Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən sonra qarşıda duran ən vacib məsələ işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramının həyata keçirilməsidir. Bu məqsədlə həmin ərazilərdə çox böyük işlər görülür. Məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını sürətləndirmək üçün dövlət tərəfindən aparılan quruculuq-abadlıq işləri geniş vüsət alıb.

Prezident cənab İlham Əliyev işğaldan azad olunan ərazilərə etdiyi səfərlərdə bildirirdi ki, torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçiriləcək və Böyük Qayıdış təmin ediləcək.

Qeyd edək ki, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əzəli torpaqlarımıza hər bir səfəri Böyük Qayıdışı yaxınlaşdırır...

Məlum olduğu kimi, 30 ilə yaxın bir müddətdə əzəli torpaqlarımızı işğal altında saxlayan erməni faşistləri şəhər və kəndlərimizi viran qoyub, hər şeyi yerlə-yeksan edib, yandırıb, dağıdıb və həmin ərazilərimizi minalarla təhlükə mənbəyinə çeviriblər.

Məhz bu səbəbdən Böyük Qayıdış proqramının həyata keçirilməsi ilk növbədə sözügedən ərazilərimizin minalardan təmizlənməsindən başlayır.

Ona görə də Vətən müharibəsindən sonra ANAMA tərəfindən işğaldan azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifə olaraq həyata keçirilir. Bunu statistik rəqəmlərə nəzər yetirsək, görə bilərik. ANAMA-nın açıqlamasına görə, ötən ay, yəni martın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 68, tank əleyhinə 97 mina və 298 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə, 306,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayının 10-dan bu ilin fevralın 28-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 668, tank əleyhinə 4 962 mina və 14 347 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Eyni zamanda, 7 866 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər yalnız ərazilərin minalardan təmizlənməsi ilə yekunlaşmır. Həmin ərazilərdə yol infrastrukturunun bərpası və yenidən qurulması, körpü və tunellərin, hava limanlarının tikilməsi, enerji, su və qaz xətlərinin çəkilməsi istiqamətində də genişmiqyaslı işlər görülür. Yol infrastrukturunun bərpası işğaldan azad edilən ərazilərə insanların rahat şəkildə hərəkətini təmin etməklə yanaşı, bölgənin iqtisadi və turizm imkanlarını da genişləndirir. Təbii ki, bütün bunlar həmin ərazilərin gələcək inkişafı üçün yeni perspektivlər vəd edir.

Hesab edirik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Böyük Qayıdış proqramına uyğun olaraq gerçəkləşdirdiyi genişmiqyaslı yol infrastrukturu layihələri ölkəmizin böyük tərəqqisinə uzanan yoldur.

Aparığımız araşdırmadan məlum oldu ki, Zəfər yolu çərçivəsində 101 km uzunluğunda olan yol cəmi 10 ay ərzində yenidən tikilərək istifadəyə verilib. Ümumiyyətlə, yol infrastrukturu sahəsində qısa müddət ərzində ikinci texniki dərəcəyə uyğun olaraq salınan bu uzunluqda yolun istifadəyə verilməsi bir ilkdir. Xatırladaq ki, hələ 2020-ci il oktyabr ayının 3-də Tərtərin Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən dərhal sonra ölkə başçısı həmin kəndlərə Tərtər şəhərindən gedən köhnə, dağılmış yolun bərpa edilməsi barədə tapşırıq verdi. Və həmin yolun bərpası cəmi iki ay müddətində icra olundu və dekabrın 20-də 28,5 km uzunluğuna malik olan bu yol istifadəyə verildi. Və onun davamı olaraq Naftalan şəhərinə birləşdirilməsi, Tərtərə alternativ olaraq Naftalan şəhərindən də giriş-çıxışı təmin etmək üçün yeni yolun da tikintisinə start verildi.

Əsas yollarımızdan biri də Hacıqabul–Horadiz–Zəngəzur dəhlizi magistral avtomobil yolunun Azərbaycandan keçən hissəsidir. Bu,123,8 km uzunluğa malik 6 və 4 hərəkət zolaqlı Horadiz, Cəbrayıl, Zəngilan və Ağbənd magistral avtomobil yoldur. O yolun da tikintisi həyata keçirilir və üzərində tunellərin, viadukların və digər mühəndis qurğularının inşası aparılır.

Bundan başqa, Zəfər yoluna paralel olaraq Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun tikintisi də həyata keçirilir.

8 aprel 2022-ci il tarixində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərinə baxış keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, həmçinin layihə çərçivəsində inşa edilən tunel və avtomobil körpülərinin tikintisi işləri ilə yerindəcə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən I texniki dərəcəli və 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Qazma işləri bir-neçə tuneldə artıq tamamlanıb, digərlərində isə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa, tunellərdə havalandırma və izolyasiya sistemləri də quraşdırılır.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı, yol boyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin, yeraltı keçid və suötürücü boruların tikintisi də layihəyə uyğun şəkildə icra olunur.

Qeyd edək ki, tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.

4 və 6 hərəkət zolaqlı olmaqla inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edir.

Onu da qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Həmçinin, şərq istiqamətində birinci texniki dərəcəyə uyğun olaraq Bərdə–Ağdam yolunun inşası həyata keçirilir. Yaxın müddət ərzində artıq bu yolun davamı olaraq Füzuli yolunun inşasına da start veriləcək. Şimal istiqamətindən isə Toğanalı–Kəlbəcər–İstisu, Kəlbəcər–Laçın avtomobil yollarının tikintisi aparılır. Eyni zamanda, dünyada ən böyük və uzun avtomobil tunellərindən biri olan Murovdağ tuneli inşa edilir. Tunel 11,6 km uzunluqda və iki gözlü olacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, ümumilikdə təxminən 2700 km-ə yaxın avtomobil yolu işğal altında idi və həmin yolların demək olar ki, əksəriyyəti sıradan çıxdığı üçün onların bərpasına, yenidən qurulmasına və yeni yolların çəkilməsinə ehtiyac var.

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan mühüm addım kimi Füzuli Beynəlxalq Hava Limanının 8 ayda tikilib istifadəyə verilməsini xüsusi qeyd etməliyik. Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşası davam edir. Xatırladaq ki, Füzuli Beynəlxalq Hava Limanının açılışında Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. İyun ayının 15-də, Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşamız qardaş ölkənin Prezidentini qarşıladı və Azərbaycan-Türkiyə müttəfiqliyinin təsdiqi olan sənədin imzalanmasına şahidlik etdi. Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakdan sonra Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində ilk plot layihənin icrası ilə tanışlıq oldu, həmçinin Türkiyə-Azərbaycan birliyinin təntənəsi olan növbəti investisiya layihəsinin- “Dost Aqropark”ın təməli qoyuldu.

Böyük Qayıdışa hazırlıq ərəfəsində məcburi köçkünlərlə görüşüb köçürülmə ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində Zəngilan rayonunun Üçüncü Ağalı kəndinin sakinləri ilə söhbət zamanı onlar “ağıllı kənd” layihəsinin ilk dəfə onların ata-baba yurdunda həyata keçirilməsinə görə fərəh hissi keçirdiklərini və dövlət başçısına minnətdar olduqlarını bildirdilər. Eyni zamanda, kənd sakinləri doğma yurdlarının hazırkı vəziyyətini görmək istədiklərini, köçürülmə zamanı əvvəllər kənddə mövcud olan ənənələrinin nəzərə almasını, qayıdışdan sonra məşğulluğun təmin edilməsi məsələsi ilə bağlı arzularını dilə gətirdilər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən də cari ilin qrant müsabiqəsi çərçivəsində keçmiş məcburi köçkünlərin problemlərinin öyrənilməsinə, onların aradan qaldırılması yollarının araşdırılmasına, eyni zamanda, yurd yerlərinə qayıtmaları ilə bağlı istək və arzularının öyrənilməsinə həsr edilmiş çox sayda layihələrə dəstək verilib. Bu sıradan “Azadlıq Hərəkatçıları” İctimai Birliyi “Yurda qayıdış mövzusunda verilişlərin hazırlanması və nümayiş etdirilməsi” mövzusunda layihənin icrasına başlayıb. Mövzu ilə bağlı qurumun sədri və layihənin rəhbəri Təhmasib Novruzovun fikirlərini öyrəndik. T.Novruzov bildirdi ki, Prezident cənab İlham Əliyevin dəfələrlə dediyi kimi, indi başlıca vəzifə azad edilən torpaqları yenidən abadlaşdırmaq və keçmiş məcburi köçkünlərin doğma yurdlara qayıdışını təmin etməkdən ibarətdir: “Dövlətin bu sahədə çox ciddi proqramı var və bu proqram artıq icra olunmağa başlayıb.

Şuşada aparılan böyük quruculuq, bərpa və abadlaşdırma işləri, Ağdamda salınması nəzərdə tutulan müasir tipli möhtəşəm şəhərin baş planının təsdiqi və ilkin işlərə start verilməsi, Zəngilanın Ağalı kəndində yeni smart tipli kəndin tikintisinin başa çatması, Füzulidə dünyanın ən qısa müddətə tikilən hava limanlarından birinin artıq uçuşları qəbul etməsi, avtomobil, dəmiryol, elektrik, qaz, su, rabitə infrastrukturlarının tamamilə yenidən qurulması işlərinin sürətlə aparılması və digər həyata keçirilən layihələr tezliklə bu yerlərə qayıdışın başlayacağına əminlik yaradır. Ona görə biz də bir vətəndaş cəmiyyəti qurumu olaraq Böyük Qayıdışa töhfəmizi verməyi özümüzə borç bilirik. Bu məqsədlə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ötən ilin sonunda elan etdiyi qrant müsabiqəsinə “Yurda qayıdış mövzusunda verilişlərin hazırlanması və nümayiş etdirilməsi” layihəsi ilə müraciət etdik. Çox şadıq ki, layihəmiz müsabiqənin qalibi oldu və biz artıq onun icrasına başlamışıq.

Layihə fevralın 1-dən mayın 1-dək Bakı şəhərində məskunlaşan keçmiş məcburi köçkünlərin yaşadığı Qobupark yaşayış massivində icra olunacaq. Səkkiz verilişdən ibarət olacaq, onlayn televiziyasında mart-aprel aylarında nümayiş etdiriləcək layihənin həyata keçirilməsi on illər boyu yurdundan ayrı düşmüş insanların doğma yurda dönüşünün təbliğ və təşviq edilməsi ideyasından irəli gəlir. Layihə çərçivəsində hazırlanacaq və nümayiş etdiriləcək verilişlərdə yurda qayıdışla bağlı təkcə keçmiş məcburi köçkünlərin düşüncələri öyrənilməyəcək, eyni zamanda tərəddüd edənlərin tərəddüdlərinin səbəbləri, onları narahat edən başlıca problemlər araşdırılacaq, müzakirə ediləcək və problemlərin həlli ilə bağlı təklif və təşəbbüslər irəli sürüləcək. Keçmiş məcburi köçkünlərin bilavasitə məskunlaşdıqları yerlərdə görüşlərin keçirilməsi, onların öz fikir və düşüncələrini sərbəst ifadə etmələri nəzərdə tutulub ki, bu da problemin birbaşa mənbədən öyrənilməsində mühüm əhımiyyətə malikdir. Azad edilmiş torpaqlara keçmiş məcburi köçkünlərin qaytarılması bu yerləri yenidən dirçəltmək, vətənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün doğma yurda dönüşlə bağlı tərəddüd edən insanların bu tərəddüdlərinin araşdırılması, ümumiləşdirilməsi, onların aradan qaldırılması ilə bağlı müvafiq təkliflərin verilməsi, gələcəkdə qarşılaşacağımız bir sıra problemlərin bəribaşdan həllinə yardımçı ola bilər.

Bir sözlə, layihənin həyata keçirilməsində başlıca məqsəd keçmiş məcburi köçkünlərin azad olunmuş torpaqlara qayıdışı ilə bağlı Dövlət Proqramının yerinə yetirilməsi işinə dəstək verməkdən ibarətdir”.

Göründüyü kimi, həyata keçirilən genişmiqyaslı işlər vaxtilə məcburi köçkün düşən insanlarımızın torpaq həsrətinə tez bir zamanda son qoyulacağını deməyə əsas verir. İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışın sürətlə həyata keçməsi üçün dövlət başçısının rəhbərliyi altında bütün lazımi addımlar atılır. Və bütün bunlar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesini daha da tezləşdirir.

Elbar ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.7.)


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA