booked.netbooked.net booked.net  

Azərbaycan 30 ildən çoxdur öz müstəqilliyini bərpa edib və müstəqil dövlət kimi tanınır. Təbii ki, müstəqilliyimizin bərpasında o zamankı gənclərimizin rolunu təkzib etmək mümkünsüzdür. Hansı ki, hər zaman o gənclərimizlə fəxr edirik.

Hələ müstəqilliyimizin bərpasının ilk illərində səriştəsiz hakimiyyətin olmasından sui-idtifadə edən düşmən, erməni separatçıları vətənimizi hədəfə alanda, torpaqlarımızı işğal etmək, etnik təmizləmə aparmaq niyyəti ilə hücum edəndə gənclərimiz cəbhədə də öz vətənpərvərliklərini sübut etdilər. Saysız-hesabsız azərbaycanlı gənc vətən uğrunda, torpaqlarımız uğrunda döyüşə qatıldı, canlarını fəda etdi. Bu gün onların xatirəsi ehtiramla yad edilir və biz onlarla qürur duyuruq. Həm də sevindirici haldır ki, hələ əsrin əvvəllərində canlarından keçən, şəhid olan vətənpərvər gənclərimizin qanı yerdə qalmadı. Onların uğrunda can qoyduqları ərazi bütövlüyümüz təmin edildi və əminik ki, indi ruhları şaddır.

Məhz vətənpərvərlik ruhunun, milli ruhun ölkəmizdə yüksək səviyyədə olduğunu biz torpaqlarımızın işğaldan azad edilməsində bir daha müşahidə etdik. Azərbaycan gəncliyi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bir yumruğa döndü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə saysız-hesabsız könüllü qoşulanlar gəncliyimizdə milli mənlik şüurunun, vətənpərvərlik hissinin hansı səviyyədə olduğunu ortaya qoydu və bunu bütün dünya ictimaiyyəti də gördü. Bütün dünya ictimaiyyəti gördü ki, Azərbaycan gəncliyi öz torpaqları uğrunda, vətən uğrunda canından keçməyə hər an hazırdır və bu yenə də öz təsdiqini tapdı. Düşmən cəmi 44 gün müddətində qarşımızda diz çokdü, özünün məğlubiyyətini, bizim isə qələbəmizi rəsmi şəkildə təsdiq etdi və bu qələbədə məhz milli şüurun, vətənpərlik hissinin xüsusi payı var.

Azərbaycanda milli mənlik şüurunun inkişaf etdirilməsinə, vətənpərvərlik hisslərinin qorunub saxlanılmasına xüsusi önəm verilir. Dövlətimizin gənlərlə bağlı apardığı siyasət də göz önündədir. Respublikamızda gənclər siyasəti uğurla həyata keçirilir. Azərbaycan gəncliyinə xüsusi imkanlar yaradılır. Dövlətimizin yaratdığı şərait sayəsində Azərbaycan gəncləri bir çox vəzifələri icra edirlər və bu da gənclərə xüsusi yer verildiyinin, vəzifələr həvalə olunduğunun, etibar edildiyinin təzahürüdür. Gənclərimiz isə həvalə olunan vəzifələrin öhdəsindən layiqincə gəlməklə bu etibarı layiqincə doğruldur. Bu isə ondan xəbər verir ki, ölkəmizin gələcəyi etibarlı əllərdədir və bizim milli mənlik şüuruna, vətənpərvərlik hissinə malik gəncliyimizlə fəxr etməyə haqqımız var.

Məhəmməd Peyğəmbər deyirdi: "Atanın öz oğluna əvəzsiz olaraq verdiyi, bağışladığı şeylərin ən üstünü odur ki, onu yaxşı böyütsün və gözəl tərbiyə etsin”. Ailədə yaxşı böyüyən və gözəl tərbiyə alan uşaq mütləq həm savadlı, bilikli olacaq, həm də vətənə, xalqa gərəkli bir övlad kimi yetişəcək. Danılmaz faktdır ki, gözəl əxlaqlı və tərbiyəli insanın milli mənlik şüuru da yüksək olur, mədəni səviyyəsi də. Belə insanlar, digərlərindən fərqli olaraq, doğulduğu torpağın, vətəndaşı olduğu ölkənin təəssübünü daha çox çəkirlər. Onlar doğma yurd üçün, təmsil etdiyi xalqın xoşbəxtliyi üçün canlarını belə, əsirgəmirlər.

Mütəxəssislər sübut edirlər ki, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan əsil insan, vətəndaş, vətənpərvər kimi yetişmək çox çətindir. Xalqın tarixini, dilini, mədəniyyətini bilməyən insan milli mənlik şüuruna malik deyil. Vətəni sevməyən insan heç vaxt vətənpərvər ola bilməz, vətən yolunda qəhrəmanlıq göstərməz.

Müasir dövrdə Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsinə daxil olan şəxsiyyətlərin keçdiyi yol da gənclərimizin mənəviyyatına müsbət təsir göstərir. Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovun keçdiyi mübarizlik yolu kimi. Azərbaycan xalqının igid oğlu türk dünyasına qənim kəsilmiş mənfur qonşumuz ermənilərlə savaşda böyük cəsurluq, mərdlik göstərərək şəhid olub...

"Təzadlar" qəzetinin layihəsi əsasında Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovun keçdiyi həyat və döyüş yolundan bəhs edən kitabın hazırlanmasına qərar veriləndə şəhidin ən yaxın dostları, tələbə yoldaşları və anası ilə görüşüb söhbət etmək mənə həvalə olundu. 

Doğrusu, bir qədər tərəddüd içində qaldım. Çünki müharibə mövzusunda yazmaq, o ağır günləri yenidən xatırlamaq çətindir.

Müharibə haqqında yazanda, kiminləsə söhbət edəndə ilk olaraq şəhidlərimizi xatırlayıram. Üstəlik, yadıma ön cəbhədə döyüşlərin getdiyi vaxt arxa cəbhədəki vəziyyət, kəndimizin ilk dəfə ermənilər tərəfindən bombalanması düşür. O anlar hələ də gözümün qabağından getmir. Bir axşamüstü qonşumuz Nurəddin Bayramovun nişanlı qızı Rəfiqənin evlərinin qarşısındakı yolda söhbət etdiyi qonşumuz Mustafa Bayramovun həyat yoldaşı Ziba xanımın və İsmayılbəyli kəndindən qonaq gələn mamam gəlini Meyxoşun öz körpə balası ilə yanlarına düşən top mərmisindən paramparça olmaları gözlərim önündə canlanır. Yaxud, bir gecənin yarısı başımıza dolu kimi yağan qrad, tank, top mərmilərinin altından həyat yoldaşımla iki körpə övladımızın birlikdə möcüzəli qurtuluşumuzu, məcburi köçkün düşdükdən sonra ilk vaxtlar Mingəçevirdə, sonra isə Bakıda saatlarla çörək növbəsində durmağımızı, ümumilikdə, çəkdiyimiz məşəqqətləri ürək ağrısı ilə xatırlayıram. Ona görə də bu mövzuda yazmaq həmişə mənim üçün ağır və çətindir. Hətta mən bu qeydləri edə-edə o anları yenidən yaşamaq məcburiyyətində qalıram...

Şəhidlərimiz haqqında danışmaq, yazmaq nə qədər qürurverici və şərəfli olsa da, ailələri, əzizləri ilə söhbət etmək qeyd etdiyim kimi, bir o qədər çətindir. İllah da şəhid anası ilə söhbət etmək lap ağırdır...

...Öyrəndim ki, Orxan Əkbərovun anası Sevil Abdullayeva Biləsuvar şəhərində yaşayır. Sevil xanlmla telefon əlaqəsi saxladım. Özümü təqdim edəndən sonra zəngimin məqsədini söylədim. Sevil xanım bizi səmimiyyətlə Biləsuvara - evlərinə dəvət etdi. Həmin günün səhəri Biləsuvara yollandıq. Biləsuvarda hansı küçə ilə gedirdiksə igid şəhidlərimizin fotoşəkilləri ilə qarşılaşırdıq. Orxan Əkbərovun vaxtilə yaşadığı evin qarşısında isə böyük Xatirə kompleksi vardı. Xatirə kompleksində Orxan Əkbərovla yanaşı, Qarabağ müharibəsində şəhid olan biləsuvarlı igidlərimizin fotoları yer alıb. Abidə kompleksinin önündən keçərkən bu fotolardakı məsum baxışlar və onların başı üzərində dalğalanan bayrağımız adamı bir anlıq ayaq saxlayıb düşünməyə sövq edir. Məhz bu igidlərin canları bahasına bu gün Şuşamızda, Qarabağımızın hər yerində dövlət bayrağımız dalğalanır. Ona görə də qəhrəman şəhidlərimizin ruhunu uca tutmaq, xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur...

...Orxangilin evlərinin qarşısında bizi kiçik qardaşı Elnur qarşıladı. Görüşüb həyətə keçdik. "Xoş gəlmisiniz" deyib bizi evə dəvət etdi. Qapını açıb içəri daxil oluruq. Burda hər şey Orxanı xatırladır, divarlardakı böyük həcmli potretlər, mebel əşyalarının üzərindəki şəhid qəhrəmanımızın həyat və döyüş yolunu əks etdirən fotoşəkilər, şəxsi əşyaları, təltiflər, rəsmi sənədlər... hər şey özündə onun izlərini qoruyub saxlayır...

Şəhid ailəsində olmaq, şəhid anası ilə danışmaq həm də çox böyük mənəvi güc tələb edir. Hansı sualdan, necə başlayacağımı bilmirəm... Nə deyim ki, Sevil ananın qəlbini, hələ də qaysaq bağlamayan yarasını təzələməyim... Özümü toplayıb söhbətə başlayıram.

- Sevil xanım, biz polkovnik-leytenant Orxan Əkbərovu Vətən Müharibəsi Qəhrəmanı kimi tanıyırıq. Ancaq övladınız olaraq onu hamıdan ən yaxşı siz tanıyırsınız. O, necə övlad idi?

- Orxan ailəmizin üçüncü övladı idi. Bu gün onun haqqında danışmaq mənə çətin gəlir. O, dünyaya gəlişindən ömrünün sonuna qədər ailədə hamıdan fərqli idi. Çox danışan deyildi. Beş sualın birinə cavab verərdi. Hər şeyə diqqətlə nəzər yetirərdi. Heç vaxt öz işini, üzləşdiyi problemi başqası ilə bölüşməzdi. Düşdüyü çətinliklərdən xəbərimiz olmazdı. O, dünyaya gələndə biz işimizlə əlaqədar Saatlıda yaşayırdıq. 1982-ci il dekabrın 12-si, gecə saat 23 radələri idi. Doğum yaxınlaşdığı üçün məni gətirdilər özümün işlədiyim Saatlı Rayon Mərkəzi Xəstəxanasına. Doğum başlayanda rayonda işıqlar söndü. Lampa, şam işığında dünyaya gəldi Orxan. Doğuşu, çəkisi, qidalanması normal olsa da, amma daim ağlayırdı. On-on bir ayına qədər onu rəhmətlik atası Nadirlə növbə ilə qucağımızda saxlayırdıq ki, ağlamasın. Çünki qucağımızdan yatağa qoyan kimi ağlamağa başlayırdı. Demək olar ki, gecəli-gündüzlü ağlayırdı. Onu bütün günü evdə, həyətdə qucağımızda gəzdirirdik. Məəttəl qalırdıq ki, bu uşaq niyə belədir? Hətta onu iki dəfə indiki Elmi-Tədqiqat Pediatriya İnstitutuna apardıq. Bütün müayinələrdən keçirdik. Dedilər, bu uşağın heç nəyi yoxdur, hər şey normaldır. Ancaq o, bir yaşına qədər ağladı. Sizə deyim ki, qeyri-adilikləri də vardı. Oğlan uşağı olmasına baxmayaraq, çox gözəl idi. Ağappaq, yupyumuru sifəti, uzun kiprikləri, mənalı baxışları vardı. Kiçik yaşlarından ən çox döyüş filmlərinə baxırdı. Sonra da evdə, həyətdə əlinə nə keçirdisə, götütrüb onunla avtomat silah kimi davranırdı. Bağçaya gedəndən məktəb yaşına kimi günü ancaq vurmaq-yıxmaq, dağıtmaq, yıxılıb-durmaqla keçirdi. “Voennıy” deyə bilmirdi. Deyirdi, böyüyəndə “voynı” olacam. Ancaq onu da deyim ki, Orxan heç nəyə, heç kimə zərər verməzdi, kimisə incitməzdi. Hamı ondan razılıq edərdi. Sentyabrda orta məktəbdə dərslər başlayanda pal-paltarını da mənim zövqümə buraxırdı. Deməzdi ki, mənə mütləq bunu alın. Ailə həyatı quranda da elə oldu. Qızı mən bəyəndim. Adı Nuranə idi, Saatlı Rayon Mərkəzi Xəstəxanasında mənimlə bir yerdə işləyirdi. Onu oğluma məsləhət gördüm, Orxanın da xoşu gəldi və Nuranə ilə ailə qurdu...

Sevil xanım danışdıqca nəfəs ala bilmir, içini göynədən qəhərdən boğulurdu...

- Orxan orta məktəbdə oxuduğu illərdə idmanla da məşğul olmağa başladı. O, 1989–1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə oxudu. Sonra biz Biləsuvarda yaşamalı olduq. Ona görə də Orxan 1997–1999-cu illərdə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil aldı. Orta məktəbdə oxuya-oxuya Biləsuvar rayonunun “Səməd Vurğun” kolxozunda fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin boks müəllimi, SSRİ idman ustası İmaməli Muradovun sinfində boksla məşğul olmağa başladı. Orxan hələ kiçik yaşlarından atasını - polis mayoru Nadir Əkbərovu xüsusi geyimdə görmüşdü. Atası 90-cı ilin əvvəllərində mənfur ermənilərin törətdiyi qətliamlardan danışarkən 10 yaşlı Orxan ona diqqətlə qulaq asardı. Düşmənə nifrətlə böyüyən Orxanın, dediyim kimi, idmana böyük marağı vardı. Hər dəfə yarışlarda qazandığı qələbələr onun vətən, torpaq sevgisini artırırdı. Əslində, mən Orxanın gələcəkdə atası kimi hüquq-mühafizə orqanlarında çalışmasını istəyirdim. Ancaq o, hərbçi olacağını söyləyirdi. Elə də oldu, 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini Qoşun kəşfiyyatı ixtisası üzrə bitirib, 2004-2005-ci illərdə Təlim-Tədris Mərkəzində ixtisası üzrə təhsil aldı. Sonra Füzuli rayonundakı hərbi hissədə bölük komandiri kimi fəaliyyətə başladı. 20 ilə yaxın uğurlu xidməti komandanlıq tərəfindən yüksək dəyərləndirildi və polkovnik-leytenant Orxan Əkbərov kəşfiyyat hərbi hissəsinin komandiri vəzifəsinədək yüksəldi. Kiçik qardaşı mayor Ənvər Əkbərovun da hərbçi olmasında Orxanın zəhməti olduqca böyükdür.

Orxan xidməti dövründə məzuniyyətə də gəlməzdi. Arada gəlib iki-üç gün qalırdı. Zəng gələn kimi deyirdi, “mama, mən getdim”. Bax xidməti dövründə onun üzünü belə görürdük. 

Sevil xanım deyir ki, Orxan evə sonuncu dəfə sentyabrın 25-də gəlib:

- Mən özüm məzuniyyətdə idim. Oktyabrın 6-da işə çıxacaqdım. Sentyabrın 25-i axşamüstü idi, uşaqlar qışqırışdı ki, atamız gəldi. Bir də gördüm Orxan qapını açıb girdi içəri. Halbuki həmişə gələndə əvvəlcədən zəng edib bildirərdi. Dedim, Orxan, mama qurban, niyə xəbər eləmirdin ki, gəlirəm, biz də bir hazırlıq görərdik. Güldü, sonra da dedi ki, noolar, bu dəfə də hazırlıqsız qarşılayın məni...

Sevil xanım göz yaşlarını saxlaya bilmir... O, hər dəfə ah çəkəndə göz yaşlarına boğulanda sanki ürəyimdən bir tel qırılırdı. Sevil xanım nə qədər məğrur dayansa da, Orxan barədə danışdıqca qəhər onu boğur...

-  Tez soyuducudan ət, toyuq çıxardıb yemək hazırlamağa başladıq. Orxan dedi, mama, siz yemək hazırlayana kimi mən uşaqlarla, dost-tanışlarla görüşüb gəlirəm. Sonradan rayondakı bütün qohum-əqrəba, dostları, tanıdıqları insanlar mənə dedilər ki, Orxan gedib onlarla görüşüb. Evə gecəyarısı qayıtdı. Süfrəyə oturub bir tikə yemək yedi. Onu da deyim ki, Orxanın əlindəki telefonun zəngləri susmurdu. Oğluma bir zəng gəldi, tələsik həyətə çıxdı, danışıb qayıtdı. Qayıdan kimi dedi ki, gedirəm. Dedim, ay oğul, axı sənin üzünü düz-əməlli görə bilmədim. Dedi, mama, təcili getməliyəm, narahat olma, tez qayıdacam. Həyətdən yola çıxmamış ayaq saxladı. Böyrüstə çevrilib gülmsəyən baxışlarını gözlərimə zilləyib “Mama, vətən sağ olsun!” deyib gəldiyi maşına minib getdi. Hardan biləydim ki, son sözü ilə nə demək istəyir? Müharibə söhbətini də bilmirdik axı...

Sevil xanım yenə də göz yaşlarına hakim ola bilmir.

-  Müharibə xəbərini nə vaxt eşitdiniz?

- İşdə olanda yenə hərə bir şey danışır, eşidirsən. Məzunuyyətdə olduğum üçün həyətdən bayıra çıxmırdım. Qulağı kar kimi evdə otururdum. Heç nədən xəbərim yox idi. Orxan gedəndən bir neçə gün sonra Nuranə ilə marketə uşaqlara şey-şüy almağa getmişdik. Gördüm marketdə danışırlar ki, müharibə başlayıb. Soruşdum ki, ay oğul, nə müharibə, harda başlayıb? Dedi, sentyabrın 27-də ermənilər Qarabağda təxribat törədiblər, bizim ordumuz da cavab olaraq əks-hücum əməliyyatına başlayıb. Elə bil məni tok vurdu, ayaq üstə dayanmağa taqətim qalmadı. Tez taksiyə minib evə qayıtdıq. Birtəhər içəri keçdim. Orxana zəng etdim. Dedim, ay oğul, burda camaat danışır ki, müharibə başlayıb. Qayıtdı ki, yox, nə müharibə, elə bir şey yoxdu, narahat olma. Ondan sonra bir az toxdadım, ürəyim sakitləşdi. Sentyabrın 27-dən oktyabrın 2-nə qədər hər gün Orxanla zəngləşib hal-əhval tuturdum. Oktyabrın 2-nə keçən gecə heç yata bilmirdim, elə bil yerimə qor dolmuşdu. Evimizin ikinci mərtəbəsində tək yatırdım. Təzəcə yuxuya getmişdim ki, takkıltı səsinə oyandım. Nəsə pəncərəni döyəcləyirdi. Pəncərəyə yaxınlaşıb həyətə boylandım. Gördüm ki, güclü yağış yağır. Göy guruldayır, ildırım çaxırdı. Külək əsdiyi üçün də yağış pəncərəni döyəcləyirdi... Bu yağışdan yaman qorxdum. Dərhal Nuranəni, uşaqları səsləyib oyatdım. Dedim, bu yağışdan, havanın bu xasiyyətindən heç xoşum gəlmir. Nuranə dedii, ay mama, yağışdı də yağır, get yat, heç nə olmaz. Nə qədər elədim yata bilmədim, dirigözlü açdım səhəri. Səhər o başdan Orxana zəng etməyə də ürəyim gəlmədi. Dedim, qoy, saat 8 olsun, yığaram. Saat 8-də Orxana zəng etdim. Nə qədər zəng eləyirəm, telefon çağırır, amma açmır... Saat 9 oldu, 10 oldu, 11 oldu, telefon çağırır, amma Orxan telefonu açmır. Az qala ürəyim partlayırdı. Əlim də heç yana, heç yerə çatmırdı. Günortadan sonra, təxminən saat 3-də Ənvərə zəng elədim, dedim hardasan? Ənvər cavab verdi ki, Qubadlıdayam. Dedim, Orxana zəng edirəm, amma cavab vermir... Sonralar bunu Ənvər mənə danışdı. Sən demə, müharibə başlayanda Orxanla Ənvər aralarında belə qərara gəliblər ki, hansımız şəhid olsaq, mamama xəbər verilməsin. Sağ qalan şəhid olanı yarım saatlıq həyətimizə gətirib, sonra da aparıb dəfn etsinlər.

Onlar mənim xəstə olduğumu nəzərə alıb belə qərara gəliblər... Amma iki il keçdi, anaları ölmədi... 

Ənvər dedi ki, mama, narahat olma, salamatlıqdır. Qışqırdım ki, Ənvər, dayana bilmirəm, ürəyim partlayır, Orxana de, mənə zəng eləsin. Dedi, yaxşı, xəbər verərəm, səninlə danışar... Nə danışmaq, elə həmin gün dron vasitəsilə tapıb görürlər ki, Orxanla birlikdə neçə döyüşçümüz hamısı şəhid olub... Ancaq hələ də mənə heç nə demirlər. Dəli kimi həyətdə o tərəf-bu tərəfə qaçıram. Telefonu da əlimdən yerə qoymuram ki, birdən Orxan zəng edər, bilmərəm. Nə qədər gözlədim, Orxan zəng eləmədi. Allaha yalvarıram ki, Orxan bircə dəfə zəng eləsin ki, ay mama, narahat olma, yaxşıyam. Yox, yox... telefonuma zəng gəlmədi. Demə, heç Orxanım həyatda yox imiş...

Danışdıqca göz yaşlarına boğulan Sevil xanım şəhid olmuş Orxanın və silahdaşlarının dron vasitəsilə çəkilmiş fotoşəkillərini və videolarını bizə göstərir... Düşmən snayperi ilə şəhid edilən Orxan və silahdaşlarının qanlar içərisində torpağa sərilmiş cansız bədənləri ürəkparçalayan mənzərə idi. Tökülən qanları ilə uğrunda can verdikləri torpağı vətənləşdirən qəhrəmanlarımızın şəhidlik məqamını əks etdirən görüntüləri izlədikcə ananın keçirdiyi anları sözlə ifadə etmək mümkün deyil...

- ...Can bala... Bəziləri də mənə deyir ki, səbr elə... Bu şəkillərə, videolara hər gün dəfələrlə baxıram... Məndə səbr qalar?.. Oktyabrın 5-də səhər tezdən Nuranə otağın qapısını döyərək “mama, ay mama” deyə məni çağırdı. Səsə yuxudan dik atıldım. Telefona baxdım, gördüm saat 7-nin yarısıdır. Qapını açıb koridora çıxanda gördüm Nuranə yoxdur. Nuranə! - deyə çağırdım, cavab vermədi. Birinci mərtəbəyə enəndə mətbəxdən səslər eşitdim. Mətbəxin qapısını açanda gördüm ki, Nuranənin anası ilə bacısı içəridə oturublar. Görüşdükdən conra soruşdum ki, sən Allah, xeyirdirmi səhərin gözü açılmamış gəlməkdə? Onlar susduqca içimdəki narahatlıqdan az qala ürəyim yerindən qopacaqdı. Əl çəkmədim ki, yox e, nəsə olub. Çox isrardan sonra dedilər ki, Orxanın yaralandığını eşidib gəliblər... Bunu eşitcək, “nəə, Orxan yaralanıb?!” Bir haray, qıyya çəkdim ki, uşaqlar səsimə gəldilər. Məni sakitləşdirməyə çalışırdılar. İnanın, dəli kimi həyətdə qaçıb qışqırırdım ki, Orxan harda yaralanıb, hansı xəstəxanadadır, məni onun yanına aparın, əgər yaralansaydı, Ənvər mənə deyərdi. Demə, bütün qohum-əqrəba gəlib həyətin o başında atamgilin köhnə evi vardı, ora yığışıb. Dost-tanış, rayonun camaatı həyətimizin ətrafına, yola toplaşıblar, mənim də heç nədən xəbərim yox. Mənim qışqırığımdan sonra bir də gördüm həyət-baca, ev-eşik adamla doldu. Oğluma, qızıma deyirəm ki, tez olun camaatın bura yığışmasının səbəbini doğru-dürüst anladın görüm nə baş verib, yoxsa Orxan şəhid olub?! Kimsə mənə olanları demir. Ənvərə zəng etdim ki, Orxandan nə xəbər var? Dedi, mama, narahat olma, gedirəm Orxanın yanına, ora çatan kimi səni onunla danışdıracam. Vaxt keçdikcə Orxandan xəbər yox... Saçımı-başımı yoldum... Kimsə bir söz deməsə də, hamının baxışlarından hiss  edirdim ki, Orxan balamın başında nəsə var. Kiçik oğlum Elnur mənə dedi ki, mama, Ənvərlə danışdım, Orxanın yarası yüngüldür, vəziyyəti yaxşıdır, qorxulu heç nə yoxdur...  Həmin gecəni də səhərəcən gözümü yummadım. Gah evə girirəm, gah həyətə düşüb o baş-bu başa gedib gəlirəm. Allaha yalvarıram, nəzir-niyaz deyirəm ki, balamı məndən almasın. Oktyabrın 6-na sabah açıldı. Durdum çıxdım çölə. Get-gedə həyət, darvazanın ağzı insanlarla yenə dolmağa başladı. Küçəyə çıxanda baxdım ki, orada da adam əlindən iynə atsan yerə düşməzdi. Ürəyimə şübhələr dolmağa başladı. Evdə uşaqlar qərar tuta bilmirdi. Gah içəri girir, gah bayıra çıxır, gözləri yollarda qalmışdı. Hiss edirdim ki, hamısının ürəyindən qara qanlar axır. Lakin heç kəs büruzə vermirdi, özlərini təmkinli aparırdılar. Mətbəxdə süfrə açdılar, səhər yeməyi yedilər. Süfrə yığışılandan sonra kimi həyətə çıxdı, kimi otağa keçdi. Qayınım arvadları da dedi, biz evə gedirik. Onların da heç nədən xəbəri yox imiş. Beləcə, hərə bir tərəfə çəkildi. Ancaq qızım pəncərənin qarşısından əl çəkmir, gözlərini darvazadan ayırmırdı. Mən də divanda oturmuşdum. Hava qaralmağa başlamışdı. Saata baxdım, 6-ya işləmişdi. Bir də gördüm qızım qışqıra-qışqıra ikinci mərtəbədən pilləkənlərlə aşağı endi. Oturduğum divandan dik qalxdım ayağa. Dedim, qızım, nə oldu? Dedi, bəs darvazamızdan Azərbaycan bayrağını asırlar. Dizlərim əsdi, addım atmağa taqətim olmadı. Hətta ağaqüstə  dayana bilmədim. Birtəhər sürünə-sürünə evdən bayıra çıxdım. Həyətdə adam əlindən tərpənmək olmurdu. Darvaza taybatay açılmışdı. Həyətin içinə yerləşməyənlər küçədə toplaşmışdılar. Hər tərəf  adam idi, millət tökülüb gəlmişdi. Dəli kimi qışqırırdım: Aytən! Aytən! Ölən hansıdı, Orxandı, yoxsa Ənvərdi? Özümü göyə atıb, yerə çırpırdım, başımı qapıya-divara vururdum...

Bir də gördüm qapının ağzında təcili yardım maşını dayandı. Tabutu maşından həyətə endirdilər. Yenə də  fəryad qoparıb haray salıram ki, bu, kimin tabutudur? Gördüm Ənvər maşından düşdü və mənə tərəf gəldi. Üstü-başı pis gündə, dizəcən tamam zığa-palçığa bulaşmışdı. Üzünü tük basmışdı. Dedim, Ənvər, bu, Orxanın tabutudur?.. Cavabı gözləmədən sürünə-sürünə tabuta yaxınlaşmağa çalışdım. Ənvər qışqırdı ki, mamamı tabuta yaxın buraxmayın. Çox yalvardım ki, sən Allah dəyməyin mənə, qoyun son dəfə olaraq Orxanımın üzünü görüm. Dedim, onu bircə gecəliyinə mənə verin, qoynumda yatırdım.

Qoymadılar... Orxanın tabutunu açıb, oğlumla son dəfə görüşə bilmədim. Necə çığırıb özümdən getmişəmsə, bir də onda ayıldım ki, ətrafımda gözüyaşlı adamlar toplaşıb. Gördüm ki, darvazanın ağzında mübahisə gedir. Yaxınlaşıb soruşdum ki, nə olub? Qızımın həyat yoldaşı dedi, bizə tapşırıq verilib ki, Orxanı Bakıda Şəhidlər Xiyabanında dəfn olunmalıdır. Qoymadım. Dedim, yox, olmaz, atası da illərdir həsrət qalıb balasına, Orxan Nadirin yanında dəfn olunacaq. Orxanın harada dəfn olunması ilə bağlı bəlkə də bir saat mübahisə getdi. Axırda Ənvər dedi ki, mamam nə məsləhət bilir, elə də olacaq. Mənə “balamı aparmayın, gətirin mənə!!!”, - deyə fəryad etdim. Əlimlə başıma-gözümə döydüm, qiyyə çəkib Orxanın həyətdən çıxarılan tabutunun arxasınca qaçdım. Havalı kimi olmuşdum. Orxanımı 2020-ci il oktyabrın 6-da aparıb Biləsuvar şəhər qəbiristanlığında dəfn etdilər...

Bir gün sonra uşaqlarıma yalvardım ki, məni aparın Orxanıma. Getdim, Orxanımı görmədim, qara torpağın altında uyuyurdu. Üstünə Azərbaycanın bayrağını sərmişdilər. Diz çökərək oğlumun uyuduğu torpağı, məzarının üstündəki bayrağı öpdüm... Hələ də onun ölümünə inanmıram. Sağlığında oğlumun üzünə həsrət qalmışdım. İndi heç dözə bilmirəm yoxluğuna. Fələk məni yaman yerdə haqladı... Hər gün gedib məzarını ziyarət edirəm Orxanımın.

- Sevil xanım, Orxanın azad etdiyi torpaqlara, şəhid olduğu yerə də getmək istərdinizmi?

- Əlbəttə, istəyirəm. Orxan Füzuli rayonundakı İlanlı dağda gedən döyüşlər zamanı şəhid olub. Nə qədər yalvarıram ki, məni onun şəhid olduğu yerə aparın. Ancaq aparmırlar, deyirlər, həmin ərazilər minalıdır, ora getmək indi təhlükəlidir.

- Sonda nə demək istərdiniz?

- Orxanın itkisi bütün varlığımı, həyatımı alt-üst edib. Bütün sevinclərim onunla gedib. Orxanın itkisi məni nə qədər göynədib və ağrıdırsa, bir tərəfdən də onun şəhidlik zirvəsinə yüksəlməsi qəlbimi qürur və iftixar hissi ilə doldurur. Orxan torpaq, vətən, xalq uğrunda şəhid olub. İndi o, təkcə mənim oğlum deyil, bütün millətin, xalqın oğludur. Təsəllim bir odur ki, hamı Orxanı özünə oğul, qardaş, ən yaxın və doğma adam kimi qəbul edir. Bu gün hamı onun qəhrəmanlığından danışır. Sağ olsun Prezidentimiz, Ali Baş Komandanımız, Orxanı Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edib. Qürur duyuram ki, qəhrəman anasıyam.

***

...Çünki Ulu Tanrı onu belə yaratmışdı - mərd, cəsur, qorxmaz, vətənpərvər. Bəli, vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələnlər qeyrət simvolumuz, mərdlik məktəbimizdir. Vətənpərvər olmaq üçün, sadəcə, Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərov, Milli Qəhrəmanlarımız - Asif Məhərrəmov (Fred Asif), Allahverdi Bağırov, Əliyar Əliyev, Mübariz İbrahimov, Polad Həşimov və İlqar Mirzəyev kimi olmaq yetər. Belə oğullar qanı ilə, canı ilə vətənə bağlı olur. Vətənpərvərlik, torpaq qeyrəti belə oğulların qanına, iliyinə hopur. Vətən məhz belə qəhrəmanlara oğul deyir.

Elbar ŞİRİNOV

Bakı-Biləsuvar-Bakı

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.10.)

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN