Yaxud, Azərbaycanda niyə çörək də boldur, israfçılıq da???

Atalarımızın “Çörəyi ver çörəkçiyə, birini də üstəlik!” deyiminin tarixini bilmirəm, amma fəlsəfəsi budur ki, çörəyi onun qədrini bilənə ver, üstəlik, birini də bu qədirbilməyə görə mükafat kimi hədiyyə et!

 Sözümün “Mustafası” budur: Azərbaycan hökuməti, lap gerçəyi,  ölkənin Prezidenti süfrəmizin şah əsəri, Azərbaycan istehlakçısının gündəlik menyusunun “baş qəhrəmanı” olan çörəyin bolluğu üçün əlindən gələni dövlət büdcəsinin imkanları səviyyəsində edir... Edir ki, ölkədə vaxtilə rastlaşdığımız çörək növbələri olmasın, ən vacibi, 30 ildir Ermənistanın torpaqla imtahana çəkdiyi xalqımız indi çörəklə imtahana çəkilməsin!

Büdcəmizin buğda əlaçıqlığı...

 Azərbaycan Prezidenti İlham Əliyevin neçə il əvvəl ölkənin Ərzaq Təhlükəsizliyi ilə bağlı verdiyi sərəncamı xatırlayıram. Hətta ölkə başçısı Nazirlər Kabinetinin illik hesabat iclasına sədrlik edərkən  Azərbaycanda taxıl, xüsusən də buğda istehsalındakı əyintilərə yol verənlərə, aqrar sahəyə ayrılan subsidiyaları yeyənlərə və “pripiska” müəlliflərinə sərt xəbərdarlıq etdi. O dərəcədə ki, Prezident ölkədə rəsmi statistikaya görə təlabatdan artıq taxıl istehsalına rəğmən, un çatışmazlığının səbəbini açıq şəkildə dilə gətirdi, saxtakarlığa qarşı qəti mübarizə aparılacağını, Azərbaycanın Ərzaq təhlükəsizliyinə qarşı sabotajlıq edənlərə son sözünü dedi... Və rəsmi statistika da, real faktlar da və bu faktların arxasında dayanmış fermer də təsdiqləyər ki, neçə illərdir bu sahədə elə də bir ciddi problem yoxdur. Məsələn, apardığımız araşdırmalar da təsdiqləyir ki, Azərvbaycan hökuməti çörək və un məmulatlarının istehsalında nə mümkündür onu edir. İndiyədək kimsə çörək qıtlığının şahidi olduğuna şahidlik edə bilməz.

 Faktlara istinad etsək, Azərbaycanda hər il dövlət büdcəsindən aqrar sahəyə lazımi qədər vəsait də ayrılır. Məsələn, 2022-ci ildə Azərbaycan hökuməti kənd təsərrüfatı sektoruna 997 milyon 305 min manat xərcləməyi planlaşdırır. Təxminən 1 milyard manat! Ötən il bu rəqəm 943 milyon 036 manat olub. Həmin vəsaitin 441 150 000 manatı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə, 30 milyon manatı baytarlıq, 406 milyon  manatı isə meliorasiya işlərinə yönəldiləcək.

Təklif-Təlabat və real faktlar...

 Həmişə mübahisələndirilən bir fakta diqqəti çəkmək istərdim:  Azərbaycan Hökumətinin rəsmi açıqladığı rəqəmə görə, ölkədə taxıla olan illik tələbat təxminən 3,5-4 milyon tondur. Ərzaq buğdasına tələbat isə 1,7 milyon ton təşkil edir.

 Bunu həm də Kənd Təsərrüfatı Nazirliyinin tanınmış mütəxəssisləri deyirlər: “...Uzun illərdir ki, taxıla olan bu tələbatın təxminən 65-70 faizi daxili istehsalla ödənilir”. Amma maraqlıdır ki, bu rəqəm nədənsə başqa rəsmi mənbələrdə fərqli söylənilir. Məsələn, “Azərbaycan” qəzeti 8 yanvar tarixli sayındakı taxılla bağlı bir məqalədə (müəllif Rüstəm Kamal) yazır: “...Azərbaycanın buğdaya olan illik tələbatı təxminən 3,1 milyon tondur”.  Fərq göz qabağındadır...

***

 Məqalədən o da məlum olur ki, “...ölkəmizdə son 3 ildir ki, ildə təxminən 2 milyon tona yaxın buğda istehsal olunur. Bu miqdarda buğda daxili tələbatı ödəmədiyi üçün 1 milyon 300 min və ya  1 milyon 400 min ton taxıl idxal etməyə məcburuq”.

Bəs bizi xaricdən buğda almağa nə vadar edir? Hansı ki, Dövlət Neft Fonduna yığım edilmiş valyutanın hesabına alınır. Məsələn, rəsmi statistikaya görə, təkcə 2020-ci ildə Azərbaycan 264 milyon dollara xaricdən 1,226 milyon ton buğda alıb. Və 1 ton buğda orta hesabla 214 dollara başa gəlib.

 Təzəcə vidalaşdığımız 2021-ci ildə isə 287,6 milyon dollara 1,18 milyon ton buğda almışıq, 1 ton buğdanın orta alış qiyməti 283 dollar olub.

 Pul alanda və əkəndə- var, biçənd- yox olan məhsuldarlıq...

 Rəsmi statistikanı bir kənara qoyaraq real həyati misallara keçək: xatırlayıram ki, 70-80-ci illərdə Azərbaycan xaricdən (SSRİ respublikalarından) buğda idxal etmirdi. Buğdaya olan təlabat əsasən yerli istehsal hesabına olardı. Hətta xatırlayıram ki, yaşadığım Ağdamın Mərzili kəndində “1 may” kolxozu vardı. Kolxoz nəinki dövlətə satınalmalarını artıqlaması ilə verirdi, hətta kolxozçulara əmək gününə aadambaşı 500 kq-1 ton, bəzilərinə 2-3, yaxud 5 ton buğda və ya arpa, qarğıdalı verərdi. Onu da xatırlayıram ki, hər bir kolxozçunun həyatyanı sahəsində əkdiyi buğda illik un təlabatını ödədiyindən çoxları əmək güününə verilən buğdanı ucuz qiymətə kolxoza satırdı.

Təbii ki, Ermənistanın Azərbaycanın əsas taxıl istehsalçısı olan Qarabağ bölgəsində 1990-cı illərdən başlayan işğalçılıq əməlləri bütün bu imkanları əlimizdən aldı. Amma ölkənin digər ərazilərindəki əkinə yararlı torpaq sahələri daxili təlabatı ödəməyə yetərli idi...

***

Gəlirəm bu günümüzə: Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytındakı statistikanın dili ilə desəm: “Azərbaycanda 2019-cu ildə ümumi əkin sahəsi 2018-ci illə müqayisədə 1.2% azalaraq 1,71 mln. ha, o cümlədən dənli və dənli-paxlalıların əkin sahəsi 0.9% azalaraq 1.1 mln. ha təşkil etmişdir. Ümumi əkinlərin 62.5%-i dənli və dənli-paxlalıların payına düşmüşdür”.

 Sahələrlə izahlasam, dənli və dənli-paxlalılar: 2019-da 1072465 ha, 2018-də  1082001 ha olub. Konkret olaraq isə, buğda əkini belədir: - 2019-ci ildə- 670019 ha və 2018-də -678138 ha.

Məhsul çıxımına gəldikdə, “2019-cu ildə taxıl istehsalı 3.54 milyon ton olmuşdur ki, bu da 2018-ci illə müqayisədə 6.9% çoxdur. Eləcə də 2019-cu ildə isə dənli və dənli-paxlalılar 3 milyon 538.5  min ton, 2018-ci ildə isə 3 milyon 309.2 min ton olub”.

Yenə də rəsmi mənbələrin fərqli məlumatları: 2019-cu ildə taxıl sahələri üzrə hər hektara görə ümumi məhsuldarlıq- 33 sentner, 2018-ci ildə isə- 30,58 sentner olub.

 Bəs qiymət artımından narahat olduğumuz buğdamızın illər üzrə məhsuldarlığı niyə üz ağardan deyil?

Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi saytından hər il milyardlar xərclənən, subsidiyalar, stimullaşdırıcı üsullarla əhatəyə alınan sahələrdən yığılan taxılın məhsuldarlığına baxdım. Açıq deyim, üzümüzü un kimi ağardan rəqəmlərə rast gəlmədim. Əksinə...

Baxın:

1.Buğdanın əkin sahəsi illər üzrə belədir (hektarla): 2015- 539679, 2016- 590645, 2017- 596126, 2018- 679103, 2019- 670020, 2020- 640977, 2022- 611967;

2..Buğda istehsalı həmin illər üzrə (min ton): 2015- 1.687,6; 2016: 1. 851,4; 2017: 1. 818,6; 2018: 2. 042,9; 2019: 2. 171,59; 2020: 1. 860,2; 2021- 1. 885,4 ton!

3.Buğdanın hər hektara görə məhsuldarlığı (sentner) 2015- 31,3, 2016-31,3; 2017- 30,5; 2018- 30,1; 2019- 32,4; 2020- 31,7.

Rəqəmlər haray salır: xaricdən buğda almaq Azərbaycanda buğda istehsalından daha sərfəli deyilmi???

  Araşdırmalar bir də onu göstərir ki, son 10 ildə Azərbaycanın xaricdən buğda alışı 931,3 min tondan (2009-cu ildə) 2019-cu ilədək 1 milyon 585 min tonadək, təxminən 70,1% artmışdır. Eyni qaydada alınan buğdanın dəyəri 194,7 milyon dollardan 340,5 milyon dollaradək, yəni 77,4% çoxalıb. Bu o deməkdir ki, Azərbaycan ərzaq buğdasına olan təlabatının vur-tut 38,4 faizini ödəyə bilir. Təəccüblüdür!

 

 Bütün rəsmi statistik məlumatları və rəqəmləri ümumiləşdirib belə bir suala cavab axtarmalı oldum: yuxarıda qeyd etmişəm, məsələn , 2020-ci ildə Azərbaycan 264 milyon dollara xaricdən 1,226 milyon ton (1 tonu 214 dollar), 2021-ci ildə isə 287,6 milyon dollara 1,18 milyon ton (1 tonu 283 dollar) buğda alıb.

 Azərbaycan hökuməti isə ötən illərdə olduğu kimi, 2022-ci ildə də kənd təsərrüfatı sektoruna büdcədən 997,3 milyon manat vəsait ayırıb. Hansı ki, 2021-ci ildə bu rəqəm 943 milyon manat olub. İndi gəlin hesablayaq: hökumət, məsələn, 2021-ci ildə Azərbaycanda istehsal olunmuş 1,9 milyon ton buğdaya 997,3 milyon manat xərc çəkib (əvvəlki illərdə də təxminən belə olub). Hökumət həm də 2021-ci ildə 287,6 milyon dollara (488,9 milyon manat)  xaricdən 1,2 milyon ton buğda alıb.

Onda daha bir adi hesablama:

1.Azərbaycanda 2021-ci ildə daxildə istehsal olunan 1 ton buğdaya çəkilən vəsait: 997,3 milyon manat : 1,9 milyon ton = 525,3 manat!

2.Azərbaycanın 2021-ci ildə xaricdən aldığı buğdaya çəkdiyi xərc: 488,9 milon manat: 1,2 milyon ton= 407,5 manat!

 Deməli, xaricdən alınan buğda daxildəki istehsaldan daha ucuz başa gəlir??? Belə çıxır ki, bu qədər xərc, əziyyət çəkib daxildə buğda əkib-becərməkdənsə, xaricdən buğda almaq daha sərfəlidir???

 Amma təbii ki, ölkənin ərzaq təhlükəsizliyi baxımından bütün hallarda Azərbaycan özü- özünü buğda ilə təmin etmək yolunu tutmalıdır. Sadəcə, məhsuldarlığı ölü nöqtədən çıxarmaq və artırmaq, həmçinin işğaldan azad edilmiş ərazilərdə əkinəyararlı əraziləri daha tez minalardan təmizləyib əkin altına vermək lazımdır.

Sonda bir statistikanı da diqqətə çatdırım: Azərbaycanın dövlət büdcəsindən aqrar sahəyə ayrılan vəsaiti qeyd etdim. Həmçinin Azərbaycanda kənd təsərrüfatına ayrılan subsidiyaların da həcmi yetərincədir: Məsələn, 2019-cu ildə 342,824 milyon manat,  2018-ci ildə 379,423.2 milyon və bu ilə təxminən 400 milyon manat!

 Ötən illərin statistikasına nəzər salanda məlum olur ki, təkcə 2019-cu ildə (2020 və 2021-ci illərdə də) kənd təsərrüfatına dövlət dəstəyi davam etdirilib. 2019-cu ildə isə 723 sahibkara güzəştli kreditlər verilib, 2019-cu ildə 383.7 min istehsalçıya 1214.3 min hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına (habelə taxıl əkininə görə) dövlət büdcəsinin vəsaiti hesabına 83 milyon 240.6 min manat, 7179 istehsalçıya 37.8 min hektar təkrar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 1 milyon 887.7  manat məbləğində yardım verilib. 2018-ci ildə kənd təsərrüfatına ayrılan subsidiyaların 63.9%-i, 2019-cu ildə 63.2%-i birbaşa fermerlərin texnika, mineral gübrə, pestisid və s. istehsal vasitələrini əlverişli şərtlərlə əldə etmələrinə yönəlib.  Bu yadım 2020 və 2021-ci illərdə təxminən eyni səviyyədə davam etdirilib. Vergi güzəştlərini də bura əlavə etsək, təsəvvür etmək çətin deyil ki, Azərbaycanda aqrar sahəyə nə qədər diqqət yetirilir. Bu, ölkənin Ərzaq təhlükəsizliyinin fəlsəfəsidir.

 Bu sahəyə rəhbərlik edənlər isə elə etməlidir ki, Azərbaycanlı fermer süfrələrimizin milli büdcəmizdən ayrılan yüz milyonlarla vəsaitdən qidalanmış yerli ərzaq buğdasından bişirilmiş çörəklə təminatından qürur duysun! Axı, bu süfrəyə gələn çörək yüz milyonlarla vəsaitin hesabınadır! Gəlin, şuma səpilən o milyonlarımızın qədrini bilək...

Asif Mərzili

P.S.Ölkədə çörək bolluğuna gəlincə, bu imkan verməməlidir ki, israfçılıq ayaq açıb yerisin. Biz həm də bunun qarşısını almalıyıq. Bakının Hövsan, Türkan, Maştağa, Buzovna, Qala... kəndlərində kisələrə doldurulmuş və dükanlardan qayıtmış çörəklərin mal-qara üçün yem kimi su qiymətinə satılmasını, bəzən zibil qutularının ətrafına atılmış boyat çörəkləri... görəndə xaricdən valyuta ilə alınan buğdamızı göz önünə gətirməliyik...

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.4).


GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA