booked.netbooked.net booked.net  

Əgər Özbəkistan müstəqil olduqları 30 il ərzində yalnız indi vahid türk əlifbası kimi qəbul olunan latın əlifbasına keçirsə, onda Orta Asiya respublikalarının Rusyanın təsirindən qopub, tamamilə türkləşməsi, görün neçə onilliklərə gedib çıxacaq?

Neçə gündür Türkiyədə davam edən meşə yanğınları dost və düşməni tanımaq üçün də bir sınaq oldu. Yanğının ilk günlərindən Azərbaycan yanğınsöndürənlərinin Türkiyənin yanında olması, iki ölkənin qardaşlığının bariz nümunəsidir. O cümlədən, özünü Türkiyəyə dost bilən bəzi xristian dövlətləri də bu yanğın günlərində öz yardım əllərini uzatdılar. Əlbəttə, bu yanğına ürəkdən sevinən yeganə dövlət varsa, o da Ermənistandır. Bu da təbiidir. Çünki düşmən öz düşmənçiliyini hər yerdə göstərməlidir.

Ermənistanı və erməniləri başa düşdük. Bəs özlərini türk hesab edən və 70 il bizimlə eyni vaxtda sovet rejiminin əsarətində olan Orta Asiya türklərinə nə deyək? Türkiyədə başlanan yanğının ilk günündən bir çox dövlətlərdən başsağlığı və yardım alan qardaş Türkiyəyə Orta Asiya türklərinin sanki heç dəxli yoxmuş. Sovet hökuməti dağılandan sonra öz müstəqilliklərini elan etməklərinə baxmayaraq, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Qazaxıstan hələ də Rusiyanın təsirindən çıxa bilmirlər.

Ümumiyyətlə, bu Orta Asiya respublikaları Qarabağın 30 illik işğalı dövründə, nəinki bir müsəlman ölkəsi olaraq Azərbaycanın haqq işini dəstəklədilər, hətta yeri gələndə Ermənistanın mövqeyindən çıxış etdilər. Buna görə bir çox müsəlman dövlətləri tərəfindən dəfələrlə qınaq obyekti olsalar da, öz mövqelərindən geri çəkilmədilər. Yəni bircə dəfə də olsun, cəsarət nümunəsi göstərib müstəqil dövlət kimi öz fikirlərini ifadə edə bilmədilər. Bu ölkələrdə Rusiyanın təsiri, hazırda da o qədər güclüdür ki, müstəqil heç bir qərar qəbul edə bilmirlər. Məhz bu amilin təsiridir ki, Orta Asiya türkləri meşə yanğınlarında Türkiyəyə heç bir yardım göstərmədilər.

Halbuki Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan Orta Asiya türklərinin də vahid Turan ordusunda birləşməsi, türkləşməsi üçün dəridən qabıqdan çıxır. Əgər belə bir ideya baş tutarsa (bu artıq qaçılmaz bir faktdır), onda Orta Asiya türklərinin Rusiyadan və digər dövlətlərdən heç bir qorxusu olmayacaq. Məgər belə gedişatı bu beş respublikada düşünən, görən, dərk edən elm adamı, siyasi xadim yoxdurmu? Axı onlar sonradan sürətlə gedən bu qatardan qalacaqlar və ona çata bilməyəcəklər. Deməli, ömrü boyu rusun təsirində qalacaqlar.

Orta Asiya respublikalarının siyasi yönü Rusiyaya yox, Türkiyəyə və türk dünyasına olmalıdır. Axı bu respublikalar üzlərini hara tutmasından asılı olmayaraq, qədim türk tayfalarıdır və öz köklərindən heç yerə qaça bilməzlər. Bəs elə isə, niyə bu respublikalar əbədi xoşbəxtliklərini türk dövlətlərinin birliyində yox, Rusiya ilə birliyində görürlər? Məhz bunun nəticəsidir ki, Orta Asiya respublikaları arasında yalnız Özbəkistan bu günlərdə kiril əlifbasından imtina edib, latın əlifbasına keçdi. Allah bilir bundan ötrü özbək qardaşlarımız Rusiyaya nə qədər boğaz çəkib, yalvarıblar. Hər halda, alqışlanası haldır. Ancaq türkləşmə prosesinin belə ləng getməsi heç də yaxşı hal deyil. Əgər Özbəkistan müstəqil olduqları 30 il ərzində yalnız indi vahid türk əlifbası kimi qəbul olunan latın əlifbasına keçirsə, onda Orta Asiya respublikalarının Rusyanın təsirindən qopub tamamilə türkləşməsi görün neçə onilliklərə gedib çıxacaq? Belə olan surətdə Orta Asiya respublikalarının Türkiyədə baş verən meşə yanğınlarına həm türk dövləti, həm də müstəqil dövlət kimi fikir bildirib, yardım etməməsi başa düşüləndir. Amma çox acınacaqlıdır. Özün müstəqil dövlət olasan, qardaşının başına faciə gəlsin, amma sən 70 il əsarətində olduğun Rusiyanın qorxusundan səsini çıxara bilməyəsən. Qardaşlıq və türklük adına bu Orta Asiya respublikaları üçün utancverici haldır. Bizlərə isə, buna yalnız təəssüflənmək qalır. İnanmaq istərdik ki, Orta Asiyanın bu beş türk respublikası, nəhayət, öz türklüklərini dərk edəcəklər və bununla da nə qədər böyük olduqlarını anlayacaqlar. Azərbaycan şairi Rəfiq Zəka Xəndanın bir şeirində deyildiyi kimi:

Hər bir türk bilməlidir türk olduğunu,

Bilməsə, bilməyəcək böyük olduğunu!

Elçin MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN