booked.netbooked.net booked.net  

Məlumatlara görə, müğənni Aygün Kazımova “İnstaqram” hesabında yeni fotolarını paylaşıb ki, bu da izləyicilərin marağına səbəb olub.

P.S. Ətiniz tökülsün elə. Müğənni Aygün Kazımovanın yeni fotosu marağa səbəb olmayıb e... Səhnədə soyunmağın xaç anası olan 50 yaşlı Aygün Kazımovanın, ilk dəfə əynində normal paltar olması marağa səbəb olub...

***

“Səs Azərbaycan” musiqi yarışmasında 24 yaşlı Nicat Tağıyevin “Xarı Bülbül” mahnısını yüksək səviyyədə ifa etməsinə heyran qalan münsiflər heyətinin üzvü Tünzalə Ağayevanın “nə gözəl mahnı seçmisən, hardan belə bu “Xarı Bülbül” eşqi?”- sualına gənc Nicat cavab verib ki, II Qarabağ müharibəsinin iştirakçısıdır, Talış və Suqovuşan istiqamətində döyüşüb. Bu sözü eşidən bütün zalda olanlar və münsüflər ayağa qalxaraq Nicatı alqışlayıblar. Amma münsüflərdən yalnız Brilyant Dadaşova ayağa qalxmayıb və hətta mahnıda bəzi sözlərin deyilməsinə irad da bildirib.

P.S. Tünzalə Ağayeva və digər münsüflər ayağa qalxaraq Qarabağ döyüşçüsünü qucaqlayıb, bağırlarına basdıqları halda Briliyant xanımın yerindən qalxmadan, əl uzadıb döyüşçü ilə görüşməsi xeyli suallar yaradır: 1. Bəlkə Briliyant xanımın ayaqları şikəst olub, xəbərimiz yoxdur? 2. Ola bilər müğənni hansısa sağalmaz xəstəlikdən əziyyət çəkir? 3. Ya da ola bilər, gənc ifaçı Nicat Qarabağ döyüşlərində Briliyant xanımın qohumlarını öldürüb? 4. Belə də ola bilər, bəlkə Briliyant xanımın 44 günlük II Qarabağ savaşından ümumiyyətlə, xəbəri yoxdur. Hər nədirsə, o məşhur lətifədə deyilən kimi, mərhumə burada... uşaqlıq edib...

***

Tarif Şurasının işığın və qazın qiymətinin artırılması barədə verdiyi açıqlamada belə bir abzas var: “İclasda tarif artımı variantları nəzərdən keçirilərkən, aztəminatlı əhali təbəqəsi üçün  kommunal tariflərin dəyişdirilməsinin onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırlmasının önəmi vurğulanmışdır”.

P.S. Ayə, vallah, öldüm gülməkdən, məzəniz olsun sizin. Adam da azətəminatlı əhali ilə belə məzələnərmi? Deyirsiniz ki, aztəminatlı əhalinin gəlirləri artırılır, sizlər də buna uyğun olaraq işığın, qazın qiymətini qaldırırsınız. Birincisi, lap tutaq ki, aztəminatlı əhalinin gəliri artıb (hardan artıb, bilinmir), onda basıb o pulu onun əlindən almalısınız? Yetimə qoğal haramdır? İkincisi isə, əgər aztəminatlı əhalinin Tarif Şurasının dediyi kimi, gəlirləri artıbsa, bəs niyə onlara imkanlı, varlı əhali yox, elə aztəminatlı deyilir? Tarif Şurası bu məntiqsizliyi izah edə bilərmi? Bu qiymət artımına səs verib, kasıbı bir az da kasıblaşdıran Tarif Şurası üzvlərinin, görüm elə “tras”da 100-120 ilə gedən yerdə maşınının “tormozu atkaz” eləsin, benzin nasosu xarab olsun, təkərlərinin dördü də birdən partlasın... və axırda gəlib o aztəminatlı əhalinin cərgəsinə qoşulsunlar. Onda bilərlər o yazıqlar nələr çəkirlər...

***

Milli Məclisin ötən həftə keçirilən iclasında bəzi deputatlar 1991-ci il oktyabrın 18-də müstəqillik aktına səs vermiş istiqlalçı deputatların mükafatlandırılmasını və 18 oktyabrın bayram kimi qeyri-iş günü olmasını təklif ediblər. Siyavuş Novruzov isə müstəqilliyə səs verən deputatlara xüsusi imtiyazlar verilməsini doğru saymayıb.

P.S. Niyə Siyavuş müəllim? Məhz müstəqilliyə səs verən o deputatların sayəsində qurulmuş müstəqil dövlətin parlamentində deputat kimi oturmusan axı. Adam da gəmidə oturub, gəmiçi ilə dava edər? Siyavuş müəllim, nəzərə al ki, müstəqilliyə səs vermiş 43 deputatdan biri də Ulu Öndər Heydər Əliyev olub. İndi sən Heydər Əliyevə xüsusi imtiyaz verilməsini istəmirsən?

***

Moskvada keçirilən V.Putin və N.Paşinyan görüşündən hərə bir nəticə çıxarır, siyasi ekspertlər müxtəlif rəylər bildirirlər.

P.S. Ay başınıza dönüm, özünüzü niyə dağa-daşa salırsınız axı? V.Putin və N.Paşinyan görüşünün bir nəticəsi var. V.Putin görür ki, son vaxtlar Ermənistan ayağısürüşkənlik edib Qərbdən özünə ər axtarır, V.Putin də N.Paşinyanı “stanoka”, yəni dəzgaha dəvət edib dedi ki, ağlını başına yığ, İran mollasından, damarında erməni qanı axan Fransa prezidenti Emanuel Makrondan və digər Qərb liderlərindən Ermənistana ər olan deyil və sizin qanuni, nikahlı, sübutlu-tarixi əriniz Rusiyadır. Yəni, mənim təsirim altından çıxa bilməzsiniz. Burada başqa nəsə axtarmağa ehtiyac yoxdur. “Razvod” dalınca gedən Paşinyan da əli ətəyindən uzun geri qayıdıb.

***

ARB TV-nin “Səhər-səhər” verlişində qonaq olan elit star sayılan müğənni Cəmilə maraqlı və qəribə açıqlamalar verib: “İlk dəfə Merlin Monronu mən canlandırmışam. İlk dəfə, 2001-ci ildə yubkanı qaldırmağı və saç düzümünü mən etmişəm. Həqiqətən bədən ölçülərim 60-90-60-dır. Uzaqbaşı indi 62-63 ola bilər”.

P.S. Səhnədə ilk dəfə yubka qaldırmaq sizə asan gəlməsin haaa.... Axı Cəmilə xanım yubka qaldırmaqla ailə üzvlərini... çıxılmaz vəziyyətdə qoya bilərdi. Bu, sənət yolunda böyük risk idi. Amma yubkanı qaldırmasaydı, bədən ölçüsünün 60-90-60 olduğu da görünməzdi axı. Şou əhli xanımın da bədən ölçüsü 60-90-60 olmasa, ona heç bir sponsor yaxın durmaz və sənəti də inkişaf edə bilməz. Bu, bir aksiomadır. Onu da nəzərə alsaq ki, hazırda 64 yaşı olan Cəmilə Bayramova yubka qaldırmaq riskini bir az gec, 2001-ci ildə, yəni 44 yaşında edib, onda sənət yolunda hansı qəhrəmanlıqlar göstərdiyi aydın olar. Elit star Cəmilə nənəyə halal olsun, mən ölüm.

***

Ermənistanı Azərbaycan ərazilərini 30 il işğalda saxladığı dövrdə yemləyən, silah-sursatla təmin edib dəstəkləyən İran son vaxtlar bizə qarşı açıq düşmənçilik siyasəti yürütməyə başlayıb. Bəhanəsi də budur ki, Azərbaycan niyə İsraillə dostluq edir, İsraildən niyə silah alır və s.

P.S. Bəs neyləməliyik? İsrailin müasir silahlarından imtina edib, molla rejimi İrandan yalnız bir istiqamətə tuşlayıb “atan” aftafa almalı idik? Bu, bir. İkincisi isə, 10 illik İran-İraq müharibəsində molla rejimi İran İsraildən silah-sursat alanda yaxşı idi, indi biz alanda pis? Görüm elə, sizin aftafanız deşilsin...

***

PUA-lardan sonra kişi alt paltarına da “İti qovan” sözlərinin yazılmasına münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata belə deyib: “Bu ad nə qədər çox yaşasa, o qədər yaxşıdır, amma alt deyil, üst paltarlarında “İti qovan” məna kəsb edən ifadədir”.

P.S. Eyyub müəllim, ağdamlılar demiş, “Qağa, sən düz deyirsən e, amma elə döyül”. Ona görə ki, biz PUA-lara “İti qovan” yazmaqla erməni əsgər və kişilərini qorxuya salırıq. Kişi alt paltarında “İti qovan” sözünü yazmaqla erməni qadınlarını da qorxuzub, həyəcanlandırmaq lazımdır, ya yox?

***

Müğənni Nadir Qafarzadə fəxri ad ala bilmədiyinə görə yaman qəzəblənib və belə fikirlər səsləndirib: “Azərbaycan vətəndaşı olduğum üçün utanıram. Haqsızlıq var. İllərin sənətkarıyam. Hər yerdə təmənnasız konsertlərim olub. Haqqımı tələb edirəm. Düşünürəm ki, mənim səsimi lazımı orqanlar eşidəcək”.

P.S. Ay qəzəbli və qəzəbli olduğu qədər də gülünc sözlər danışan Nadir Qafarzadə, elə biz də sənin kimi düşük, istedadsız... biri ilə eyni ölkənin vətəndaşı olduğumuz üçün utanırıq, xəcalət çəkirik. Bu, bir. İkincisi, sən Nadir ömründə təmənnasız bir qəpiklik də iş görmərsən. Üçüncüsü, illərlə səhnədə olsan da, sənətkar ola bilməmisən. Dördüncüsü isə, düz deyirsən, lazımı orqanlar sənin səsini eşidərlər. Bu orqanlar 26 fevral Xocalı faciəsi günündə İsraildə konsert verməyini də, saat 4-də ananı dəfn edib, saat 6-da şadlıq evində mahnı oxumağını da, professorun soyuducusunun boş, səninkinin isə dolu olmasını deməyinin də, içkili vəziyyətdə, camaatın gözü qarşısında “qızım” dediyin müğənni Ayan Babakişiyevanın boyun-boğazını öpüşlərə qərq etməyinin də səsini yaxşı eşidirlər.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN