Müğənni Nadir Qafarzadə xalq arasında özünə olan münasibətdən danışarkən bir sayta belə deyib: “İnsanların xeyrinə danışırsan, deyilər ki, “bu, özünü nə hesab edir ki, camaata dərs keçir?” Düzgün danışırsan, deyirlər ki, “xalq düşmənidir””.

P.S. Ay alma yanaqlı, gül dodaqlı, maral gözlü Nadir Qafarzadə, siz şou əhli nə bilir ki, xeyir söz nə deməkdir, düz söz hansıdır? Ağzınızı açan kimi qatıq tökülür. Şəxsən sənin səviyyəsiz danışıqların, tərbiyəsiz hərəkətlərin artıq xalqı boğaza yığıb. Sənə yapışdırılan “Xalq düşməni” sözü hələ olduqca çox yumuşaqdır. Elə bu yaxınlarda, bir məclisdə müğənni Ayan Babakişiyevanın boyun-boğazını camaatın gözü qarşısında öpüşlərə qərq elədiyinə, sonra da bunu içkinin üstünə yıxıb, üzr istədiyinə görə, sənə gərək “Xalq tərbiyəsizi”, “Xalq bazmeni” və yaxud da “Xalq alkaşı” desinlər. Bu adları çox böyük zəhmətlə qazanmısan, ay Nadir və halal haqqın olduğu üçün, nuş olsun!

***

Qəzetlərin birində Prezident İlham Əliyevin Anım Günündə söylədiyi Minsk Qrupu ilə bağlı məşhur sözlərinə həsr edilmiş yazıya belə başlıq qoyulub: “”Dağlıq Qarabağ adlı ölünü diriltmək” mümkünsüz işdir... Prezident son nöqtəni qoydu”.

P.S. Mənə elə gəlir ki, bu, hələ son nöqtə deyil. Bildiyim qədər, İran yaman qaşınır. Məlumdur ki, şeyximizin dediyi kimi, Ayətullah Xomeyni 44 günlük Vətən savaşında qələbənin carçısı olaraq bizə fətva, ermənilərə isə, silah-sursat, yanacaq, sürtkü yağları verib və verməkdə də davam edir. Ola da bilər ki, molla rejimi olan İran, dost və qardaş bildiyi ermənilərə bir ölü dirildən şeyx Nəsrullah da tapıb göndərsin və o da “Dağlıq Qarabağ” adlı ölünü diriltsin. Molla rejimidir dayna, əllərindən nə desən gələr. Belə olarsa, onda biz batdıq ki...

***

İranın Azərbaycanın sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi gündəmdən düşmür. Çünki bu təlimlər haqlı olaraq ölkəmizin bütün insanlarını narahat edir və hamını bir sual maraqlandırır: - Niyə məhz indi?

P.S. Bəs neyləsin? Biz 44 günlük müharibə ilə, Qarabağı təkcə ermənilərdən deyil, həm də İranın əlindən almışıq. 30 il işğal dövründə Qarabağda ermənilərdən daha çox İran, yəni farslar soyğunçuluq və talan ediblər. Əllərindən o boyda sərvətlər çıxdığına görə indi “xox” gəlməkdən başqa çarələri qalmayıb axı. Lap o məşhur məsəldə deyildiyi kimidir: “Şirə dedilər ki, niyə nərildəyirsən, dedi qorxuzuram, dedilər bəs quyruğun niyə əsir, dedi özüm də qorxuram axı...”

***

27 sentyabr Anım Günündə İsrailin və Britaniyanın Azərbaycandakı səfirlikləri ikinci Qarabağ savaşında şəhid olanların xatirəsini qeyd ediblər və onların ailələrinə başsağlığı veriblər. Bu barədə yazan bir qəzetdə belə bir fikir də yer alıb: “Diqqət çəkən məqam odur ki, yenidən vasitəçilik iddiasında və eşqində olan Minsk Qrupunun həmsədr ölkələrinin səfirləri bununla bağlı heç bir başsağlığı verməyiblər. 

P.S. Başsağlığı vermək üçün adamda baş lazımdır axı. 44 günlük qələbəmizlə başa çatan döyüşdən sonra, Minsk Qrupunun həmsədr ölkələri başlarını itiriblər. İndi başlarını tapan kimi, həm başsağlığı verəcəklər, həm də illərlə münaqişəni həll etmək adı ilə gəlib Qarabağda içdikləri araq, konyakları və yedikləri quzu kabablarını, ağızlarının suyunu axıda-axıda yada salacaqlar. Amma baş yoxdur fikirləşsinlər ki, Qarabağda daha eşşək əvəzinə erməni dağlayırlar.

***

Hər dəfə Bakiya yağan yağışların şəhərin küçələrini sel-sularına qərq etməsi  həmişə ciddi suallar doğurur. Ona görə də buna cavabdeh olan məmurları tənqid edən bir qəzetdə yazıya belə bir başlıq qoyulub: “Günahlarını heç yağış da yumaz”.

P.S. O cavabdeh məmurların günahlarını yağış yumasa da, pullar mütləq yuyacaq. O sulara qərq olan küçələrə görə yuyulan pullar, həm o məmurların günahlarını yuyur, həm də yaddan çıxmış vicdanlarını...

***

Hərbi ekspert Üzeyir Cəfərov bir qəzetə verdiyi açıqlamada Ermənistanı dirçəltmək istəyən qüvvələrdən danışarkən belə deyib: “Həmin qüvvələrin içində İran və Rusiyanın adını xüsusi çəkə bilərik”.

P.S. Ay Üzeyir bəy, day İranla Rusiya heç dəə... Onların hər ikisi erməni ilə qan qardaşıdırlar axı...

***

Küçəyə atılan uşaqlardan danışan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bir qəzetə verdiyi açıqlamada belə deyib: “Sığınacaqda 30 uşaq varsa, onların 70 faizi qızlardır”.

P.S. O qız uşaqlarını atan valideynləri müəyyən qədər başa düşmək olar. Yazıqlar neyləsinlər? Baxıb, görürlər ki, indiki böyüyən qızların çoxsu şou biznesə can atır. Onlar da gələcəkdə abırsız, həyasız şou əhli olub, papaqlarını yerə soxmaqlarını görməkdənsə, indidən qızlarını atırlar ki, sonrakı biabırçılıqdan canlarını qurtarsınlar.

***

Xəbər verilir ki, üçü birində, bəstəkar, müğənni, şairə və hər üçündən də ala-yarımçıq olan Elza Seyidcahanı döyən iş adamı “ELİT SRS GROUP” MMC-nin direktoru Rüstəm Kərimzadə bir aylıq həbs olunub.

P.S. Deməli, bu, Rüstəm Kərimzadə Elzanı döyübmüş. Nəhayət, Elzanı adam kimi başa salan biri tapıldı. Bir də ki, Məşədi İbad demiş, “eybi yoxdur, arvad kişidən nə qədər çox kötək yesə, bir o qədər yaxşı olar”. İndi mən ölü, siz diri, Elza Seyidcahan daha gic-gici şeirlər yazmayacaq, əndrəbadi saç düzümləri qayırmayacaq, əyninə dəmir-dümürdən yox, normal paltar geyinəcək, daha heyvanlara konsert verməyəcək, efirlərdə ağlına və ağzına gələni danışmayacaq. Amma Rüstəm bəyin belə bir xəstəni kötəkləməsini nədənsə, başa düşə bilmədim. Elzanı döymək yox, (çünki Elzanı onsuz da Allah döyüb ki, belə gülünc vəziyyətə salıb - E.), Maştağadakı ruhi xəstəxanaya aparmaq lazımdır. Axı Elza Seyidcahan ruh adamıdır, həmişə də ruhlarla əlləşir.

***

Müğənni sayılan gənc Türkan Vəlizadənin son vaxtlar çəkdirdiyi açıq-saçıq şəkilləri izləyiciləri tərəfindən bərk tənqid olunub.

P.S. Türkanı açıq-saçıq şəkillərə görə tənqid edənlər burnundan uzağı görə bilməyənlərdir. Rəhmətliyin uşağı, səhnədə soyunmağın əsasını qoyan Aygün Kazımovanı, bu soyunmağı şərəflə davam etdirən Rəqsanəni, Röyanı, Afaq Aslanı, Pərvin Abıyevanı və s. belə lütlənənləri, gələcəkdə kimsə əvəz etməlidir, ya yox? Şou əhli olan xanım soyunub əzalarını sevimli tamaşaçılarına göstərməsə, onun həm bir qəpiklik qiyməti olmaz, həm də gündəmdə qala bilməz axı... Əksinə, bir az da tərif deyin ki, əvvəlkindən da artıq soyunaraq, izləyicilərini  feyziyab etsin...   

***

Müğənni sayılan Şəbnəm Tovuzlu fəxri ad almaq arzusunda olduğunu bildirərkən, bir qəzetə belə deyib: “Hər janrda ifalarımız olub. Əsas odur ki, müğənni müxtəlif tərzdə mahnıların öhdəsindən gələ bilsin. İnşallah, o ad bizə də nəsib olar”.

P.S. Şəbnəm xanım, nə oldu, “sponsorum” dediyin Həcinin pulu qurtarıb, yoxsa daha yaşlaşıb, etibarı itirmisən? Hələ formadasan axı... Bəlkə də ağır iqtisadi dövr və pandemiya Həcini əsl Hacı Qaraya döndərib və daha sənə pul xərcləmək istəmir. Ay Şəbnəm, bəs bilmirsən ki, belə adlar pulla həll olunur? Ad alanların 90 faizinin sənin kimi səsi, sənəti yoxdur. Ona görə də sən kimin qızından əskiksən? Sən atdığın hansısa, yanlış addıma görə Həcidən üzr istə və ondan bərk yapış. Onda “fəxri ad”ın da olacaq, başqa adlar və şeylər də.

***

Aktrisa sayılan, amma ağlamaqdan başqa rolu olmayan Məleykə Əsədova, teatrların açılmasından danışarkən, birsayta belə deyib:”31 ildir səhnədəyəm və karyeramda ilk dəfə idi ki, il yarım səhnədən uzaq qaldım”.

P.S.Məleykə xanım, heç narahat olub, eləmə. Sənin səhnədən bu il yarım ayrılığından qazanan bizlər olduq. Bu səbəbdən sənin səhnədən ayrı olmağın bir neçə il də uzansaydı əla olardı. Nöşün ki, sənin kimisini görüb əsəbiləşməkdənsə, elə görməmək daha məsləhətdir. O “Bəyin oğurlanması” filmində deyilən kimi, “elə səni görməsələr yaxşıdır”.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.