun haqqında indiyədək bilmədiyimiz sensasiyalı faktlar var. Kitab Rusiya Elmlər Akademiyasının sifarişi əsasında çap olunub. Kitabda dünyanın bir çox tanınmış alimləri və onların elmi fəaliyyəti haqqında yazılar yer alıb, o cümlədən Xudu Məmmədovun da haqqında. Kitabın ayrı-ayrı səhifələrində Xudu Məmmədovun elmi fəaliyyəti, onun Azərbaycan elm və ictimai fikrində tutduğu yer və s. haqqında indiyədək bilmədiyimiz olduqca maraqlı faktlar da açıqlanır.
Budur, Y.Struçkovun həyat yoldaşı, xanım İ.S.Axrem ərinin yazıb çap etdirə bilmədiyi, indi özünün redaktorluğu ilə nəşr olunmuş (Y.Struçkov sağlığında yazsa da, tərtib edərək kitab şəklində sona çatdıra bilməmişdir) kitabının 464-cü səhifəsində həyat yoldaşından bəhs edən xatirəsində yazır: “...Yuranın Azərbaycanda çoxlu dostları və alim yoldaşları var idi. O, Xudu Surxay oğlu Məmmədova xüsusi rəğbət bəsləyirdi. Bu bəstəboy insan öz xalqını və ölkəsini dəlicəsinə sevirdi. O, vaxtilə Azərbaycan EA-nın prezidentinə müxalif mövqedə olmuşdu. Onu bu mövqeyinə görə faktiki olaraq elmi fəaliyyətdən məhrum etmişdilər. Lakin şükürlər olsun ki, Azərbaycan EA-da rəhbərlik dəyişdikdən sonra onu laboratoriya müdiri vəzifəsinə bərpa etmişdilər... Yura çox maraq və istəklə danışırdı ki, “Xudu İngiltərəyə elmi ezamiyyədən qayıdanda özü ilə iki çemodan kitab gətirmişdi. O, Azərbaycan xalqının milli ornamentləri ilə maddələrin atom quruluşu arasında paralellik apararaq elmi bağlılıq axtarıb tapmışdı. Hansı ki, məşğul olduğu sahə də kristalloqrafiya idi. Mən şəxsən onun ornamentlərdən ibarət bir kitabını görmüşdüm, hansı ki, “Azərbaycanın Eşeri” olan Xudu Məmmədov tərəfindən yazılıb-tərtib olunmuşdu. Heç bir elmi məşğələ, heç bir inzibati qərar və ya ailə problemləri onu Azərbaycanın hansısa ən ucqar bir rayonunda xəstələnmiş və onu arzulayan qohumu ilə, yaxud bir çobanla belə görüşünün qarşısını ala bilməzdi... Xudu heç vaxt bu insanların ölümqabağı onu görmək arzularını gözündə qoymazdı... Onun yanına hər cür insanlar gələrdilər, kömək almağa, məsləhətləşməyə. Yeri gəlmişkən, Xudunun adı da rus dilinə tərcümədə “əl tutan, xeyirxah” mənasını ifadə edir...””.
Nəhayət, kitabın 466-cı səhifəsində Xudu Məmmədov haqqında daha bir maraqlı hissə var: 1980-ci illərin sonlarında baş verən hadisələrdən, milli münaqişələr haqqında danışan müəllif İ.S.Axrem, həyat yoldaşı, görkəmli alim Y.Struçkovun dilindən yazır: “...SSRİ məkanında və Qafqaz ölkələrində faciələr yaşanırdı... Dəhşətli hadisələr bizim alim dostlarımızdan da yan keçmədi. Xudu Məmmədovun adı “Erməni xalqının düşmənləri” siyahısına salınmışdı. Lakin ermənilər heç cürə onu öldürməyə macal tapa bilmədilər. Çünki Xudu Məmmədov 1988-ci ildə qəflətən ikinci infarkdan dünyasını dəyişdi...”.
Bu faktlar bir daha sübut edir ki, Xudu Məmmədov 1987-88-ci illərdə Rusiyada və Azərbaycanda rusdilli mətbuatda ermənilərin İrəvanda və Dağlıq Qarabağda qaldırdıqları milli münaqişələrə, əsassız torpaq iddialarına sərt tənqidi yazıları və tarixi-elmi əsaslandırmaları ilə cavab verdiyindən ermənilər onun adını “erməni xalqının düşməni” kimi ölüm siyahısına daxil ediblərmiş. Lakin göründüyü kimi, terrorçular onu məhv etməyə macal tapmamışdılar. Çünki Xudu Məmmədov öz əcəli ilə də düşmənə bu imkanı verməmişdi!
Allah rəhmət eləsin!
Sonda: bu dəyərli faktları özündə əks etdirən kitabı redaksiyamıza çatdıran Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunun əməkdaşları, Xudu Məmmədovun tələbələri-İmaməddin Əmiraslanova və Vaqif Qasımova dərin minnətdarlığımı bildirirəm.
Asif Mərzili
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst. 6.3.9)
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN