Cəlil Məmmədquluzadə: “Bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvərlik oraya kömək etməkdir ki, həm Allah, həm də həzrət Hüseyn razı qalsın”

Hər il Məhərrəmlik ayı gələndə, sizi bilmirəm, mənim yadıma bu mövzuda felyetonlar yazan böyük sənətkarımız Cəlil Məmmədquluzadə  düşür. C.Məmmədquluzadənin bu mövzulara xüsusi həssaslıq göstərməsi, dindarların əsas din yolundan çıxıb başqa yollara düşməsini satiranın dili ilə tənqid etməsi, yazıçının xalqının problemlərini necə dərindən bilməsindən xəbər verir.

Mövhümatçılığı heç cürə qəbul etməyən, xalqımızın elmə, maarifə yiyələnməsini yazıları ilə daima aşılayan ədib bu gün də aktualdır. Ona görə də ustadın yazdıqlarından 100 il keçməsinə baxmlayaraq, hələ də günümüzlə səsləşir. Axı niyə də səsləşməsin? Əgər bu gün dinimizin başında duran Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyx Allah Şükür Paşazadə, Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik bacarığı, ordumuzun qəhrəmanlığı sayəsində Qarabağda qazanılan qələbəni İranın dini lideri Xomeyninin fətvasına bağlayırsa, Cəlil Məmmədquluzadəyə niyə dönə-dönə rəhmət oxumayasan? Elə ustadın hədəfləri də bu kimi şeyxlər, hacılar, məşədilər, mollalar idi. Bu gün Azərbaycanda Qurani-Kərimə dəxli olmayan məhərrəmliyin İranın fətvası ilə keçirilməsi, məhz şeyx Allah Şükür Paşazadənin xidmətləridir. Təsəvvür edin, Məkkəmiz, Mədinəmiz Ərəbistandadır, peyğəmbərimiz, imamlarımız ərəbdir, amma ərəblər məhərrəmlik deyilən dini mərasim keçirmirlər. Bu mərasimi ən yüksək səviyyədə qeyd edən İrandır və bir də dini nöqteyi-nəzərdən İranın təsirində olan Azərbaycandır.

30 il işğalda olan torpaqlarımız haqqında, məscidlərin ermənilər tərəfindən dağıdılması, salamat qalanların içində donuz saxlaması barədə bir kəlmə danışmayan, torpaqlarımızın işğaldan azad edilməsi üçün xalqımızı erməni keşişləri tək döyüşə, cihada səsləməyən, Quranda yazılmış “düşmən səni vurub çıxardığı yerdən sən də vur çıxart onları, qoyma Allahın evi olan məscidlər düşmən tapdağı altında qalsın” kəlamlarını, bu 30 ildə bir dəfə də yada salmayan, xalqımızın igid oğullarının canı, qanı ilə qazandığı qələbəni Xomeyninin fətvasına bağlayan Allahşükür Paşazadə kimi  bir din xadimini necə tənqid etməyəsən? XX əsrdə, ermənilərin dünyanın gözü qarşısında törətdiyi Xocalı faciəsini bir gün qeyd ediriksə, 1500 il bundan qabaq vəzifə üstündə bir-birini qırmış əmiuşağı ərəblərin xatirəsini niyə hər il 40 gün yas tutub saxlamalıyıq? Əlbəttə, bu, yuxarıda qeyd etdiyim kimi İrana bağlı Allahşükür Paşazadənin “böyük xidmətlərindən” biridir. Nə qədər ki, dinə belə yanaşma var, Cəlil Məmmədquluzadə də daima yaşayacaq. Bu səbəbdən Məhərrəmlik ayının başlaması münasibətilə C.Məmmədquluzadənin bu mövzuda yazdığı felyetonunu “Təzadlar”ın oxucularına təqdim edirəm.

***

Necə qan ağlamasın daş bu gün,

Qırxılır gör neçə min baş bu gün!

Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. Aşura günü iki yüz yetmiş milyon baş yarılacaq.

Və lakin bunlar hamısı köhnə sözlərdir. Amma burada bir mətləb var ki, bəlkə oxucularımız onu eşitməmiş ola. Bu barədə lazım bilirik bir az danışaq.

Yer üzündə qəribə bir əhvalat baş verəndə Avropanın fənni cəmiyyətləri çox xərclər çəkib adamlar göndərirlər ki, təzə vüqüatı elm və fənn tərəfindən öyrənsin və sonra cəmiyyətə ərz eləsin.

Beləliklə, Avropada elm və fənn tərəqqi eləyib. Məsələn, Amerikanın filan şəhərində gün təmamən tutulacaq. Qabaqca haman şəhərə hər məmləkətin coğrafiya cəmiyyətlərindən dəstə-dəstə adamlar göndərilir ki, günün tutulmaq sirlərini dəxi də yaxşı öyrənsinlər. Məsələn, İtaliyada misli olmayan zəlzələ üz verib. Həmçinin yenə alimlər oraya doluşurlar ki, zəlzələnin hikmətlərini mümkün qədər öyrənsinlər.

Aşura işlərimiz avropalıların nəzə rində elə bir qəribə və əhəmiyyətli əhvalatdır ki, bu barədə onlar indiyədək neçə cild kitablar yazıblar. İranın və Qafqazın böyük müsəlman şəhərlərində məhərrəmlikdə Avropa cəmiyyətlərinin üzvləri həmişə piş-əzvəqt hazır olarlar və Aşura günü qələmi və kağızı ciblərinə qoyub çıxarlar uca divarın üstünə və tamaşa eləyib, eşitdiklərini təfsilən yazarlar; gördüklərinin fotoqrafiya əkslərini götürüb apararlar.

Bu qism səyyahların biri də dünən gəlmişdi idarəmizə. Bu cənab, Lissabon şəhərində bir cəmiyyətin üzvüdür. Onun bu il Qafqaza gəlməyindən qəsdi üç mətləb öyrənməkdir.

Əvvələn: əgər baş yarmaq şərən lazımdır, nə səbəbə başlarını yaranların içində indiyədək bircə əmmaməli molla görsənməyib?

İkinci: Həmişə vaxtlarını qumar və çaxır məclislərində keçirən müsəlman “intelligentləri” nə qəsd ilə Aşura günü dəstə qabağına düşüb baş yaranların qanlarını dəsmalları ilə silirlər?

Və üçüncü: səbəb nədir ki, baş yaranların hamısı ibarətdir məhz gədə-güdələrdən, baqqallardan və çaqqallardan; bunların içində bir nəfər də maarif əhli görsənmir?

Biz bu suallara cavab verə bilmədik və qonağımız çıxıb getdi. Bu heyndə qulağımıza hatifdən bu səslər gəldi:

- Bu günlərdə İranda istibdad ilə ədalət bərk çarpışır. Yekə bir millətin dini, namusu, hüququ, vətəni təhlükədədir. Köməksizlik ucundan ola bilər ədalət tərəfi basılsın. O vaxt milyonlarca məzlumun dadü-fəryadı bugünkündən də artıq göylərə qalxacaqdı. Bir udum suya həsrət qalıb can verən balaların, qarınları yırtılan ana-bacıların halı Kərbəla vaqiəsindən aşağı qalmayacaqdır!

Bu gün Kərbəla meydanı - Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır! Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, - gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur.

Bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvərlik oraya kömək etməkdir ki, həm Allah, həm də həzrət Hüseyn razı qalsın. Yoxsa, Tiflisin, Bakının küçələrində qışqıra-qışqıra gəzib, yalançıqdan başımızı cızıb bir az qan axıtmaq Hüseyn övladına və Rüstəm nəslinə yaraşan igidlik deyil.

Bu gün Kərbəla meydanı Azərbaycan meydanıdır.

C.Məmmədquluzadə əsərləri IV cild, səh.7.

***

Allah sənə qəni-qəni rəhmət eləsin, ustad. Doğrudan da bu gün Kərbəla meydanı, uğrunda qan töküb şəhidlər verdiyimiz, Qarabağın işğaldan azad olunan əraziləri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Qarabağın tacı Şuşa, Ağdam, Kəlbəcərdir. Ustad, çox haqlı və yerində demisən ki, “bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvərlik oraya kömək etməkdir ki, həm Allah, həm də həzrət Hüseyn razı qalsın”.

Bəli, bu gün Qarabağın yenidən dirçəlməsinə, inkişaf etməsi üçün böyük yardımlara ehtiyac var. Bu məqsədlə ordumuza, döyüşdə şəhid olanların ailələrinə, qazilərimizə maddi və mənəvi dayaq olan “YAŞAT” Fonduna Qafqaq Müsəlmanları İdarəsi 1 manat da olsa pul köçürübmü? Əlbəttə, yox! Qarabağda ermənilərin dağıtdıqları məscidlərdən heç olmasa birinin bərpasını və ya tikilməsini Şeyx Allahşükür Paşazadə öz boynuna götürsə, Bakıdan tutmuş Çexiyaya qədər uzanan biznesi müflis olmaz. Amma heç bir ağrı hissi keçirmədən İranın fətvasını bizlərə qələbə carçısı kimi təqdim edir. Elə ona görə də Türkiyə Prezidenti R.T.Ərdoğanın köməkçisi haqlı olaraq bildirdi ki, “İran Ermənistana silah verir, Azərabycana isə fətva”. Məgər şeyximiz bunu bilmir ki, 30 il ermənini blokada şəraitində acından ölməyə qoymayan İrandır? Nə qədər ki, bizim dindarların dünyada tayı-bərabəri olmayan müqəddəs dinimizin yolundan çıxıb, İranın fətvası ilə oynayacaqlar, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, M.Ə.Sabir, Ə.B.Haqverdiyev və digərləri həmişə aktual olacaq.

Allah hər birinə qəni-qəni rəhmət eləsin.

Hazırladı: Elçin Məmmədli

P.S. “Təzadlar”dan: Məlum olduğu kimi, pandemiya ilə əlaqədar bu il də zəvvarlarımız 5 min manat xərc çəkib Həcc ziyarətinə gedə bilməyəcəklər.  Qəlbində həqiqi Allah, peyğəmbər, din sevgisi olan Qarabağa yardım etməli, savab yiyəsi olmalı və Həci titulunu burada, Kərbəla meydanı olan Qarabağda qazanmalıdır. C. Məmmədquluzadə demiş, “axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, - gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur”.

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə dərc edilib: İstiqamət: 6.3.4.)