booked.netbooked.net booked.net  

Varsa, bəs, onlar nə iş görürlər?

Yeni tikinti meydançalarını və onların hesabına daralan küçə və prospektləri görəndə, adamın yadına qədim bir mahnının sözləri düşür: “..həsri basma, dolan gəl”. Bəli, bir-birinə pərçimlənərək tikilən binaların arası ilə addımlamaq, yaxud darısqal giriş qapısına yaxınlaşmaq üçün gərək dolana-dolana gələsən...

Küçə və prospektlərdə yolların daraldığını, hətta avtomobillə hərəkət etməyin nə qədər çətin olduğunu indi hamı görür. Təkcə Bakı Şəhər İcra Hakimiyyətindən başqa. Hüzür yerlərində belə tabutu daşımaq üçün binanın həyətində yer tapılmır. “Tikinti dəllalları” və gözü onların cibində olan rayon İcra Hakimiyyətlərinin başçıları heç bir layihə qaydalarına əməl etmirlər (Deyilənə görə, tikilən hər çoxmərtəbəli binanın 2-3 mənzili rayon İcra Hakimiyyəti başçılarına “hədiyyə edilir”). Ona görə də, hətta yol kənarında birinci mərtəbəni inşa etdikdən sonra, ev tikənlər növbəti mərtəbədən sonra səkinin üzərinə doğru “qanad gərirlər”. Rahat hərəkət etmək üçün piyadalara belə səki saxlanılmır. Adamların dediyi kimi, belə “çoban layihələri” əsasında aparılan bu tikintilər, elə çobansayağı da yekunlaşır. MTK sahibkarları bu “allax-bullax” işlərinə görə kimdənsə çəkinmirlər. İnsanların iradları ilə qarşılaşanda bir az da hərəkətlərinə qabalıq qatırlar. Səsini çıxaran sakinləri təqib edənlər də var. Məsələn, sökülmüş evlər olan məhəllələrdəki yaşıl ağacları gecə ikən doğrayıb aradan çıxarırlar. Xüsusilə, Bakının Nərimanov və Nizami rayonları ərazisində buna addımbaşı rast gəlinir. Metronun “28 May” və “Gənclik” stansiyaları arasılndakı tunelin üstündə belə çoxmərtəbəli binalar tikməkdən çəkinmirlər. İş o yerə çatıb ki, hətta haradasa ayaqyolu boyda boş yer tapan kimi dərhal orda nəyisə inşa edirlər. Sovetlər zamanından qalan geniş məktəb həyətləri “tikinti dəllallarının” zavalına gəlir, həmin ərazilər də ermənicəsinə dərhal “işğal edilir”. Nəticədə məktəblilərin idman meydançaları zorla onların əllərindən alınır. Bu “işğalçı inşaat rəhbərlərinin” üzərindəki hansısa yardım əlləri körpələri də incitməkdən çəkinmir. Açığı, bina tikənlər arasında keçmiş çobanlar da az deyil. Təəssüf ki, təhsili olan inşaatçılardan çox onlara üstünlük verirlər. Savadsız olduqlarına görə onların əli ilə hər cür nöqsanlara yol vermək qolaylaşır..

Tikinti qaydalarına uyğun olmayan inşaat obyektləri Bakının gələcəyini təhlükə altına alan böyük problemlərin təməl daşına və gələcəyin partlayan minasına çevrilirlər. Elə bir problem ki genişlənən Bakının məruz qaldığı bir sıra dərdlərinin üzərinə gələcəkdə böyük dərdlər gətirəcək. Elə bir dərd ki onu aradan qaldırmaq müşkülə çevriləcək.

***

Öz adlarını uyğunsuz əməlləri ilə Bakının yaddaşına yazan “dəllalları” bir tərəfə qoyub zamanımızı tıxacla ağırlaşdıran darısqal yollara keçirik. Günümüzü ünvanlar arasında paylaşdığımız, ölçüsü yüz kilo-metrləri ötən yolların baxımsız halı, istər-istəməz adamın ovqatına narahatlıq qatır.

Keçmiş Vorovski, indi isə Rəsulzadə adlanan qəsəbənin yaşayış massivi ilə “Xutor”un arasından keçən bir küçə var. Həmin küçə 22-ci Dağlıq küçəsi adlanır. Azadlıq prospektindəki “qoşa yanacaqdoldurma məntəqəsi”nin yanından ötüb keçən Cəfər Xəndan küçəsi buraya qədər gəlib çatır. Bu küçə həmişə avtomobillərlə dolu olur. Mikrorayonlar istiqamətinə doğru irəliləyən çoxlu sayda avtomobillərin sığışa bilmədiyi həmin  küçə o qədər darısqaldır ki, sürücülər buraya daxil olanda necə hərəkət edəcəklərini bilmirlər. Küçə boyunca sıralanan şəxsi evlərin sahibləri isə əraziyə nəzarətsizliyi görüb ildən-ilə yolun yatağına barmaq uzadırlar. Nəticədə yol getdikcə daha da daralır. Ilkin olaraq, onu deyək ki, C.Xəndan küçəsi ilə 22-ci Dağlıq küçəsi birləşən yerdə yol haçalanır. Sürücüləri daha çox cərimə etməyin yollarını axtaran təşkilatlar, təəssüf ki, burada yol nizamlayıcısı qoymağı unudublar. Özü də xeyli vaxtdır ki, nizamlayıcı nişanların olmaması ucbatından sürücülər burada çox çətin bir duruma düşürlər. Nə işıqfor qoyulub, nə də ki digər hərəkət nizamlayan nişan. Nəticədə dörd istiqamətdən hərəkət edən avtomobillər, az qala bir-birinə girirlər.

22-ci Dağlıq küçəsi ilə H.Seyidzadə küçəsi istiqamətinə irəlilədikcə sakinlərin özbaşına yola basdırdığı dəmir dirəklər göz önündə canlanır. Həyətlərində özlərinə obyektlər açan ev sahibləri, təkcə dəmir dirəklər basdırmaqla kifayətlənmirlər. Onlar yolu keçilməz hala gətirən daş-kəsək parçaları ilə də gediş-gəlişə əngəl törədirlər. Amma bunun üçün onlara “gözün üstə qaşın var “-deyən, hələlik yoxdur. Bundan başqa, 22-ci Dağlıq küçəsindən H.Seyidzadə küçəsinə girişdə də işıqfora ciddi ehtiyac vardır. Sürücülər hər an məruz qala biləcəkləri qəza hadisəsindən güclə yayınırlar.

Nərimanov İcra Hakimiyyətinin inzibatı binasının qarşısından keçən Firdovsi Məmmədov küçəsində də yol nişanları olmadığından “Yaşıl bazar” tərəfdən gələn avtomobillər qəza vəziyyəti yaradırlar. DYP inspektorları da gördükləri problemlər haqqında əlaqədar təşkilatlara yolun vəziyyəti haqqında məlumat göndərmirlər.

Nəsib bəy Yusifbəyli küçəsi ilə üzü metronun “Gənclik” stansiyası istiqamətinə hərəkət edən avtomobillər “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına çatdıqdan sonra sağa dönməyə məcbur olurlar. Giriş qadağan olduğuna görə irəliyə düz hərəkət edə bilmilər, nəticədə Bakıxanov küçəsi ilə “Gənclik” istiqamətinə hərəkət edən avtomobillərin sayı çoxalır. Bu da süni tıxacın yaranmasına səbəb olur. Yəni, şəhərdən “Gənclik-moll” itiqamətinə hərəkət edən avtomobillər yalnız bir yolun - Bakıxanov küçəsinin ümidinə qalırlar. Halbuki N.Yusifbəyli küçəsi ilə hərəkəti yanacaqdoldurma məntəqəsinin yanından düzünə davam etdirməklə (cəmisi 100 metr uzunluğunda) Bakıxanov küçəsinə toplanan avtomobillərin sayını xeyli azaltmaq olar. Bunun üçün “Gənclik” stansiyası tərəfdən gələn avtomobillərin də sola hərəkətini dayandırıb, dönmə istiqamətini Ceyhun Hacıbəyli küçəsinədək uzatmaq lazımdır. Əlbəttə, buraya yol mütəxəssisləri cəlb olunmalı, onların köməyi ilə avtomobillərin hərəkətini nizamlamaq lazımdır. Digər böyük bir xəta isə mikrorayon tərəfdən gələn sərnişin avtobuslarına metronun üstündəki meydançaya girişin bağlanmasıdır. Əgər tunelə giriş yolundan “Özsüt” restoranı tərəfə Atatürk parkının kənarı ilə sola dönmə yolu açılsa, onda avtobuslar tunelə girmədən metronun üstündəki meydançaya daxil olar, pullu dayanacağa çevrilmiş yerdə dayanarlar. Əlbəttə, bu mümkündür. Özü də vacibdir. Bununla da “Gənclik-moll”un qarşısında dayanan avtobusların sayı azalar və sıxlıq da aradan qalxar.

***

Beləliklə, həlli asan çözülə bilən problemlər çoxdur. Ancaq kimlərsə, sanki buna mane olur, şəxsi gəlirləri üçün əhaliyə göstərilən xidmətlərin asanlaşmasına imkan vermirlər. Bununla da şəhər əhalisinə avtobus xidmətinin yaxşılaşdırılmasına maneçilik törədirlər. Təəssüf ki, BNA deyilən qurum buna reaksiya vermir, görmür, ya da ki görmək istəmir.

Şəhər yollarının problemləri saymaqla bitmir. Onlardan biri də Babək prospektinin dəmir yolunun keçmiş “Montin” stansiyası istiqamətindən tunel vasitəsi ilə sağa çıxışın açılmamasıdır. Əgər bu çıxış açılsa, Babək prospektinin sonunda yaranan sıxlığı xeyli azaltmaq olar. Eyni zamanda, prospektin sonundakı yol ötürücüsündən çıxışda sağa, tunelin davamı olaraq, yeraltı keçidi uzatmaqla Yusif Səfərov küçəsinə daxil olmadan Şəhər qatar vağzalına istqamət götürmək mümkündür.

Digər ən gərgin problemlərdən biri də Binəqədi qəsəbəsindən Azadlıq prospektinə gələn yoldakı sıxlıqdır. Bu yolla Sumqayıt şəhəri və Mehdiabad qəsəbəsi istiqamətindən gələn avtomobillər də hərəkət edir. Burda son vaxtlar günün pik saatlarında tıxacdan hərəkət etmək mümkün deyil. Ola bilsin ki, gələcəkdə 20 Yanvar istiqamətindəki sıxlığı nisbətən azaltmaq üçün Masazır - “Binəqədi Mərkəz” avtomobil yolu da çəkilsin. Onda vəziyyət daha da ağırlaşa bilər. Odur ki, Mehdiabad - 7-ci mikrorayon xətti üzrə dəmir yolundan tunellə keçmək şərti ilə yeni avtomobil yolunun çəkilməsinə böyük ehtiyac vardır. Bununla Azadlıq prospektindəki tıxacı seyrəltmək olar. Həm də marşurut avtobuslarının metronun “Gənclik” və “Nərimanov” stansiyalarına çatma vaxtı xeyli azala bilər.

Bakı-Şamaxı yolunun Sulutəpə dairəsində tikilən körpü də uğursuz alınmışdır. Şamaxı və ətraf qəsəbələrə gedən avtomobillərin “ekologiya postu” istiqamətindən körpü vasitəsi ilə dairə vurub yola düzlənməsi heç məntiqə sığmır. Bu yolu Bakı-Sumqayıt yolundan tunellə sola çıxış edib davam etdirmək daha münasib olardı. Onda yolun estetikası pozulmaz, yersiz fırlanmalar sürücüləri dilxor etməzdi. Sulutəpə dairəsində körpünün birtərəfli inşaası yolun gələcəkdə də doğru qurulmasına əngəl olacaq.Mütəxəssis olmayan yerdə işlər həmişə belə uğursuz sonuclanır. Əziyyət çəkən isə insanlar olur.

Bakını gələcəkdə tıxac xaosundan xilas etmək üçün Memarlıq və Şəhərsalma idarəsi dron vasitəsi ilə ərazilərin havadan şəklini çəkməli, məzmunlu layihələr hazırlamalıdır. Axı, abadlıq yollardan başlanır, deyirlər. Qəsəbələr ilə Şəhər mərkəzini birləşdirən rahat yollar çəkilərsə, bələdiyyələrin səriştəsizliyi hesabına şəhər ətraflarına səpələnmiş pərakəndə tikililərin də səliqə-sahmanı öz düzəninə qovuşar. Həm də çobansayağı tikililərin düzülüşü təkmilləşər. Əlbəttə, yollar haqqında problemlərin hamısını şərh edə bilmədik. Problemlər təsəvvür etdiyimizdən də artıqdır. İstərdik ki, Bakı Şəhər İcra Hakimiyyəti, onun əlaqədar qurumları da şəhəri cansıxıcı vəziyyətə salan tıxac problemləri barədə düşünsünlər. Zamanında həll edilməyən hər - hansı bir əyər-əskik artdıqca, daha dözülməz və həlledilməz olur. Bu da, istər-istəməz adamların haqlı narazılığına gətirib çıxarır.

Ədalət TEYMUROV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN