booked.netbooked.net booked.net  

Ölkəmizdə bu il ərzində məişət zorakılığına məruz qalma faktı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edən kişilərin sayı açıqlanıb. Dövlət Komitəsi onların sayının 42 nəfər təşkil etdiyini bildirib.

Məişət zorakılığına məruz qalma ilə bağlı müraciət edənlər arasında qadınlar üstünlük təşkil edir. Bununla yanaşı, həm məişət zorakılığı faktı ilə bağlı, həm də sırf özünün məişət zorakılığına məruz qaldığı üçün müraciət edən kişilər də var.

2021-ci ilin 10 dekabr tarixinədək məişət zorakılığı ilə bağlı rəsmi ərizə əsasında komitəyə 340 müraciət daxil olub: "860 Gender - əsaslı zorakılıqla bağlı Qaynar Xəttə məişət zorakılığı ilə bağlı carı ilin yanvar ayından dekabr ayına qədər 405 müraciət daxil olub. Bunlardan məişət zorakılığına məruz qalmış 42 kişi müraciət edib. Bu rəqəm sırf məişət zorakılığına məruz qalan kişilərə aiddir".

Həmçinin, Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinə il ərzində 27 məişət zorakılığı, 92 ailə münaqişəsi və 22 qadına qarşı zorakılıq faktı ilə bağlı müraciət daxil olub.

Gördüyünüz kimi, ailədaxili zorakılıq halları cəmiyyəti narahat edən aktual sosial problem olaraq qalmaqdadır. Ailənin əsaslarını, gələcək nəslin rifahını zəiflədən ailə münaqişələrinin fəsadları illərlə davam etməkdədir. Əksər hallarda isə zorakılıq qurbanları mövcud hüquq müdafiə imkanlarından yararlanmadan ailənin bütövlüyünü qorumaq, ictimai qınağa məruz qalmamaq üçün öz həyatlarını təhlükəyə atırlar.

Faktlara əsaslanan rəqəmlərə nəzər yetirdikdə o zaman ortaya sual çıxır ki, ailələrdə qadınlara və kişilərə qarşı zorakılıq halları necə və niyə baş verir?

Yeri gəlmişkən qeyd edək ki, respublikamızda qadın haqlarına və qadına qarşı zorakılıq halları ilə bağlı məsələ müntəzəm olaraq müzakirəyə çıxarılır. Ancaq məsələ ondadır ki, ölkəmiz də daxil olmaqla, dünyada kişilərə qarşı zorakılıq da ciddi problem olaraq qalır. Hətta BMT-nin son illər apardığı araşdırmalarda da ailədaxili zorakılıq zamanı zərərçəkən kişilərin sayının artdığı bildirilir. Belə ki, ötən dövrlərlə müqayisədə dünyada get-gedə kişilər daha çox qadın zorakılığına məruz qalır. ABŞ Ədliyyə Departamentinin məlumatına görə, əri tərəfindən döyülən hər 15 qadına qadın tərəfindən döyülən 8 kişi düşür.

Maraqlıdır ki, 70-ci illərdən başlayaraq ABŞ-da tədqiqatçılar "döyülən kişi sindromu" ifadəsindən istifadə edirlər. Qadınların zorakılığında əsas motivasiya - emosional yorğunluq, qəzəb, depressiya və qısqanclıq rol oynayır. Qadınlar cinayəti emosional halda törətdikləri üçün onun nəticələri bəzən çox ağır olur.

Qeyd edək ki, Rusiyada və ABŞ-da hal-hazırda arvadını öldürən hər 100 kişiyə ərini öldürən 75 qadın düşür. Böyük Britaniyada 2018-ci ildə keçirilən sorğu zamanı rəyi soruşulan 38% qadın və 24% kişi tərəf müqabilinə fiziki şiddət göstərdiyini etiraf edib. Psixoloji basqıya gəlincə, 68% qadın və 53% kişi ailədaxili mübahisələrdə bu üsuldan istifadə etdiyini bildirib.

Azərbaycanda vəziyyət necədir?

Respublikamızda hər il məişət zorakılığı ilə bağlı təxminən 850-yə qədər cinayət işi qeydə alınır. Belə ki, son bir neçə il ərzində zorakılıq hallarının 86 faizi qadınlara qarşı törədilib. 14 faiz zorakılıq halı isə kişilərə qarşı olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasında bildirilir ki, məişət zorakılığının baş vermə səbəbləri əsasən ailədaxili söz-söhbətlər, qadınların şiddətə məruz qalması və döyülməsidir. Kişilərə qarşı baş verən məişət zorakılığında daha çox kişinin ailə vəzifələrini yerinə yetirməməsi, evə qazanc gətirməməsi, qayınana və qayınatanın ailə şəraitinə müdaxilə etməsi, eləcə də sözügedən tərəflərin yola getməməsi və s. səbəb göstərilir.

Kişilərin hüquqlarını müdafiə komitəsinə, yaxud kişi sığınacaqlarına ehtiyac varmı?

Təbii ki, Azərbaycanda fiziki zorakılığı daha çox kişilər törədir. Lakin qadınlar tərəfindən də törədilən fiziki zorakılıq faktları mövcuddur. Əsasən də özünü çətin idarə edən əlil, xəstə, qoca kişilər olur ki, qadınlar onlara qarşı zorakılıq hərəkətləri edir. Məsələn, deyək ki, qadın kişinin pensiyasını əlindən alır, istirahətinə mane olur, psixoloji təsir göstərir. Hətta bəzən qoca və xəstə kişilər qadınlar tərəfindən döyülür.

Yarımbaşlıqdakı suala gəldikdə isə, altını cızaraq qeyd etmək istəyirəm ki, Azərbaycandan fərqli olaraq əksər ölkələrdə kişilərin hüquqlarını müdafiə komitəsi və ya kişi sığınacaqları var. Hazırda Türkiyədə, İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda və s. ölkələrdə zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir.

Amma bu məsələdə ciddi psixoloji nüanslar da var. Pixoloji araşdırmalar göstərir ki, arvadı tərəfindən zorakılığa məruz qalan kişilər uşaq ikən psixoloji problem yaşayan insanlardır. Xüsusən də Azərbaycan mentalitetində kişinin hər zaman öz hisslərini, duyğu və acılarını gizlətməyə çalışırlar. Ailə psixologiyasında həddindən artıq gizli məqamlar var. Uşaqları lap kiçik yaşlarından xarakter kimi tərbiyələndirmək lazımdır. İnsanda, xüsusən də kişilərdə xarakter formalaşmayanda həyatda daim əzilirlər. Belə insanlar tam olaraq ailə başçısı ola bilmirlər. Evdəki qadın da onun xarakterindəki bu zəifliyi hiss edir və bu kimi davranışları o da göstərir. Qadın bunu bir dəfə edəndə və qarşı tərəfin təpkisini görməyəndə bunu daim edir.

Ona görə də bu cür insanlar həmişə əzilən və qadını tərəfindən şiddətə məruz qalan insanlar olur.

Ölkəmizdə kişilərin məişət zorakılığa məruz qalması nədən qaynaqlanır?

Sosioloqların mövzu ilə bağlı açıqlamasında qeyd edilir ki, əgər vəziyyət bu cür davam edərsə, yaxın illərdə döyülən kişilərin sayı daha çox olacaq. Səbəb? Məsələnin kökünü Azərbaycan ailəsinin bu gün olduqca gərgin vəziyyətdə olması ilə izah edirlər: "Bu gərginliyi aradan qaldırmaq üçün mütləq yeni metodlar lazımdır. Biz bu gün Azərbaycan ailəsindəki problemləri həll etməyə çalışarkən 30-40 əvvəlki metodlardan istifadə edir, məsələni bu cür tənzimləmək istəyirik. Elə metodoloji səhvimiz də bundan ibarətdir.

Öncə dəqiqləşdirməliyik - ailənin əsas funksiyası nədir? Ailənin əsas funksiyasını aydınlaşdırdıqdan sonra düşünməliyik ki, dəyişən cəmiyyətdə, mühitdə nələri etməliyik ki, həmin funksiyalar yenə də qorunsun və ailə o funksiyaları yerinə yetirsin. Biz bunun əvəzinə, yenə yollar axtarırıq ki, kişini və yaxud arvadı necə sakitləşdirək? Beləliklə, metodoloji, sosial və humanitar sahədəki səhvlərimizə görə bu gün ailələrimizdə çox gərgin vəziyyət yaranıb. Əlbəttə ki, belə olan halda, hər iki tərəf öz gücü çatan vasitələrdən istifadə edərək həmin gərginlikdə, münaqişədə iştirak edir. Qadınların gücü daha çox dilinə, kişilərinki isə yumruğa çatır. Müşahidə edirik ki, kişi ailəsinə qazanc gətirə bilməyəndə qadın onu hər gün evdə kiçildir, təhqir edir, psixoloji təzyiqlər edir. Təəssüf ki, çox zaman bu, uşaqların gözü qarşısında baş verir. Əlbəttə ki, bu, bütün qadınlara aid deyil. Amma reallıqda bu cür faktlar çoxdur. Bəzi ailələr var ki, orada qadınların da yumruğu güclüdür və kişinin yumruğu qarşısında o da yumruq vurur. Hansı ki, kişi fiziki cəhətdən zəifdir və qadın tərəfindən döyülür. Kişilər utandığından bu məsələni çox üzə çıxartmır. Deyim ki, göstərilən statistikadan xeyli çox evdə məişət zorakılığına məruz qalan kişi var".

Sosioloqların fikrincə, baş verən prosesə görə təkcə ailələri, cəmiyyəti qınamaq, günahlandırmaq düzgün deyil: “Biz cəmiyyətimizdə elə proses, mühit yaratmalıyıq ki, nə kişi, nə də qadın o hala düşsün".

Azərbaycan ailəsində mühafizəkarlıqla liberallığın savaşı…

Psixoloq araşdırmasına görə, əvvəllər kişilər çox nadir hallarda məişət zorakılığına məruz qalırdı: "Əvvəllər bu cür hallar o qədər də yox idi. Bu gün isə gender bərabərliyi fonunda bir cəmiyyətdə yaşayırıq. Yəni bu gün cinslərarası münasibət başqa cür tənzimlənir. Bu gün çalışan, karyera quran, təhsil alan xanımlar var. Həmin xanımlarla ünsiyyət, davranış əvvəlki illərdə mövcud formada tənzimlənə bilməz. Yəni bu gün konkret olaraq Azərbaycan cəmiyyətində, ailəsində mühafizəkarlıqla liberallığın savaşı gedir. Kişi mühafizəkardır, istəyir ki, daha çox əvvəlki qaydalarla idarə olunsun, biri də bu mövqeyi qəbul etməyən xanımlardır. Şübhəsiz ki, biz bunu bütün xanımlara aid edə bilmərik. Lakin müşahidə edirik ki, bu gün reallıq belədir. Karyera quran, təhsil alan qadın qarşı tərəfdən özünə qayğı, diqqət, düşüncəsinə hörmət istəyir. Dünən isə başqa cür idi, kişi işə gedib, qazanıb evə gətirirdi, qadın isə evdə oturub, evi idarə edirdi. Bu gün qadın həm işləyir, həm də ailəni idarə edir. Belə olan halda, təbii ki, münasibət də başqa cür olur".

Dövlət Komitəsinin gördüyü işlər…

Dövlət Komitəsinin məişət zorakılığı hadisələri ilə bağlı açıqlamasında bildirilir ki, 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə ölkədə ailədaxili zorakılıqdan zərər çəkmiş şəxslərin müdafiəsi üzrə yeni hüquqi mexanizmlər yaradılıb, çoxsaylı maarifləndirici layihələr həyata keçirilib, həmçinin Milli Fəaliyyət Planı təsdiq edilib: "Dövlət Komitəsi və tabeçiliyində olan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən hər il 100-ə yaxın məişət zorakılığı halları baş verən risk qrupundan olan ailələrlə profilaktik işlər həyata keçirilir. Görülən tədbirlər nəticəsində zorakılıq hallarının daha ağır mərhələlərə keçməsinin qarşısı alınır. Lakin bu fəaliyyətlər risk qrupu olan ailələrin müəyyən edilməsi prosesini müəyyən qədər asanlaşdırsa da, hələ də ailələrdə baş verən zorakılıq halları əsasən gizli qalır.

Bir neçə illərin təcrübəsi göstərdi ki, zorakılıq hallarında tərəflərin barışdırılması heç də həmişə müsbət nəticə vermir və bir sıra hallarda cinayətlə nəticələnir. Halbuki barışdırmaqdan öncə ailədə zorakılığın təkrarlanma riskinin qiymətləndirilməsi və hər bir ailəyə fərdi və həssas yanaşma vacibdir. Dövlət Komitəsi mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil edir və onları məişət zorakılığı hallarının araşdırılmasının xüsusiyyətləri, o cümlədən tərəflərin barışdırılmasının mümkün şərtləri barədə məlumatlandırır. Eyni zamanda, müvafiq dövlət orqanları tərəfindən zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün onlara qanunvericiliyin tələblərinə əsasən mühafizə orderlərinin 24 saat ərzində verilməsini tövsiyə edir.

Dövlət Komitəsinin və beynəlxalq təşkilatların apardığı çoxsaylı araşdırmaların nəticələri göstərir ki, məişət zorakılığının əsas səbəblərindən biri bəzi ailələrdə və ya fərdlərin şüurunda kök salmış mənfi düşüncə və davranış stereotipləridir. Onların aradan qaldırılması istiqamətində aparılan işlər əksər hallarda bu stereotiplərin daşıyıcılarının güclü müqaviməti ilə qarşılaşır.

Baş vermiş hadisələr məişət zorakılığı qurbanlarının müdafiəsi üzrə mövcud mexanizmlərin yenidən nəzərdən keçirilməsini, cinayət qanunvericiliyində bu halların digər ümumi xarakterli cinayətlərdən fərqləndirilməsi məsələsinə baxılmasını və cəza tədbirlərinin daha da sərtləşdirilməsini tələb edir".

Dövlət Komitəsinin açıqlamasında o da bildirilir ki, 2020-ci il 27 noyabr tarixində Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"na əsasən hazırda bu istiqamətdə təkliflər hazırlanaraq, razılaşdırılması üçün cavabdeh dövlət orqanlarına göndərilib.

Elbar ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.18)

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN